Şuşa - dünən və bu gün


Şuşa - dünən və bu gün 

Gülnar Muxtarzadə

ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi


8 avqust 1930-cu ildə inzibati rayon statusu alan Şuşa təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri olmuşdur. Şuşa 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir tərəfindən müdafiə məqsədilə tikilmiş qala-şəhərdir. Bu şəhərin strateji baxımdan əlverişli mövqedə yerləşməsi onu düşmən üçün sərt etmiş, şəhərin inkişafına və milli-mədəni abidələrin tikilməsinə zəmin yaratmışdır.

Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilib.Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilib.Daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış "Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilib.Təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək, tariximizi saxtalaşdırmağa çalışırdılar. Məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir.

Şuşada iki Cümə məscidindən biri olan Aşağı Gövhər ağa məscidi şəhərin 1855-ci ilə aid baş planında qeyd olunmuşdur. Məsciddə ilk yenidənqurma–təmir işləri 1874-1875-ci illərdə aparılmışdır. Yeni formatda məscidin inşası memar Kərbəlayı Şəfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi vəsaiti əsasında həyata keçirildiyinə görə tikiliyə onun adı verilmişdir.İkiyaruslu məscidin şimal fasadında üçtağlı eyvan yerləşir. Onun orta tağı yarımdairəvi yan tağlarından fərqli olaraq oxvarıdır ki, bu da tikiliyə xüsusi gözəllik verir. Yan tağlar üzərində əsas fasad boyunca yüksələn həmin tağ məscidin ön girişinə işarədir.

8 may 1992-ci ildə erməni birləşmələri tərəfindən işğal olunan Şuşa şəhəri 8 noyabr 2020-ci ildə möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad olundu. Bundan sonra oradakı tarixi-memarlıq abidələrimiz də erməni əsarətindən xilas oldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa olunan digər tarixi-mədəni, dini abidələrimiz kimi, həm Gövhər ağa məscidi, həm də aşağı Gövhər ağa məscidi bərpa olundu.

Əzəli və əbədi torpağımız olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Şuşa şəhərinin keçən əsrin 70-ci illərində sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin inkişafına dair vacib qərarlar məxsusi olaraq Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri genişlənmiş, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi yönündə mühüm addımlar atılmışdır.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev təsadüfi deyil ki, 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ili "Şuşa ili” elan etmişdir.

Bu gün artıq doğma Şuşamızda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Şuşa şəhərinin baş planı əsasında böyük işlər həyata keçirilir. Ölkə başçımız İlham Əliyev çıxışlarının birində söylədiyi kimi "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır".

Məlum olduğu kimi, Şuşanın təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur və bu günlərdə ölkəmizdə Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edilir. "İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür", - deyən Prezident bildirib ki, hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik: "Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik".

Mən də Azərbaycan müəllimi olaraq xalqımızı tarixi qələbə, Zəfər Günü münasibəti ilə təbrik edirəm. Bu tarixi zəfər Azərbaycan ordusunun, müzəffər Ali Baş Komandanın, bütün Azərbaycan xalqının qələbəsidir. Bu qələbə bir daha təsdiq etdi ki, ölkə başçımızın dediyi kimi, Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək! Bir daha tarixi zəfərin, qələbən mübarək, Azərbaycan!


 

 

 

 

 




[email protected]