***
Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.
44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində də bir daha statusla bağlı iddialara sərt şəkildə cavabını verdi: "Azərbaycanda "Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır". Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin arasında əldə edilən məlum razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyırdı, eyni zamanda, bəyanatla Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilirdi. Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən Kəlbəcər, Ağdam və Laçın rayonlarını işğalçılardan təmizləməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirdi. Böyük siyasi, diplomatik, hərbi səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır məğlubiyyətinin ifadəsi idi.
Qazanılan mütərrəqi zəfərlə: - ərazi bütövlüyümüz təmin edildi; - ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu; - milli birliyimiz daha da möhkəmləndi; - BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu; - yalançı erməni uydurmaları ifşa olundu; - Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı.
Bu gün Qarabağ böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub. İşğalçı qüvvələr Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın ediblər. Azərbaycanlılara məxsus yaşayış evlərinin, inzibati binaların və digər tikililərin inşasında istifadə olunan materiallar sökülərək Azərbaycanın işğal səbəbindən nəzarət edə bilmədiyi sərhədlərdən İrana, Ermənistana daşınıb. İşğal dövründə 67 məsciddən 65-i dağıdılmış, digərlərində isə donuz, inək saxlanılmışdı. Bu, əslində, bəzi qüvvələrin İslam dünyasına yüksək səslə bağırdıqları "həmrəyliyin” saxta pafos və ritorikadan başqa bir şey olmadığını göstərir. 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızın yeraltıç yerüstü sərvətləri talan edilib, meşələr kəsilərək satılıb, təbii resurslar qarət olunub. Avropa şirkətinin fəaliyyəti nəticəsində Oxçuçay çirkləndirilib və ekoloji fəlakət mühiti yaranıb. Bu baxımdan, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də bütövlükdə bölgə üçün təhlükəyə çevrilə biləcək ekoloji fəlakətin qarşısının alınması deməkdir.
2021-ci il 12 aprel tarixində Bakı şəhərində möhtəşəm zəfərimizin təntənəsi olan Hərbi Qənimətlər Parkının açılışı oldu. Hərbi Qənimətlər Parkında müharibə zamanı düşməndən götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Buradakı eksponatlar arasında işğaldan azad olunmuş ərazilərdə ermənilərdən qənimət kimi götürülmüş 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və Azərbaycan ərazisinə atılmış "İsgəndər-M” raketinin qalıqları vardır. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar və Vətən müharibəsinin gedişatı barədə məlumatlar qazanılan Zəfərin nə qədər çətin və şərəfli olduğunu göstərir. Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən Hərbi Qənimətlər Parkı müzəffər Ordumuzun gücünün, Azərbaycan xalqının iradəsinin, birliyinin təcəssümüdür. Bu park müharibənin miqyasını və qələbəmizin möhtəşəmliyini göstərir. Parkın açılışı 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra düşmənə və onun havadarlarına verilən növbəti dərs oldu. Park, həmçinin revanşist arzularla yaşayan qüvvələr üçün növbəti "Dəmir yumruq” xəbərdarlığıdır.
"Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: "Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Qarabağ Azərbaycandır!