8 noyabr tarixi tarixin yaddaşına əbədi həkk olan Böyük Qələbəmizin şərəf və qürur günüdür

27 sentyabr 2020-ci il-xalqımızın rəşadət günü, tarix boyu torpaqlarımıza göz dikən,fürsət düşdükcə havadarlarından dəstək alıb torpaqlarımıza qəsd edən mənfur varlıqlara qarşı çıxdığımız,səbr kasamızın daşdığı gündür. Bu gün Azərbaycan tarixində dönüş günüdür.Azərbaycan Silahlı Qüvvələrinin "Dəmir Yumruq” altında düşmənlərimizin başını əzdiyi gündür.
8 noyabr tarixi isə tarixin yaddaşına əbədi həkk olan Böyük Qələbəmizin şərəf və qürur günüdür.
Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Ali Baş Komandan Ermənistana xəbərdarlıq göndərmişdir - "Özünü növbəti dəfə biyabır edən Ermənistan siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”. Amma düşmən yenə dinc durmadı,2020-ci il 12 iyulda Tovuz rayonu istiqamətində hücuma keçdi.Hücumun qarşısını alarkən Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev kimi igidlərimiz qəhrəmancasına şəhid oldu. Artıq müharibə qaçılmaz oldu,düşmən bizə başqa yol qoymamışdı.Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. 
Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!” cümləsi 44 günlük Vətən müharibəsinin devizinə çevrilmişdir. Rəşadətli ordumuz hər qarış torpağımızı düşmən tapdağından təmizləyərkən qələbəni məhz bu cümlə ilə tamamladı.Bu müharibə dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. "Dəmir Yumruq” adını alan İkinci Qarabağ müharibəsi 200 ildən çox bir müddət ərzində yığılıb qalan ağrı-acılarımıza son qoydu. Zaman-zaman bağrımızdan qoparılan Göyçə,Zəngəzur,İrəvan azmış kimi ruhumuzun qidası-Qarabağımızı bizdən qoparmaq istəyən mənfur qüvvələrə cavab vermə zamanı gəldi. Azərbaycan öz gücünü göstərdi. Yurdumuza uzanan düşmən əllərini kəsdi.
Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı.Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz rol oynadı.
Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər ğördü. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin vacibliyini çatdırırdı.Müharibənin davam etdiyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.
Uğurlu hərbi əməliyyatlar sonunda çatdırılan qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatlar ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu,rəşadətli ordumuza inamını gücləndirirdi.
Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrilirdi. Ali Baş Komandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini  Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi vurğuladı: "Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Cənab Prezidentimiz:"Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”-deyirdi.
Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki Qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik etdi: "Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, ermənilər o istehkamlara böyük vəsait xərcləyiblər. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmədilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmədilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur”. Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu.Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərinin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının "məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.Bu il artiq mühariharibənin başlamasından iki il ötür. Hələ də Azərbaycan şəhid verir. Hələ də vətəni canlarından əziz tutan oğullar özlərini torpaq uğrunda fəda edirlər. Azərbaycanın şanlı qələbəsini öz qanlari ilə yazan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza sağlıq diləyir və hər birinin qarşısında baş əyirik. Şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Əminəm ki, cənab Prezidentimiz  İlham  Əliyevin başçılığı ilə "Dəmir yumruq” kimi birləşən bu xalq bir də heç vaxt bir qarış torpağını kimsəyə verməyəcək. 
2020-ci il 27 sentyabr- Azərbaycanın şanlı tarixi! Vətənimin, millətimin qürur günü! Bu tarixdən başlayan 44 əzəmətli gün! Milli mənliyimi, kimliyimi, gücümüzü-qüdrətimizi günyaya tanıdan, Vətənimə uzanan çirkin əllərin qirildığı gün. Əsrarəngiz Şuşaya, Kəlbəcərə,Laçına -bir sözlə-QARABAĞa qovuşduran gün! BİZİM ŞƏRƏFLİ TARİXİMİZ! Qələbə Azərbaycana çox yaraşır!
 8 noyabr tarixi tarixin yaddaşına əbədi həkk olan Böyük Qələbəmizin şərəf və qürur günüdür
KƏRƏM CAHANGİR OĞLU MƏMMƏDOV
BDU-nun "Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti,
siyasi elmlər namizədi, "Heydər Əliyev-98”, "Şuşa-270” media medalı mükafatları laureatı 




[email protected]