Yaponiya gələn ildən G7 sədri olaraq aparılacaq danışıqlara başçılıq edəcək

Yaponiya gələn ildən başlayaraq G7 sədri olaraq Ukraynada vəziyyət və Hind-Sakit okean regionu üzrə aparılacaq danışıqlara başçılıq edəcək.

 Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu fikri nazir Yoşimasa Hayaşi G7 ölkələrinin xarici işlər nazirlərinin sammiti çərçivəsində Almaniyada keçirdiyi görüşlərdən sonra jurnalistlərə bildirib.

Yaponiyalı nazirin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə Tayvan ətrafında vəziyyətlə əlaqədar müzakirələr apardığı da qeyd olunur. Həmin görüşdə tərəflərin Şimali Koreyanın təxribatçı hərəkətlərini, o cümlədən son raket buraxılışlarını müzakirə etdiyi də bildirilir. Şimali Koreyanın təxribatlarını tənqid edən nazirlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq, bu ölkənin nüvə silahlarının tam ləğvi istiqamətində birgə fəaliyyəti davam etdirəcəyi də vurğulanır.

Almaniyaya səfəri çərçivəsində Yaponiyanın xarici işlər naziri G7 ölkələri ilə Afrika ölkələrinin görüşünə qatılıb. Rusiyanın Ukraynaya hücumunun Afrikanın ərzaq və enerji təhlükəsizliyinə ciddi təsiri nəzərə alınaraq, həmin görüşdə iştirakçılar Afrikanın dayanıqlı inkişafına dəstək verəcəklər.

Y.Hayaşi, həmçinin jurnalistlərə bildirib ki, beynəlxalq ictimaiyyətin müxtəlif problemlərlə qarşılaşdığı indiki şəraitdə qanunun aliliyinə əsaslanan beynəlxalq qaydaların qorunması xüsusi əhəmiyyətə malikdir. Nazir vurğulayıb ki, birtərəfli qaydada status-kvonun güc yolu ilə dəyişdirilməsinə göstərilən istənilən cəhd yolverilməzdir.




[email protected]