Bakı-Supsa ixrac kəməri müəmması: BP təxribata nə zaman cavab verəcək?

Elçin Mirzəbəyli: "Bakı-Supsa neft ixrac kəmərinə dünyanın maliyyə bazarlarını idarə edən güclərin böyük vəsaitləri cəlb olunub”


Separatçı Cənubi Osetiya regionunda dislokasiya olunmuş Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspi rayonunun Karapila kəndi istiqamətində "sərhədlərin demarkasiyası” adı altında irəliləyərək Azərbaycanın Bakı-Tiflis-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alıb.

İctimaifikir.az xəbər verir ki, bu barədə "Rezonansi” qəzeti yazıb. Məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyib. Bildirilir ki, Rusiya hərbçiləri Orçosani kəndi istiqamətindən irəliləyərək "sərhəd dirəklərini” Karapila kəndinə tərəf, Tortla çayı boyu basdırıblar. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi tikanlı məftillərin o biri tərəfində qalıb. Gürcüstan XİN bu addımı Rusiyanın "işğalçılıq siyasətinin davamı” və "təxribat” adlandırıb, beynəlxalq partnyorları ilə bu qanunsuz addımın qarşısını almağa çalışacaqlarını bəyan edib. "Biz bundan əvvəlki faktlar kimi bunu da çox ciddi qiymətləndiririk, partnyorlarımızla birlikdə bunun qarşısını almağa çalışırıq. Bu, bizim fəal şəkildə yürütdüyümüz siyasətdir”-xarici işlər naziri Mixail Canelidze bildirib.


Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili isə deyib ki, Bakı-Tiflis-Supsa neft kəməri ilə bağlı risklər layihənin planlaşdırılmasında nəzərə alınıb və alternativ variantlar var. Qəzetin yazdığına görə, hakimiyyət bu riskləri mümkün qədər azaltmaq üçün beynəlxalq tərəfdaşlarla işləyir.


Briqada generalı, hərbi-siyasi məsələlər üzrə analitik Amiran Salukvadze isə rusların irəliləməsini şərh edərkən deyib ki, məqsəd SSRİ dövrünün sərhədlərini bərpa etməkdir:"Karapila kəndi bu sərhədin yaxınlığındadır". Rusların Karapila kəndi istiqamətində irəliləməsi ABŞ-ın da ciddi narahatlıqla izlədiyi məsələdir. İyulun 14-də ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli həmin kəndə baş çəkib. Səfir bildirib ki, bu yer Gürcüstanın ən mühüm magistralının (Ermənistana gedən Şərq-Qərb magistralı) yaxınlığındadır və ölkə üçün, habelə onun hüdudlarından kənarda böyük strateji əhəmiyyətə malikdir.
İrəliləyən rusların hazırda Gürcüstanı Ermənistanla birləşdirən əsas magistral yoldan cəmi 1 kilometr məsafədə mövqe tutduqları bildirilir.


Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat”a bildirdi ki, Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsinin Gürcüstanın nəzarətindən çıxması, separatçıların, yaxud qondarma Cənubi Osetiya Respublikasında dislokasiya olunmuş Rusiya hərbiçilərinin əlinə keçməsi təxribat xarakterli addımdır. Bakı-Supsa kəmərinin operatoru BP şirkətidir və kəmərə qarşı həyata keçirilən hər hansı bir təxribat xarakterli hərəkətin həm də Böyük Britaniyaya qarşı yönəldiyini söyləmək olar. Politoloqun sözlərinə görə, Gürcüstan tərəfi bütün risklərin nəzərə alındığını söyləsə də baş verən bu hadisə öz-özlüyündə təhlükəli tendensiya yaradır.

Image result for Politoloq Elçin Mirzəbəyli

Qlobal əhəmiyyət kəsb edən enerji və nəqliyyat dəhlizlərinə qarşı atılan hər hansı bir addım bu sahədə mövcud olan təhlükəsizlik mexanizmlərinin, beynəlxalq öhdəliklərin təhlükə altına alınmasıdır: "Bildiyiniz kimi, Qərb və Rusiya təbii qazın Balkanlar vasitəsilə nəqli marşrutları uğrunda mübarizə aparırlar. Moskva son vaxtlar Balkanlarda bir sıra uğursuzluqlara düçar olub. Monteneqro NATO-ya üzv olub. Rusiya ilə normal münasibətlərdə olan Makedoniyanın siyasi rəhbərliyi də artıq Moskva ilə məsafə saxlamağa çalışır. 2016-cı ildə ”Qazprom" Avropaya lazım olan təbii qazın cəmi 1/3 hissəsini verib. Balkanlarda isə təbii qaza olan tələbat gündən-günə artır. Çünki daş kömürlə işləyən elektrik stansiyaları Avropa İttifaqının təzyiqi altında qapadılır. Rusiyanın Balkanların enerji sektoruna təsiri infrastrukturun olmaması səbəbindən məhduddur.


"Qazprom” iyun ayının əvvəllərindən başlayaraq, Qara dənizin təkindən kəmər çəkilişini davam etdirməyə başlayıb. Rusiya Cənub qaz dəhlizini - TANAP və onun Avropadakı davamını-TAP-ı öz geoiqtisadi maraqlarına təhlükə görür və öz qıcıqlandırıcı addımlarını davam etdirir. İtaliyada Rusiya ilə əlaqələri sübuta yetirilən siyasi dairələrin nəzarətində olan "No TAP”çıların etiraz aksiyaları və Bakı-Supsa neft ixrac kəməri ilə bağlı son hadisə bu prosesin tərkib hissəsi kimi qəbul oluna bilər".


E.Mirzəbəyli vurğuladı ki, istər Bakı-Supsa neft ixrac kəmərində, istərsə Cənub Qaz Dəhlizi layihəsində qlobal və vazkeçilməz iqtisadi maraqlar var. Bu prosesə dünyanın maliyyə bazarlarını idarə edən güclərin böyük vəsaitləri cəlb olunub. Ona görə də bu güclər nəinki öz qlobal iqtisadi maraqlarından, hətta qəpiklərindən belə vaz keçməyəcəklər: "Bakı-Supsa ilə bağlı məsələyə çox güman ki, yaxın zamanlarda aydınlıq gətiriləcək. Çünki enerji kəmərlərinə qarşı belə davranışlar olduqca təhlükəli tendensiyalara yol aça bilər ki, bu da hətta Rusiyanın da maraqlarına uyğun deyil”.





[email protected]