Xalqın haqq deyən səsi: Əhməd Cavad

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 aprel 2022

2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Cavad Məhəmmədəli oğlu Axundzadənin (Əhməd Cavad) anadan olmasının 130 illiyi tamam olur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2022-ci il

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə, alovlu şəkildə tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin mərkəzində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

Milli istiqlal şairi kimi tanınan Əhməd Cavad Azərbaycan Demokratik Respublikasının yaradıcılıarından biri olmuşdur.

Əhməd Cavadın siyasi ideyalar dünyası lirikası qədər zəngin və oxunaqlıdır.ŞAİR (böyük hərflə yazıla bilən) Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsində fəaliyyət göstərmiş, yeni tipli romantik şeirin və xalq poeziyasının gözəl nümunələrini yaratmışdır. Əhməd Cavad yaradıcılığa başladığı gündən türk dünyasının milli şairi kimi sevilmişdir. Şairin "Çırpınırdı Qara dəniz!” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi 75 ildən çoxdur ki, Türkiyənin önəmli marşlarından biri kimi hər zaman ifa olunmaqdadır. Bu şeiri və musiqini Atatürk də çox sevmiş və bəyənmişdir.

Azərbaycanda Cümhuriyyətin qurulmasına ürəkdən sevinən Əhməd Cavad ictimai, bədii yaradıcılığı ilə xalqın azadlığı üçün əlindən gələni əsirgəməmişdir. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakını azad edəndə Əhməd Cavad türk mehmetciklərilə birgə səngərlərdə düşmənlə vuruşmuşdur. Şairin bu döyüş meydanında ikən yazdığı «Bismillah» şeiri onun milli-siyasi əhval-ruhiyyəli əsərlə- rindəndir:

Ey hərbin taleyi, bizə yol ver, yol.

Sən ey coşan dəniz, gəl türkə ram ol,

Sən ey sağa, sola qılınc vuran qol,

Qollarına qüvvət gəlir, Bismillah.

 

Qafqaz İslam ordusuna böyük ümid bəsləyən şair həm özü ordunun fəaliyyətindən vəcdə gəlmiş, həm də ürəkdən gələn əsərləri ilə ordunu yeni-yeni uğurlara, mübariz olmağa, qəhrəmanlığa səsləmişdir

Qarşıdakı duman çıxan bacadan,

Sən gəlmədən iniltilər çıxardı!

Geciksəydin, məzlumların fəryadı,

Yeri, göyü, kainatı yıxardı!

Əhməd Cavad ölkədə gedən geniş dövlət quruculuğunun iştirakçısı olmuş, N.Yusifbəyli maarif naziri olarkən mədəni-maarif quruculuğu işlərində ona yaxından kömək etmişdir. Şair Bakı Darülfünunun (Bakı Universiteti) təşkilində fəal iştirak etmiş, hətta Ali təhsil müəssisələrində dərslik kimi istifadə edilən "Türk dilinin sərfi -nəhvi” (1919) kitabını yazmışdır.

Əhməd Cavad həm də "Müsavat” firqəsinin üzvü olmuşdur, firqənin II Qurultayında (1919, dekabr) M.Ə.Rəsulzadənin aqrar məsələ ilə əlaqədar son dərəcə tənqidə və mübahisəyə səbəb olan məruzəsindən sonra Əhməd Cavad geniş nitq söyləmiş, bəylər və kəndlilər arasındakı münaqişələrin həllində kəndlilərin xeyrinə qərar çıxarılmasını təklif etmişdir. AXC yarandığı gündən onun süqutuna qədər Ə.Cavad onun fəaliyyətində olduqca yüksək fəallıq göstərmiş, bu illərdə yazdığı "Azərbaycan, Azərbaycan!”və "Canım, gözüm, gözüm, canım Azərbaycanım” və digər şeirlərini yazmışdır. Bu şeirlərdə vətənpərvər şairin ürək çırpıntılarını duymamaq mümkün deyil. Həmin şeirlər sırasında Azərbaycanın üçrəngli bayrağına həsr etdiyi şeirlər xüsusi yer tutur.

Türküstan elləri öpüb alnını,

Söyləyir dərdinisana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərməğan yolla sən yara, bayrağım!

Verilmiş bənddə bayrağı ən müqəddəs səcdəgah hesab edən şair xalqın dərdlərini demək üçün, dua etmək üçün bayrağı öpməyi, bayrağa əl açmağı daha uyğun görmüşdür.

AXC-nin süqutundan sonra böyük şair yenə öz azadlıq, istiqlal şeirlərinə sadiq qalmış, bir qədər simvollardan istifadə edərək, azadlıq ideyalarını ifadə etmişdir.

Çoxdan ayrı düşdüm,

Üçboyalı bayraqdan.

Mən çoxdan yorulmuşam,

Həp gizli ağlamaqdan…

 

Bundan başqa şair 1924-cü ildə həbsxanada "Ay ellər” şeirini yazmış və ölkənin salındığı vəziyyətə görə narahatlığını bildirmişdir. Qeyd edək ki, Əhməd Cavad digər bir istiqlal şairi M.Məmmədzadənin həbsxanadan qaçırılmasında günahlandırılmış və həbs edilmişdir.

Hanı yaz mövsümü gülüm, çiçəyim?

Tez düşdü yurduma xəzan, ay ellər.

Mən yaza bilmədim, əllərim bağlı,

Yoxmu bu dərdimi yazan, ay ellər?

Məhz belə fəaliyyətinə görə Əhməd Cavad repressiya qurbanlarından birinə çevrildi. Şair bəzən küskünlüyünü susmaqla bildirmiş, 1920-25-ci illər ərzində çox az şeir səsləndirmişdir. Bu halda da şairi tənqid etmişlər ki, yeni qurulmuş hökuməti bəyənmir, sandıq ədəbiyyatı yaradır.

Doğma Gəncənin gözəllik incisi olan Göy gölə həsr etdiyi şeirə belə, siyasi don geyindirərək tənqid etmişdilər. 1925-ci ildə yazdığı "Göy göl” şeirində işlənmiş "ay, ulduz, yaşıl və s.” sözləri siyasi formada mənalandıranlar onun adını sovet rejiminin qara – ölüm siyahısına salmış, öldürülməsinə əsas yaratmışdılar.

 

Sənin gözəlliyin gəlməz ki saya,

Qoynunda yer vardır yıldıza, aya.

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göygöl.

 

Nəticədə Əhməd Cavad təkrar həbs edilmiş, Bakıda isə həmin şeiri tərcümə edərək Moskvaya göndərmişlər. Lakin xoşbəxtlikdən Moskvada şeiri təhlükəli, siyasi şeir hesab etməmişlər. Buna görə şairə "sovet quruluşunu tərənnüm edən şeirlər yaz, səni buraxaq”-deyə təklif etmişlər. Lakin şairin yazdığı "Pambıq” şeiri yenə narazılığa səbəb olmuş (Sən Muğana gələli, Biz yaylağa köçmədik… misralarına görə) bu və Türkiyədə çap edilən digər şeirləri Azərbaycanda narazı- lıqlara səbəb olmuşdur.

Ə.Cavadın 1928-ci ildə Türkiyədə "İstiqlal məcmuəsi”ndə çıxan şeirləri ciddi narazılıq törədir və ittiham edilir.

Əhməd Cavad onu ittiham edənlərə bu şəkildə cavab vermişdir: "Aprel inqilabından sonra əlaqədar olmadığım bir təşkilat tərəfindən nəşr edilən kitabdan xəbərim olmadığı kimi, hansı parçalarımın da oraya düşdüyündən xəbərim yoxdur”.

Azərbaycan yazıçılarından Əbdürrəhim bəy Haqverdiyev və xalq artisti Hüseynqulu Sarabski həmin vaxt şairi müdafiə etmək istəsələr də, hücumlardan yorulan şair Gəncəyə dönmüş, Kənd Təsərrüfatı İnstitutunda müəllim, kafedra müdiri vəzifələrində çalışmışdır. Bədii yaradıcılıqdan ayrıla bilməyən Ə.Cavad 1930-cu ildə yazdığı "Kür” şeiri ilə yenidən gündəmə gəlmiş və ittihamlar yenidən təkrarlanmışdır. Onu şeirin mətnaltı mənasında sovet hökumətini bəyənməməkdə günahlandırmış: Meydan sənin deyil, keç!»:

Dolaşıb dağı, daşı,

Qatırım ol, yük daşı.

Əyil Kürüm, əyil, keç!

Meydan sənin deyil, keç!-sözlərinə görə tənqid etmişlər. Və yaxud başqa bir şeirinə baxaq:

Borana düşdüm,

Yüz qana düşdüm!

Adını çəkdim,

Zindana düşdüm!-göründüyü kimi, şair bədii yaradıcılığında xalq şeiri ənənələrinə sadiq qalmış, anlaşıqlı, sadə bir şəkildə başına gələnləri ifadə etmişdir.

Min doqquz yüz otuz dördüncü ildə şair Yazıçılar birliyinin üzvü olmuş və Bakıda yaşamağa başlamışdır. Bir sıra rəhbər vəzifələrdə çalışsa da, tənqidlərdən yaxa qurtara bilməmişdir. Onu yazdığı hər bir əsərdə, pantürkist, panislamist fikirlər axtarır, antisovet təbliğat aparmaqda günahlandırmışlar. Nəticədə otuz yeddinci ildə "xalq düşməni” adlandırıb güllələnməsinə hökm vermişlər. Hətta əslində şairə ölüm hökmü çıxaran "məhkəmə”dən bir gün öncə döyülərək öldürüldüyünü o zaman mətbuatda yazmışdılar. Yəni, istintaq materiallarında şairin 1937-ci il oktyabrın12-də öldürüldüyü yazılsa da, əslində Əhməd Cavad oktyabrın 11-də, yəni məhkəmədən əvvəl, hökmsüz, qərarsız bir şəkildə öldürülmüşdü.

Nəticə:

İstiqlal şairi Əhməd Cavad ömrünün sonuna qədər azadlıq ideyalarına sadiq qalmış, azadlıq uğrunda daim mübarizə aparan bir xalqın haqq söyləyən səsi olmuşdur. Xalqına, dövlətinə heç vaxt xəyanət etməmiş, həyatı bahasına olsa belə, ideyalarından əl çəkməmişdir.

Xalqın haqq bağıran səsini heç bir qüvvə susdura bilməz. Əhməd Cavadın istiqlal şeirləri bu gün də azadlıq uğrunda savaşan Azərbaycan xalqının, Azərbaycan ordusunun əsgərlərinin dlindən düşmür və düşməyəcək. Xalqımız, dövlətimiz Əhməd Cavadı heç vaxt unutmayacaq.

 

 
Xalqın haqq deyən səsi: Əhməd Cavad
Həcər Hüseynova-Umani 
ADPU-nun filologiya üzrə elmlər doktoru, professor,
Prezident təqaüdçüsü, yazıçı-publisist, "Zəfər”, "Nizami Gəncəvi-880”,
"Azərbaycan xanımı” media mükafatları laureatı




[email protected]