İlham Əliyev Şuşanın şöhrətini qaytarır

"...Tarixi bərpa edirik...” 2021-ci il martın 15-də Ali Baş Komandan İlham Əliyev Şuşaya ikinci səfəri zamanı Molla Pənah Vaqifin vəhşi ermənilər tərəfindən dağıdılan və hazırda bərpa olunan muzey-məqbərə kompleksi önündə səsləndirmişdi bu fikirləri...

Bəli, həm də tarix təkrar olunurdu və illər əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və açılışı həyata keçirilən bu məqbərə yenidən Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bərpa olunur, əvvəlki əzəmətinə qovuşur...

 

Ulu Öndər Şuşada Vaqifin şəninə yaraşan bir məqbərə ucaltdırdı

 

Zaman 1967-ci il, məkan isə Şuşa şəhəri idi...

Klassik ədəbiyyatı dərindən bilən və yüksək qiymətləndirən böyük şəxsiyyət Heydər Əliyev Qarabağın baş tacı Şuşada olarkən görkəmli şair Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapılmamışdı.

Buna görə də Heydər Əliyevin göstərişi ilə axtarış aparılaraq Vaqifin məzarı tapılmış və Ulu Öndər dağılmış, bərbad halda olan məzarı ziyarət etmişdi. Sonradan Heydər Əliyev nitqlərinin birində bu məzarın Vaqifə layiq olmadığını vurğulamışdı. Və 1980-1981-ci illərdə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə möhtəşəm abidə, türbə ucaldılmışdı.

 Memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə inşasına başlanan və Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə tikilmiş bu məqbərə dördkünc quruluşa malik idi və mərmərlə bəzədilmişdi.

Vaqifin möhtəşəm abidəsinin təntənəli açılışı isə 1982-ci il, yanvar ayının 14-də Ulu Öndərin iştirakı ilə keçirilmişdi...

 

"...Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum...”

 

Düz, 39 ildən sonra, 2021-ci ilin 14 yanvarında tarixi məqbərənin qarşısında çıxış edən Prezident İlham Əliyev həmin günləri belə xatırlamışdı: "...Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.

İlham Əliyev onu da xüsusi vurğuladı ki, xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi: "Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi”.

Prezident çıxışı zamanı bildirdi ki, Ulu Öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi: "Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar...”

Ümummilli Liderin görkəmli şairə göstərdiyi bu ehtiram, həm milli ədəbiyyata sevgisindən, həm də bu ərazilərin tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə, tarixiləşdirməklə bağlı idi.

Xain və məkrli düşmən, ilk növbədə, işğal etdiyi ərazilərimizdə tarixi, dini, mədəni abidələrimizi dağıdırdı. Vandal düşüncəli erməni faşistlərinin bu barbar əməllərindən Vaqifin məqbərəsi də yan keçməmişdi...

Amma müzəffər sərkərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 gün ərzində mənfur düşməni Vətənimizdən qovaraq, həm də tariximizin, kimliyimizin izlərini daşıyan maddi və mədəni abidələrimizi xilas etdi...

 

"Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir”

 

1982-ci ildə, Ümummilli Lider Heydər Əliyev Şuşaya səfəri zamanı həm də orada Vaqifin məqbərəsi ilə yanaşı, Poeziya Evinin də açılışında və orada keçirilən "Vaqif poeziya günləri”ndə iştirak etmişdi. Ulu Öndər Heydər Əliyev həmin vaxt "Vaqif poeziya günləri”nin keçirilməsi barədə göstəriş vermişdi və hər il avqust ayında "Vaqif poeziya günləri” keçirilirdi. Proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil olan bu bayram tədbiri şairin vətəni Qazaxda başlayıb, Şuşada yekunlaşardı. Amma 30 illik işğal müddətində xalqımız da, Şuşa da bu günlərdən uzaq düşmüşdü...

Qürurlu Qarabağ Zəfərimiz həmin ənənəvi şeir bayramımız olan "Vaqif poeziya günləri”nin də bərpasına rəvac verərək sənətsevərlərin, ümumilikdə Azərbaycan xalqının sevincinə səbəb olub.

Bu il yanvar ayının 5-də Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdi ki, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir: "Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam...”

Dövlətimizin başçısı Qarabağın baş tacı Şuşada ənənvi mədəniyyət günlərini bərpa edərək, işğaldan azad edilən torpaqlarda, bütövlükdə müstəqil Azərbaycanda təntənəli həyata qayıdışa rəvac verdi...

Qarabağda baş tutan bu mədəniyyət bayramlarının ilk carçısı isə "Xarıbülbül” Musiqi Festivalı oldu. Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Uzun fasilədən sonra ilk dəfə keçirilən "Xarıbülbül” Musiqi Festivalı Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə həsr olundu...

 Daha bir tənətənəli sənət şöləsi isə "Vaqif poeziya günləri”nin yenidən Şuşada keçirilməsi olacaq. Molla Pənah Vaqifin bərpa olunan əzəzmətli mavzoleyinin qarşısında ecazkar muğamımızın sədaları, qəlbləri söz çeşməsi kimi çağlayan şairlərimizin şeirləri ilhamlanaraq dağlarda-daşlarda əks-səda verərək, dalğa-dalğa Tanrı dərgahına ucalacaq...

 




[email protected]