Azərbaycanın Mehriban xanımı

Azərbaycanın Mehriban xanımı 
 
Mehriban Xanımın genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Onun rəhbərlik etdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olmuşdur. Belə ki bu layihə çərçivəsində yüzlərlə tam orta məktəb, ixtisaslaşdırılmış xüsusi məktəblər, onlarla uşaq bağçası tikilmiş, bəziləri əsaslı şəkildə, müasir standartlara uyğun olaraq təmir edilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir.
Belə müasir məktəblər yeni cəmiyyətimiz qarşısında yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Mehriban xanımın "Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Mehriban xanım hətta xarici dövlətlərdə belə, elmə və təhsilə diqqət və qayğı ilə yanaşır. Belə ki,
fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikilib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya əsaslı şəkildə təmir etdirilib.
Bildiyimiz kimi, fondun əsas prioritet istiqamətlərindən biri səhiyyəyə yönəldilmiş diqqətdir. Səhiyyə ocaqlarının yeni, müasir tibbi avadanlıqlarla təchizatı, dünya standartlarına cavab verən aparatların xarici ölkələrdən Azərbaycana gətirilməsi və s. məsələlər Azərbaycan səhiyyəsinin nailiyyətləridir. Müalicəsi çətin və böyük məbləğdə pul tələb edən xəstələrin fiziki sağlamlığını bərpa etmək fondun ən başlıca vəzifələrindəndir. Səhiyyə müəssisələrinin təmiri və bərpa etdirilməsi, müasir avadanlıqlarla təchizat, müxtəlif yaş həddində olan insanlar üzərində cərrahiyyə əməliyyatlarının aparılması fondun xeyriyyəçilik missiyasının bir hissəsidir.
Ümummilli Lider Heydər Əliyevin adını daşıyan, Onun ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən "Heydər Əliyev fondunun” həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı” proqramı çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də xüsusilə önəmlidir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo-Nordisk şirkəti ilə birgə layihənin icrasına başlanandan bəri, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatında əvvəllər mövcud olan problemlər aradan qaldırılmışdır.
Azərbaycanın mədəniyyətlərin və dinlərin qovuşduğu məkana çevrilməsində fondun rolu müstəsnadır. Heydər Əliyev Fondu ölkəmizdə və ondan kənarda dini abidələrin qorunması və bərpasına yardım göstərir. Fondun dəstəyi ilə paytaxtımızdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmışdır. Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması
prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilib.
Mehriban Əliyeva xalqımızın rifahı naminə yorulmaq bilmədən çalışır. Hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir”, - deyir Mehriban Əliyeva. Onun gecəli-gündüzlü bütün əmək fəaliyyəti Azərbaycanla, doğulub, boya-başa çatdığı məmələkətlə bağlıdır.

Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə daha bir məsuliyyətli vəzifəni icra etmək də əlavə olunub.
Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək etmişdir. Mehriban xanım Əliyeva daim qarşıya qoyduğu məqsədə doğru irəliləyir. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir. Əməlləri ilə nümunə olan Mehriban xanım Əliyeva ölkənin ictimai-siyasi həyatında müstəsna rol oynayan bir şəxsiyyət kimi Azərbaycanın mədəniyyətinin, musiqisinin dünyada tanınmasına çalışmışdır.
Gördüyü işlərin hesabatını verəcək olsa, Mehriban Əliyevanın vərəqləyəcəyi çox səhifələr var. Həmin səhifələrin hər biri Azərbaycanla bağlıdır.
Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər belə bir fikri təsdiqləyir ki, Mehriban Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə fəal olan nümunəvi bir insandır. O, həm gözəl ana, həm gözəl ictimai-siyasi xadim, həm də ləyaqətli bir Azərbaycan xanımıdır.
Biz-Azərbaycan qadınları hər zaman Mehriban xanımın fəaliyyətini dəstəkləyirik. Var olsun Azərbaycan qadınları! Yaşasın Azərbaycan!
 
 
Azərbaycanın Mehriban xanımı 
Çinarə Qəhrəmanova
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan dili kafedrasının dosenti,
"Nizami Gəncəvi-880”, "Azərbaycan xanımı” media mükafatları laureatı




[email protected]