8 noyabr - Şanlı zəfər tariximiz

30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. Qeyd etmək lazımdır ki, bu tarixi zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisə oldu. Bu döyüşdə də yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı.

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi xalqımıza böyük sevinc yaşatdı. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Həmin dövrdə dövlət başçısı bir sıra çıxışlarında, müsahibələrində də xüsusi vurğulayırdı ki, Ermənistan müharibəyə hazırlaşır. Lakin hər zamankı ikili standartlar nəticəsində bizim bütün xəbərdarlıqlarımıza baxmayaraq beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq olunmurdu.

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı "yenilməzlik” mifologiyasını darmadağın etdi. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Qazanılan mütərrəqi zəfərlə: - ərazi bütövlüyümüz təmin edildi; - ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu; - milli birliyimiz daha da möhkəmləndi; - BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu; - yalançı erməni uydurmaları ifşa olundu; - Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı.

Bu gün Qarabağ böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub. İşğalçı qüvvələr Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın ediblər. Azərbaycanlılara məxsus yaşayış evlərinin, inzibati binaların və digər tikililərin inşasında istifadə olunan materiallar sökülərək Azərbaycanın işğal səbəbindən nəzarət edə bilmədiyi sərhədlərdən İrana, Ermənistana daşınıb. İşğal dövründə 67 məsciddən 65-i dağıdılmış, digərlərində isə donuz, inək saxlanılmışdı. Bu, əslində, bəzi qüvvələrin İslam dünyasına yüksək səslə bağırdıqları "həmrəyliyin” saxta pafos və ritorikadan başqa bir şey olmadığını göstərir. 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızın yeraltıç yerüstü sərvətləri talan edilib, meşələr kəsilərək satılıb, təbii resurslar qarət olunub. Avropa şirkətinin fəaliyyəti nəticəsində Oxçuçay çirkləndirilib və ekoloji fəlakət mühiti yaranıb. Bu baxımdan, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də bütövlükdə bölgə üçün təhlükəyə çevrilə biləcək ekoloji fəlakətin qarşısının alınması deməkdir.

8 noyabr - Şanlı zəfər tariximiz

YEGANƏ BAXŞƏLİYEVA

Bakı şəhəri, 29 nömrəli tam orta məktəbin

riyaziyyat müəllimi, "Qızıl qələm",

"Zəfər" media mükafatı laureatı


 




[email protected]