Prezidentlərin Soçi görüşü: Ermənistanı qorxuya salan nədir?

Prezidentlərin Soçi görüşü: Ermənistanı qorxuya salan nədir?


 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşməsi ictimai müzakirələrdə hələ də aktuallığını saxlayır. Bu isə təsadüfi deyil. Analitiklər görüşü regional proseslərə təsir baxımından mühüm siyasi hadisə hesab edirlər.

Digər tərəfdən, görüşün əvvəlcədən ictimaiyyətə açıqlanmaması və anidən baş tutması onun daha çox müzakirə obyektinə çevrilməsinə səbəb olan amillərdən hesab edilir. Bu baxımdan bəzi politoloqlar prezidentlərin bu görüşünü qeyri-adi görüş kimi xarakterizə edirlər. Görüşün qeyri-adiliyi həm də son dövrlərdə guya pozulmaqda olan Azərbaycan-Rusiya münasibətlərinin əslində olduqca sabit və davamlı inkişaf edən proses olduğunu bir daha isbat etməsidir.

Beləliklə, Soçi görüşü bir neçə əlamətinə görə mühüm əhəmiyyətə malikdir. Onların öndə gələnləri isə iki ölkə arasındakı münasibətlərin bütün sabotajlara baxmayaraq, strateji xarakter daşımasının təsdiqi, Azərbaycanın regional proseslərə təsir imkanlarının artması və bunun etirafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində əsas rıçaqların və gücün Azərbaycanın əlində cəmlənməsi və sairdir.

Etiraf edək ki, son aylarda Rusiyada antiazərbaycan çağırışların və bəyanatların artması müşahidə edilirdi. Hətta bu çağırışlar Şimal qonşumuzun Xarici İşlər Nazirliyinin bəzi rəsmilərinin də dilindən səsləndirilirdi. Bütün bunlar iki ölkə arasındakı münasibətləri pozmağa çalışan üçüncü qüvvənin varlığı kimi qəbul edilir. Mediaya sızan qeyri-rəsmi məlumatlara görə, Soçi görüşündə "üçüncü qüvvə”nin varlığı etiraf olunub və bu təxribatların qarşısının alınması qərarlaşdırılıb. 

Rusiya Prezidenti V.Putin görüşdə bildirib ki, regionda vəziyyət gərgindir və bu görüşdə müzakirə olunan əsas məsələlərdən biri də budur. Siyasi analitiklər hesab edirlər ki, bu, göstərir ki, Rusiya təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda gedən proseslərdə Azərbaycanın geosiyasi rolunu anlayır və ölkəmizlə əlaqələrini koordinasiya etməyə çalışır. Rusiya siyasi ictimaiyyətinin məsələyə münasibəti də yuxarıda deyilən fikirləri təsdiq edir. Rusiya Dövlət Dumasının deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, iki ölkənin arasını vurmaq cəhdlərinə baxmayaraq, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü dövlətlərimiz arasında dostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur. Onun sözlərinə görə, Rusiya və Azərbaycan hər zaman dost və tərəfdaş olacaqlar: "Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kimlərəsə sərf etmir. Onlar hər yolla Rusiya və Azərbaycanı bir-birinin qarşısında və eləcə də dünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hər zaman ortalığa çıxır”.

Bu qüvvələrin Ermənistan və onun təsirində olan ermənipərəst qüvvələr olduğu isə sirr deyil. Elə ermənilərin bu görüşdən böyük təşvişə düşmələrinin də səbəbi budur. Onlar planlarının pozulduğunu, Rusiyanın Azərbaycanla əməkdaşlığa daha böyük əhəmiyyət verdiyini görürlər və bundan isterikaya düşüblər. İndi Ermənistan ictimaiyyətində ölkələrinin bütün müstəvilərdə uduzduğunu çoxları anlayır. Ermənistanın bütün təxribatları bumeranq effekti ilə onun özünü çıxılmaz vəziyyətə salıb və təzyiqlərlə üzləşməsinə gətirib çıxarıb. Burada Azərbaycanın diplomatik fəaliyyəti və müvafiq qurumlara haqlı təzyiqləri də əhəmiyyətli rol oynayıb. Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov hesab edir ki, Azərbaycan Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinə təzyiqi gücləndirir. Onun sözlərinə görə, Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsindən sonra Azərbaycan ictimaiyyətinin təzyiqləri olduqca böyükdür. Politoloq hesab edir ki, Soçi görüşünün də əsas müzakirə mövzularından biri Ermənistana məzmunlu danışıqlara gəlməsi üçün təzyiq göstərilməsi olub: "Məlumdur ki, Ermənistan rəhbərliyi danışıqların əleyhinə deyil, lakin məzmunlu danışıqların əleyhinədir və danışıqlarda yalnız danışıqlar xatirinə iştirak etmək istəyir. Prezident İlham Əliyev isə məzmunlu şəkildə irəliləyiş istəyir və bu irəliləyiş necə gedəcək, nədən ibarət olacaq, növbəti danışıqlar nə zaman olacaq - məncə Soçi görüşündə məhz bu məsələlər Rusiya və Azərbaycan prezidentləri arasında müzakirə olunaraq razılaşdırılıb”.

Görünən odur ki, Ermənistanın təşvişləri əbəs yerə deyil. S.Sarkisyan hakimiyyəti artıq yalanlarla dünyanı aldada bilmədiyinin fərqindədir və onu da anlayır ki, tezliklə substantiv danışıqlar prosesinə qoşulmasa və Azərbaycanın işğal etdiyi ərazilərini tərk etməsə nəinki Dağlıq Qarabağı, öz dövlətlərini də qoruyub saxlaya bilməyəcək.




[email protected]