Soçi görüşü Ermənistanın siyasi elitasında da gərginlik yaradıb

İyulun 21-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında işgüzar görüş keçirilib. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər geniş müzakirə edilib. Həmçinin görüşdə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənməklə qarşılıqlı isti münasibətlərin inkişafda olduğu bildirilib. Xüsusən hər iki dövlət başçısı strateji tərəfdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində görülməsi zəruri olan işlər barədə ətraflı  fikir mübadiləsi aparıblar.

Soçi görüşü Ermənistanın siyasi elitasında da gərginlik yaradıb

Görüşdə Prezident İlham Əliyev qonşu və dost Rusiya ilə Azərbaycanın münasibətlərinə xələl gətirməyə cəhd edən qüvvələr barədə Rusiyanın dövlət başçısı Vladimir Putinə ətraflı məlumat verib. Ölkəmizin başçısı bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan ermənipərəst, anti-azərbaycan dairələri və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. 

Azərbaycan Prezidenti əminliklə bildirib ki, bütün bunlara baxmayaraq iki ölkənin münasibətlərinin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə iyrənc cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən çox mühüm amillərdir. Görüşdə xüsusi olaraq qeyd edilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və bundan sonra da bu tip cəhdlər heç bir nəticə verməyəcək.
Görüşün çox mühüm mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması olub. Prezident İlham Əliyev mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyini xüsusi qeyd edib. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Bu görüşdə məqsəd Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi,  Cənubi Qafqazdakı son dərəcə mürəkkəb vəziyyəti müzakirə etməkdir. Məhz iqtisadi və hərbi gücünə görə, Cənubi Qafqazın lider ölkəsi ilə mürəkkəb vəziyyəti müzakirə etmək ondan xəbər verir ki, Rusiya Azərbaycanın bölgədəki nüfuzu ilə hesablaşır. Daha dəqiq ifadə etsək, Rusiya regiondakı mürəkkəb vəziyyəti ancaq Azərbaycanla müzakirə edə bilər. Çünki Azərbaycan dövləti yalnız regiondakı bir çox regional layihələrin deyil, eyni zamanda, hərbi məsələlərin müzakirəsində söz sahibinə çevrilib.

Burada bir məsələyə də diqqət yetirmək lazımdır ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasətində balansyaratma tendensiyası ölkəmizə həmişə divident gətirib. Xüsusən fövqəlgüclərin toqquşan marağına deyil, qovuşan maraqlarına nail olan Azərbaycan dövləti bununla da bölgədə tam müstəqil siyasət yürütdüyünü dünyaya nümayiş etdirir. Lakin bu ərəfədə İran-ABŞ, ABŞ-Rusiya, İran-İsrail, Türkiyə-İsrail, Türkiyə-ABŞ münasibətlərinin gərginləşdiyi bir məqamda Cənubi Qafqazdakı üstünlüyünü qorumağa çalışan Rusiya bu məsələdə Azərbaycanın da gücünə güvənmək niyyətindədir. 

Müstəqil siyasi kurs yürüdən bir ölkə olaraq Azərbaycan dövlətinin bunun müqabilində Rusiyadan umacaqları vardır. Bu istəklərdən birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ədalətli mövqe tutmağa, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün təzyiq vasitələrindən istifadə etməyə çağırmasıdır.  

Qeyd edək ki, son dövrlərdə erməni ictimaiyyəti Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını tələb edir. Həmçinin düşmən ölkə NATO ilə əlaqələrini xeyli intensivləşdirməyə başlayıb. Ermənilər təxminən bir həftə əvvəl NATO-nun Rumıniyada keçirilən hərbi təlimlərində iştirak edib. İndi isə Ermənistan Gürcüstanda keçiriləcək iki NATO təlimində iştirak edəcək. Bir tərəfdən Ermənistan Rusiyanın strateji tərəfdaşı olduğunu deyir, digər tərəfdən isə Moskvaya düşmən mövqe tutun NATO ilə əlaqələrini genişləndirir. Rusiya bütün bunları görür. Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə Suriyaya qoşun göndərilməsinə etiraz edən tək ölkə olub.

Bütün bunlar onu göstərir ki, Ermənistan-Rusiya münasibətlərində də problemlər var. Bu da istər-istəməz regional gərginliyə səbəb olur. Bu mənada, Putin hesab edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələlərin də müzakirəsi aparılmalıdır.
Daha maraqlısı isə odur ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü Ermənistanın siyasi elitasında da gərginlik yaradıb. Görüşə "Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək” ifadəsi ilə başlayan Vladimir Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin bundan sonrakı inkişafını müzakirə edəcəklərini, o cümlədən Moskva və Bakının gələcək üçün çoxlu birgə planları olduğunu deyib. Bu cümlələrdə çox ciddi jestlər var. Prezidentlərin görüşünün mətbuat üçün qapalı hissəsində hər iki tərəfi narahat edən bütün mövzuların müzakirə edildiyini proqnozlaşdırmaq olar. 

Bu görüşün ümumi siyasi ab-havası ondan ibarətdir ki, Rusiya Azərbaycan dövlətinin nəinki regionda, hətta dünyada artan nüfuzunu qəbul edir və onunla ən çətin məsələlərin müzakirəsinə ciddi əhəmiyyət verir.




[email protected]