ÜAK məsələsi Qarabağ məsələsi kimi uzadılır

Siyasi ekspert: "ÜAK-la bağlı məsələdən sarsıldığımızı nümayiş etdirmək lazım deyil”


Rusiya Ali Məhkəməsinin qeydiyyatını ləğv etdiyi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) apelyasiya şikayətinə baxılması indi də sentyabra qədər uzadıldı. Proseslərin gedişi ÜAK məsələsindən Moskvanın Azərbaycana təzyiq kimi istifadə etdiyini sübuta yetirirmi? Sanki bunu da Qarabağ məsələsi kimi süni şəkildə uzadırlar söyləmək mümkünmü?


Politoloq Elçin Mirzəbəyli bildirdi ki, ÜAK-ın qeydiyyatı ilə bağlı Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayətinə sentyabrın 19-da baxılması hüquqi baxımdan Rusiya qanunvericiliyinə zidd deyil. Hüquqi baxımdan konkret olaraq bu faktı təzyiq kimi qiymətləndirmək mümkün deyil. Lakin ÜAK-la bağlı məsələnin gündəmə gəlməsi və bu günə qədər atılan bütün addımlar təsadüfi sayıla bilməz: "Rusiyada çoxsaylı diaspor təşkilatları var. Onların böyük əksəriyyəti formal fəaliyyət göstərirlər. Ancaq bu günədək Ədliyyə Nazirliyinin diaspor təşkilatının qeydiyyatının ləğvi ilə bağlı məhkəməyə müraciət olunması faktına rast gəlinməyib. ÜAK-la bağlı məsələ ilk presedentdir.


Daha öncə də sizin qəzetinizə verdiyim açıqlamalarda qeyd etdiyim kimi, ÜAK-la bağlı məsələdən sarsıldığımızı nümayiş etdirmək lazım deyil. Rusiya qıcıqlandığımızı gördükdə prosesi daha da uzatmağa, divident qazanmağa çalışacaq".
Ekspertin sözlərinə görə, biz Rusiyanın Azərbaycana qarşı təzyiqlərindən təəccüblənməməliyik. Qeyri-adi heç bir hadisə baş vermir. Rusiya ənənəvi siyasətini davam etdirir.


Qeyd edək ki, iki gün öncə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin mediaya açıqlamasında ÜAK-ın qeydiyyatının ləğvində günahkar kimi ÜAK-ın qanunvericiliyin tələblərini pozmasını bildirib. Bununla da qurumun qeydiyyatının ləğvinə dolayısı ilə haqq qazandırıb.




[email protected]