Qüds gərginliyi Türkiyə və İsraili yenidən üz-üzə gətirdi

Ankaranın hətta ərəb ölkələrində olmayan reaksiyanı göstərməsi onu istər-istəməz İsrail əleyhinə cəbhənin önünə çəkir...

İyulun 14-də Qüdsdə başlayan gərginlik yumşalmaya doğru gedir. Ötən gün İsrail hökuməti "Əl-Əqsa" məscidinə gedən yolda quraşdırılan dəmir detektorları götürmək haqqında qərar qəbul edib. İsrail Təhlükəsizik Kabinetinin qərarına əsasən, metal detektorları "daha az narahat edən” təhlükəsizlik qurğuları əvəz edəcək. Ancaq hələlik yeni sistemin nədən ibarət olacağı məlum deyil.


Xatırladaq ki, iyulun 14-də fələstinlinin "Əl-Əqsa" məscidi yaxınlığında iki İsrail polisini öldürməsindən sonra İsrail hökuməti məscidə girişdə metal detektorlar quraşdırıb, daha sonra isə məsciddə camaat namazı qadağan edilib, 50 yaşdan aşağı kişilər məscidə buraxılmayıb.


Bundan sonra fələstinli qruplar İsrail əleyhinə aksiya çağırışları edib, Qüdsdə toqquşmalar baş verib. Cümə günü baş verən etiraz aksiyalarında 3 fələstinli yəhudi polislər tərəfindən vurulub öldürülüb. Şənbə günü isə yəhudi ailəsi bıçaqla hücuma məruz qalıb. Bazar günü İordaniyanın paytaxtı Ammanda İsrail səfirliyinə edilən hücum zamanı iki İordaniya vətəndaşı öldürülüb, bir israilli və bir iordaniyalı isə yaralanıb.


Ərəb-müsəlman dünyasında qəzəbin artmasından narahat olan İsrail hökuməti geri çəkilərək detektorları yığışdırmaq qərarı verib, eyni zamanda ərəb dövlətlərinə müraciət edərək təklif vermələrini istəyib. BMT Yaxın Şərq sülh prosesi koordinatoru Nikolay Mladenov xəbərdarlıq edib ki, Qüds gərginliyi cümə gününə (növbəti Cümə namazına qədər) yoluna qoyulmayacağı təqdirdə böhran daha da genişlənəcək, başqa ölkələrə də yayılacaq.

Image result for


2010-cu ildə baş verən "Mavi Marmara” böhranından sonra pozulan Türkiyə-İsrail münasibətləri uzun sürən diplomatik fəaliyyətlərdən sonra ötən il bərpa olunub. İki ölkə arasında "Mavi Marmara” gəmisinə görə təzminat razılaşdırılıb. Ancaq bir ildən sonra Qüds olayları yenidən Türkiyə ilə İsraili qarşı-qarşıya gətirir. Ötən həftə Türkiyə prezidenti Ərdoğan İsrail prezidenti ilə danışıb və Qüdsdə ibadət mərkəzlərinə qoyulan yasaqların qaldırılmasını istəyib. Ankara hala limanında verdiyi açıqlamada Ərdoğan deyib ki, ibadət etməyə gələn müsəlmanlara terrorçularla eyni münasibəti göstərmək qanunsuzdur. Eyni zamanda Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının sədri olaraq beynəlxalq ictimaiyyəti Müqəddəs Hərəmdə ("Əl-Əqsa" məscidi) ibadət azadlığını məhdudlaşdıran qadağaların aradan qaldırılmasına çağırıb.


Qeyd edək ki, Türkiyə prezidentinin bu çağırışı İsraildə narazılıqla qarşılanacaq. Digər tərəfdən, İstanbulda Qüds yürüşləri, həmsinin İstanbulda bir sinaqoqa hücum edilməsi Təl-Əvivi narahat edir. Artıq Ərəb Dövlətləri Liqası İsrailə müraciət edərək gərginliyin daha da böyüməməsi üçün addımlar atmağı tələb edib. Qüdsü Məkkə və Mədinə qədər müqəddəs hesab edən müsəlmanlar İsrailin bu məsciddə tətbiq etdiyi məhdudiyyətlər, müsəlmanların girişinə xüsusi yoxlama ilə icazə verməsi, gəncləri buraxmaması ciddi narahat edir. Çünki geniş yayılmış fikrə görə, yəhudilər "Əl-Əqsa" məscidinin yerləşdiyi Məbəd Dağı ərazisində qədim Süleyman məbədini yenidən bərpa etmək istəyirlər və bunun üçün məscidi tədricən qapadıb sökməyə çalışacaqlar.

Image result for Ərdoğan


1968-ci ildə fanatik xristianlardan birinin "Əl-Əqsa" məscidini yandırması məhz bu səbəbdən müsəlman aləmini ayağa qaldırmışdı. Ancaq İsrail hökuməti məscidi sökmək fikrinin olmadığını bildirir. Məhz bu cür hadisələr yalnız Fələstində deyil, bütövlükdə ərəb-müsəlman aləmində anti-İsrail ovqatını körükləyir. Bu səbəbdən də İsrail "Əl-Əqsa" ətrafında gərginliyin daha da böyüməsindən narahat olub. Çünki hazırda son 6 ildə ərəb aləminin başı "daxili məsələlərə” qarışdığı üçün Qüds və Fələstin mövzusu nisbətən arxa plana keçmişdi. Ancaq iyulun əvvəlində başlayan olaylara reaksiyalar həm Fələstində, həm də bütövlükdə ərəb dünyasında İsrailə qarşı böyük qəzəbin olduğunu göstərdi. Bu səbəbdən də indi İsrail mövzunun daha da böyüməməsi üçün lazımi addımlar atır.


Ancaq görünən odur ki, İsrail və Türkiyə arasında münasibətlər növbəti dəfə pisləşəcək. Türkiyədə ictimaiyyətin və hökumətin sərt reaksiyası, həmçinin İƏT dönəm sədri olaraq Ərdoğanın sərt reaksiyası Təl-Əviv və Ankara arasında soyuq küləklərə səbəb olacaq. Doğrudur, Türkiyə və İsrail Aralıq dənizində qaz istehsalı mövzusunda ciddi bir anlaşmaya imza atıb, ancaq türk cəmiyyətinin hələ də Fələstin mövzusunda hətta digər ərəb cəmiyyətlərindən daha həssas davranması Ankaranın özünü də çıxılmaz vəziyyətdə qoyur.





[email protected]