İsrail olayların daha da böyüməməsi üçün geri çəkildi, ancaq Türkiyə ilə münasibətlər yenidən zərbə aldı
İyulun 14-dən başlayan Qüds gərginliyi rəsmən başa çatıb. İyulun 27-də İsrail radiosuna açıqlama verən Qüds müftisi Şeyx Məhəmməd Hüseyn böhranın başa çatdığını, müsəlmanların ibadət üçün "Əl-Əqsa" məscidinə gələ biləcəyini deyib. Eləcə də müsəlmanları Qüdsdə "Əl-Əqsa"da namaz qılmağa çağırıb.
"Əl-Əqsa" Vəqfinin rəhbəri Əbdüləzim Salhab İsrail hökumətinin "Əl-Əqsa" məscidinin girişində quraşdırılmış elektron yoxlama cihazlarını (metal detektorları ) götürüb. Ümumi toplantı keçirən dini liderlər boykotun başa çatdığını bildirib və etiraz edənləri təqdir ediblər.
Xatırladaq ki, hadisə 14 iyulda "Əl-Əqsa" məscidi yaxınlığında iki israilli polisin öldürülməsi ilə başlayıb. Daha sonra İsrail hökuməti məscidin girişinə metal detektorlar yerləşdirib. Bu hadisə ərəblərin etirazına səbəb olub, baş verən qarşıdurma nəticəsində 3 fələstinli öldürülüb. "Əl-Əqsa" məscidi son 50 ildə ilk dəfə olaraq Cümə namazına qapadılıb. Sonrakı günlərdə Qüds və Fələstinin digər bölgələrində baş verən toqquşmalarda 4 fələstinli və 3 yəhudi öldürülüb.
Ancaq həmişə olduğu kimi, bu hadisə İsrail və müsəlman aləmi arasında münasibətləri yenidən gərginləşdirdi. Maraqlıdır ki, bu dəfə də ərəb ölkələri deyil, ərəb olmayan müsəlman ölkələri Qüds problemində daha ciddi fəallıq göstərib. Və növbəti dəfə Türkiyə və İsrail arasında gərginlik yaranıb. Ötən həftə Türkiyə prezidenti Ərdoğan Qüds olaylarını, "Əl-Əqsa" məscidinin namaza qapadılmasını pisləyib. Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının dönəm sədri olaraq Qüds gərginliyini qınadıqdan sonra İƏT qurumları, o cümlədən İKT Gənclər Forumu bəyanat verib, daha sonra Qüdsü 2018-ci il üçün İslam Gənclər Paytaxtı elan edib.
Ancaq Türkiyənin bu reaksiyası İsraildə qəzəblə qarşılanıb. İsrail XİN-in yaydığı bəyanatda Türkiyənin İsraili qınamasına sərt təpki verilib. "Osmanlı imperatorluğu arxada qaldı. Qüds keçmişdə də yəhudi xalqının paytaxtı olub, indi də elədir, gələcəkdə də olacaq” kimi ifadələrin yer aldığı bəyanatda Türkiyə prezidentinə öz ölkəsinin daxili işləri ilə məşğul olması "məsləhət görülür”. Oxşar sərt reaksiyanı baş nazir Benyamin Netanyahu da göstərib. Buna qarşı olaraq Türkiyə XİN İsrail XİN-in açıqlamasını "həddini aşan” ifadə kimi dəyərləndirib.
Britaniya mətbuatı isə Ərdoğanın açıqlamalarının bölgədə gərginliyi daha da artıracağını iddia edib. "Guardian” qəzeti yazıb ki, İsrailə qarşı ittihamları təhrikedicidir. Məsələ ondadır ki, Türkiyənin təpkisi İsrail üçün ciddi narahatlığa səbəb olub. Çünki məlum olduğu kimi, faktiki olaraq ərəb ölkələri Qüds mövzusunda səslərini çıxarmadılar, daha doğrusu, onların bəyanatları İsraili narahat etmir. Çünki ərəb ölkələrinin narahatlığı daha çox öz daxili vəziyyətləri ilə bağlı idi. Ərəb rejimləri Fələstin olaylarının daha da böyüyüb ərəb ölkələrinə yayılmasından narahatdır, digər tərəfdən, İsrailə qarşı etirazların böyüməsi istər-istəməz mövqe qoymağı tələb edəcək. Ərəb rejimləri isə İsraillə toqquşmağa hazır deyillər. Çünki hazırda onların başı daxili işlərə qarışıb və heç bir ölkə İsrail kimi güclü ölkə ilə qarşı-qarşıya gəlmək istəmir.
Bu səbəbdən də növbəti dəfə Qüds və Fələstin mövzusu Türkiyə və İsraili qarşı-qarşıya gətirdi. Halbuki iki ölkə arasında münasibətlər 7 il əvvəl pozulmuşdu və yalnız ötən il uzun müddət davam edən danışıqlardan sonra normallaşmaya dönmüşdü. Türkiyənin ərəb-müsəlman aləminin lideri kimi çıxış etməsi onu həm də İsrail kimi ölkə ilə üz-üzə gətirir. Baxmayaraq ki, iki ölkə arasında həm də Aralıq dənizində yeni ortaq qaz layihələri var. Ancaq Türkiyənin islamçı kimliyindən çıxış etməsi yenidən münasibətlərə soyuqluq gətirir. İsrailin hökumət səviyyəsində sərt reaksiyası və ardınca etirazlar qarşısında geri çəkilməsi onu göstərir ki, Təl-Əviv Qüdsdə etirazların şiddətlənməsini və bu ərəfədə ərəb-müsəlman aləmi ilə qarşı-qarşıya gəlmək istəmir.
Türkiyəyə qarşı qəzəbin bir səbəbi də məhz budur. Çünki indiki mərhələdə ərəb dünyasında onsuz da ciddi narahatlıq var. İnsanlar uzun illərdir davam edən daxili müharibələr, Fələstin və Qüds məsələsində irəliləyişin olmamasından narazıdır. Bu səbəbdən də ilk kiçik bir etiraz böyük rezonans doğurdu və böyük bir qəzəb partlayışına çevrildi. İsrail dövləti məhz bu səbəbdən hadisələrin daha da böyüməsinin qarşısını aldı.
Ancaq olaylar sakitləşmiş kimi görünsə də, problem həllini tapmayıb və istənilən anda yenidən partlayışa çevrilə bilər. İkinci tərəfdən, bu hadisə Ankara-Təl-Əviv münasibətlərini yenidən yaraladı. İsrail geri çəkilmiş kimi görünsə də, Türkiyəyə qarşı incikliyini qoruyub saxlayacağı aydındır.