Çıxışlarının birində Ulu öndər belə demişdi : "Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Yəqin ki dünyaya gəlişimlə beş-on, lap uzağı otuz-qırx nəfər sevinib, yaxud da biri digərindən muştuluq alıb. Bu gün bəlkə də bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Niyə belə qətiyyətlə deyirəm? Anamı mən cəmi Azərbaycana bənzədirəm. Ana qibləgahdır ! Mənim Azərbaycanım həm qibləgahdır, həm də Ziyarətgah. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm, bundan sonrakı günlərimi də ona qurban deyirəm".
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir.Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, uzaqgörənliyi sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdi.
Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Ulu öndər hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm təməl yaratdı.
Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. SSRİ-nin ən sərt idarəçilik sistemi ilk növbədə "sovet xalqı" adı altında onun tərkibində olan xalqları ümumiləşdirmək ideyasını həyata keçirirdi, o cümlədən dövlət dili olaraq xalqların həm də öz dillərinin olmasını məqbul hesab etmirdi. Məhz dahi Heydər Əliyev öz xalqının müqəddəs dilini dövlət dili kimi Azərbaycan Respublikasının konstitusiyasına salmağa nail oldu. Heydər Əliyev SSRİ-nin məhv olacağı tarixi həqiqəti çox-çox illər öncə görürdü və müstəqil Azərbaycanın yaranacağını və onun öz dilinə böyük ehtiyacı olacağını bildiyindən onu qorudu və özünə layiq olan səviyyədə sevdirdi.
XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. İti ağlı, dərin zəkası, uzaqgörənliyi və xalqsevərliyi ilə hamını heyrətdə qoyan ulu öndərimiz H.Əliyev milli dövlət quruculuğunda dil siyasətini ön plana çəkdi və bununla da ana dili – Azərbaycan dili ən yüksək inkişaf mərhələsinə çatdı. Onun öz sözlərindən sitat gətirmək yerinə düşər:
"Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir… İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ulu öndər ana dilinin – Azərbaycan dilinin inkişafına böyük səy göstərirdi.
Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. Nəhayət 1978-ci ilin aprel ayında Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında Heydər Əliyevin təklifi ilə "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” yazıldı. O vaxt "Vahid sovet xalqı, "vahid dil” siyasəti nəinki geniş təbliğ olunur, hətta güclü şəkildə tətbiq edilirdi. Kommunist ideologiyasının hakim olduğu bir dövrdə milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün bir növ tale məsələsi ola bilərdi. Hətta bu məsələ bir çox xalqların siyasi xadimləri üçün faciə ilə nəticələnmişdi. Bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Ulu öndər Sovet rejiminin tüğyan etdiyi bir vaxtda deyirdi ki, konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. Bütün bunların hamısı Ulu Öndərin Vətən sevgisindən irəli gəlirdi.