Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq tərəfdaşıdır

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə ciddi münasibətlərə 2015-ci ildə başlayıb. 9-10 iyul 2015-ci ildə Rusiyanın Ufa şəhərində keçirilmiş təşkilatın zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən, Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Azərbaycan hazırda ŞƏT-in üzvü olmasa da, dialoq tərəfdaşı statusuna sahibdir. 
Prezident İlham Əliyevin bu günlərdə Səmərqənddə keçirilən sammitə qatılması ölkəmizlə təşkilat arasında qarşılıqlı dialoqun yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Dövlət başçısı sammitdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak etdi. Bu, Azərbaycan Prezidentinin iyunda dövlət səfərindən sonra cari ildə Özbəkistana ikinci səfəri idi. Özbəkistan Prezidentinin dövlətimizin başçısına sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini ifadə edir. Eyni zamanda Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun ifadəsidir.

 

ŞƏT sammiti Azərbaycan üçün çox əhəmiyyətli tədbir idi

 

2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Bu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın təşkilatda müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Qeyd etmək vacibdir ki, orada təmsil olunan ölkələr də Azərbaycanı öz aralarında görmək niyyətlərini açıq şəkildə bəyan edirlər. Bu ölkələrlə əməkdaşlıq çərçivəsində Azərbaycan özünün nəqliyyat-logistika imkanlarını daha da artıracaq.

 

Təşkilatın Pekindəki mənzil-qərargahında Nizami Gəncəvinin büstü ucaldılıb

 

Sammit çərçivəsində dövlət başçısı bir sıra vacib görüşlər də keçirdi. Həmin görüşlərdə də siyasi, iqtisadi və digər mühüm məsələlər müzakirə olundu. Qeyd edildi ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır. Azərbaycan həm regionda, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda böyük əhəmiyyət daşıyan ölkələrdəndir. Azərbaycana bu təşkilatda olan hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulan ikinci tarixi şəxsiyyətdir.

 

Ermənistan iştirakdan imtina etdi

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu iki il əvvəl olduğu kimi, bu ilin sentyabrında da Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verdi. Məhz bu hadisələrdən sonra çıxılmaz vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirak etməyəcəyini bəyan etdi və təbii ki, bu da gözlənilən idi. Daim Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz, qətiyyətli və sərt arqumentləri qarşısında gülünc və isterik vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan yenidən həmin vəziyyətə düşəcəyindən çəkinərək ŞƏT-in Zirvə görüşündə iştirak etməkdən boyun qaçırdı.

 

ŞƏT üzvləri ilə iqtisadi və siyasi əlaqələr güclənəcək

 

ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olub. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı dialoq tərəfdaşlarıdır. Təşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir. ŞƏT-in iki daimi orqanı fəaliyyət göstərir ki, bunlardan biri Pekində yerləşən Katiblik, digəri Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturdur. Təşkilat üzv ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq şərtləri əsasında bərabərhüquqlu iqtisadi və siyasi qarşılıqlı əlaqələrin yaradılması, inkişaf etdirilməsi baxımından da mühüm rol oynayır.  Bu mənada ölkəmizin bu sammitdə iştirak etməsi tarixi əhəmiyyət kəsb edir.  Qardaş Türkiyə həmişə bu təşkilatda tərəfdaş kimi iştirak edir. Türkiyənin dünyadakı siyasi nüfuzu və iqtisadi qüdrəti onu təşkilatın tərəfdaşına çevirib. Türkiyə ŞƏT-in bütün tədbirlərinə dəvət alır və təşkilatda söz sahibidir.
 

ŞƏT-lə əməkdaşlıq Azərbaycan üçün böyük perspektivlər açır

 

Prezident İlham Əliyev sammitdə dərinməzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolundan danışıb. Zəngəzur dəhlizinin açılması da ŞƏT üçün nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq. Təşkilatın Səmərqənddə keçirilən sammitində bu dəhlizlə bağlı Prezident İlham Əliyev qeyd edib: "Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq". 
Dövlət başçısı çıxışı zamanı Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların normallaşdırma prosesinə böyük zərbə vurduğunu da həmkarlarının diqqətinə çatdırdı. Təbii ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu.
Əməkdaşlıq etdiyimiz ölkələrin sayının çox olması bizim üçün həm siyasi, həm də iqtisadi baxımdan çox önəmlidir. Son dövrlərdə baş verən hadisələr region ölkələri ilə əməkdaşlığın çox əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Qurumla əməkdaşlıq, dövlət başçımızın sammitdə iştirakı Azərbaycana həm də haqq işini bütün dünyaya təqdim etmək üçün lazımdır.




[email protected]