Zəngəzur dəhlizinin açılması Ermənistanı böhran vəziyyətindən çıxara bilər

Ermənistan tənəzzülə uğramış iqtisadiyyatını kommunikasiyaların açılması sayəsində bərpa edə bilər.

Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hazırda Ermənistanda iqtisadi böhran vəziyyəti davam edir:

"Ermənistanda iqtisadi vəziyyət müharibədən əvvəl kəskin şəkildə pisləşmişdi. Müharibə dövründə isə vəziyyətin daha da pisləşdiyi müşahidə olundu. Hətta beynəlxalq təşkilatlar tərəfindən kredit reytinqləri də aşağı salındı. Bu ondan xəbər verir ki, Ermənistan iqtisadiyyatının makroiqtisadi göstəricilərində də pisləşmə var və böhran vəziyyəti davam edir. Eyni zamanda ölkənin xarici borcunun ÜDM-dəki payı 60 faizdən çoxdur, valyuta ehtiyatları kifayət qədər kiçikdir və büdcənin fiskal imkanları məhduddur".

Millət vəkili bildirib ki, Ermənistan mövcud durumdan çıxmaq üçün region ölkələri ilə əməkdaşlıqda, həmçinin kommunikasiyaların və paralel olaraq Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır:

"Bu gün Ermənistanın qarşısında iki yol var. Birincisi, revanşist meyilləri davam etdirib, iqtisadi tənəzzülünü daha da dərinləşdirmək. Təbii ki, Azərbaycan istənilən revanşist meyillərə cavab vermək gücündədir və bu, sadəcə Ermənistanın özü üçün yeni bir təhlükə ola bilər. İkincisi kommunikasiyaların, eləcə də Zəngəzur dəhlizinin açılması ilə regionda iqtisadi əməkdaşlığın paralel şəkildə bərpa edilməsidir. Azərbaycan sülh müqaviləsi imzalamaqda və bütövlükdə regionda sülhün bərqərar edilməsində maraqlıdır. Ona görə də Ermənistan iqtisadiyyatının inkişafı eyni zamanda qonşularının ərazi bütövlüyünü tanıması və sülh şəraitində yaşamaq istəyindən asılıdr. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün iqtisadi əhəmiyyət daşıya bilər. Əgər Ermənistan müşahidə edilən iqtisadi tənəzzülün qarşısını almaq və mərhələli şəkildə bərpa etmək istəyirsə, kommunikasiyaların açılması onun üçün xüsusi bir alternativdir. Digər tərəfdən Zəngəzur dəhlizinin açılması bütövlükdə region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq. Nəzərə alsaq ki, Türkiyə tərəfindən 6-lıq platforması təklif olunub. Bu, həm 3 region ölkəsinin (Azərbaycan, Gürcüstan, Ermənistan), həm də regionla qonşu 3 ölkənin (Türkiyə, Rusiya, İran) iqtisadi maraqlarına uyğun hesab olunur".




[email protected]