Ictimaifikir.az AZƏRTAC-a istinadən təbrikləri təqdim edir.
Çex Respublikasının Prezidenti Miloş Zemandan:
"Zati-aliləri.
Sizi və xalqınızı milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Təsadüfi deyil ki, bəzi Qərb ölkələrindən onilliklər əvvəl qadınlara səsvermə hüququ verən ölkəniz müsəlman dünyasında ilk demokratik və dünyəvi respublikanın elan olunmasının ildönümünü özünün Milli Günü kimi seçdi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri bütün dünyada hörmətə layiqdir. Təəssüf ki, eyni ildə köhnə dünyanın xarabalıqları üzərində qurulan Çexoslovakiyadan fərqli olaraq, o dövr dünyasının sərt reallıqlarında Azərbaycan Xalq Cümhuriyyətinə müstəqilliyini qorumaq nəsib olmadı.
Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən arzu edirəm ki, XXI əsrin üçüncü onilliyində ölkəniz bütün qonşuları ilə sülh şəraitində yaşayan, azad, müstəqil və firavan dövlət olaraq müasir Azərbaycanın müstəqilliyini quranların ümid və arzularına uyğun inkişaf etsin.
İcazə verin, fürsətdən istifadə edərək Sizi əmin edim ki, Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirirəm. Ümid edirəm, bu münasibətlər daha da inkişaf edəcək. Mən ölkələrimiz arasındakı əlaqələrin davamlı olaraq dərinləşməsinə və inkişafına böyük əhəmiyyət verirəm.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
***
Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan:
"Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə daha da inkişaf etdirilməsi istiqamətində birgə işləyəcəyimizə ümidvar olduğumu bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Albaniya Respublikasının Prezidenti İlir Metadan:
"Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Albaniya xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan üçün belə önəmli gündə ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir, eyni zamanda, birgə səylərimiz sayəsində bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyimi bildirirəm.
Albaniyanın qlobal enerji dəhlizləri şəbəkəsinin bir hissəsinə çevrilməsinə töhfə verən TAP və IAP qaz kəməri layihələrinin ölkəmdə uğurla həyata keçirilməsini vurğulayaraq, bu sahədə dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığa dair yeni imkanlar üçün möhkəm zəmin mövcuddur.
Zati-aliləri, Sizinlə Tiranada və ya Bakıda görüşmək arzumu bir daha bildirirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norovdan:
"Möhtərəm İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Şübhə yoxdur ki, Sizin peşəkar və şəxsi keyfiyyətləriniz sayəsində müstəqil Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolu ilə irəliləyir, regionda və dünyada mövqelərini inamla möhkəmləndirir. Siz dövlətin qarşısına qoyulmuş məsələləri savadlı və səmərəli şəkildə həll edirsiniz. Bu, fədakar əməyin və aşkar məqsədyönlülüyün nəticəsidir. Sizin yürütdüyünüz düşünülmüş və uzaqgörən xarici siyasət Azərbaycana beynəlxalq arenada haqlı olaraq nüfuz qazandırıb.
Fürsətdən istifadə edib, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz maraq və diqqətə, onu şəxsən dəstəklədiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan Respublikası ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi təşkilatın Katibliyinin müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla qarşılıqlı fəaliyyətinin inkişafına dair Yol Xəritəsinin təqdim etdiyi imkanları fəal şəkildə reallaşdırır. Təşkilatın 20 illiyi ərəfəsində 2021-ci il mayın 24-də ŞƏT-in Katibliyində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş mədəniyyət gecəsi buna parlaq sübut oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan səfirliyi tərəfindən ŞƏT-in Katibliyi ilə birgə təşkil edilmiş tədbir respublikanın zəngin mədəni potensialını və onun xalqının mənəviyyatını nümayiş etdirdi, tədbirə dəvət olunmuş bütün qonaqlar bunu hiss edə bildi.
Nizami Gəncəvinin büstünün ŞƏT-in Katibliyinə hədiyyə edilməsinə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Bu hədiyyə öz əsərləri ilə həm Şərq, həm də dünya ədəbiyyatının sonrakı inkişafına böyük təsir göstərmiş şair və filosofun böyüklüyünün təcəssümüdür.
Əminəm ki, biz birgə səylərimizlə qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığı ŞƏT çərçivəsində bundan sonra da uğurla davam etdirəcək, bizim təşkilatın üzvü olan bütün ölkələr arasında mədəni əlaqələri möhkəmləndirəcəyik.
Zati-aliləri, icazə verin Sizə ən səmimi təbriklərimi, möhkəm cansağlığı, uğurlar, ailə firavanlığı arzularımı, Azərbaycan Respublikasının xalqına isə sülh, xoş güzəran və firavanlıq diləklərimi bildirim!".