Qüds müzakirələri: Bakı Yaxın Şərqdə aktiv diplomatiya aparır

Ölkəmizin vasitəçiliyi İsrail və Fələstin tərəfini qane edir


İyulun 20-də Bakıda iki gün davam edəcək "Qüds və beynəlxalq ictimaiyyət: siyasi və iqtisadi dəstəyin göstərilməsi” adlı konfrans başlayıb. Qüds problemi ilə bağlı sayca 4-cü beynəlxalq konfrans Azərbaycan XİN, BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) təşkilatçılığı ilə baş tutub.


Tədbirdə çıxış edən XİN-in xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev deyib ki, Yaxın Şərqdə sülhün bərpa olunması üçün beynəlxalq ictimaiyyət Şərqi Qüds məsələsinə diqqəti artırmalıdır. "Şərqi Qüdsün statusu və Haram-əl-Şərif (Məbəd dağı) məsələlərinin həlli çox vacibdir. Azərbaycan həm İsraillə, həm də Fələstinlə yaxşı münasibətlər qurub. İsraillə yaxşı münasibətlərimiz bizə Fələstin dövlətini dəstəkləməkdə mane olmur, çünki onun ərazisi işğal edilib. Azərbaycan bu münaqişənin həllinə hər cür kömək etməyə çalışır və həmişə bu məsələ ilə bağlı mövqeyini açıq bəyan edir”, - deyə Ş.Abdullayev vurğulayıb.


BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença çıxışında qurumun münaqişənin həlli üçün səylərini davam etdirəcəyini bildirib. Qeyd edib ki, yalnız birgə fəaliyyət göstərərək mövcud münaqişənin həlli üçün irəliyə doğru addım atmaq olar.


İƏT baş katibinin köməkçisi Samir Bəkr təmsil etdiyi təşkilatın da Qüds və fələstinlilərin müdafiəsi üçün səylərini davam etdirəcəyini deyib.


Fələstin dövlətinin BMT-də nümayəndəsi Riyad Mənsur Məbəd dağına daimi girişi dəstəkləyən sənədin qəbul edilməsinin vacibliyini vurğulayıb. R.Mənsur dindarların yolunda maneələrin tamamilə aradan qaldırılmasının vacibliyini, kommünikenin konfrans iştirakçıları tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycanı həm Fələstinin, həm İsrailin dostu adlandırıb və ölkəmizin bu məsələdə yeni ideyalar verməklə hər iki tərəfə münasibətlərin bərpasında kömək edə biləcəyini deyib.


Qeyd edək ki, Qüds şəhəri 3 səmavi dinin - İslam, Xristianlıq və İudaizmin müqəddəs şəhəridir. Çox qədim tarixi olan bu şəhərdə yəhudiliyin əsas müqəddəs məbədi "Süleyman Məbədi” (Beyt əl-Makdis) yerləşir. Bundan başqa, xristianlığın ilk illəri ilə bağlı yerlər, o cümlədən müsəlmanların ilk qibləsi də məhz Qüds şəhəri və orada yerləşən Beyt əl-Müqəddəsdir. Həm müsəlmanlar, həm yəhudilər, həm də xristianlar bu şəhərdə yaşayır, onu tarixi və dini bir mərkəz olaraq görür. Bu səbəbdən də İsrail dövlətinin yaradılması məsələsi gündəmə gələrkən həm yəhudilər, həm də fələstinlilər (müsəlmanlar) Qüds şəhərinə iddia etdilər. 1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində ərəb və yəhudi (İsrail və Fələstin) dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul edir. Qərara görə, Qüds şəhəri beynəlxalq statuslu ərazi olmalı idi. Ancaq yəhudilər 1948-ci il mayın 15-də dövlət elan edir və fələstinlilər dövlət yarada bilmədi. 1967-ci il 6 günlük müharibə nəticəsində İsrail dövləti Qüdsü şərq hissəsi də daxil olmaqla, bütövlükdə işğal etdi.


Məsələ ondadır ki, Qüdsə iddia edən hər bir dini və etnik qrupun öz arqumenti və tələbinin kökünün bağlandığı tarixi-dini səbəblər var. Bu üçün də ötən 70 il ərzində Qüds və Fələstin məsələsi dünyanın ən dərin və mürəkkəb probleminə çevrilib. Son olaraq şəhərdə baş verən hücumlardan sonra ötən həftə İsrail polisi Qüdsdəki müsəlmanların 4 müqəddəs məscidindən biri olan Məscid əl-Əqsada Cümə namazına son 50 ildə ilk dəfə qadağa qoyub və bununla da gərginliyi daha da artırıb. 
Azərbaycanın dünyanın ən mürəkkəb münaqişəsinə qatılması ideyası hələ bir neçə il əvvəldən irəli sürülüb. Məsələ ondadır ki, Azərbaycan bir müsəlman ölkəsi olaraq İslam dünyasının bir üzvüdür. Müsəlman dünyası içərisində bloklaşmalara qatılmayan, neytrallığını qoruyub saxlayan, eləcə də İslam Əməkdaşlıq Təşkilatı kimi ümumislam qurumlarında fəal iştirak etməsi səbəbindən müsəlman ölkələri ilə müsbət əlaqələrə malikdir, eyni zamanda zaman-zaman Fələstinə yardım edib, münaqişə ilə bağlı Fələstin xalqının mövqeyini açıq şəkildə dəstəkləyir.


Eyni zamanda Azərbaycanın İsrail dövləti ilə yaxın əlaqələri mövcuddur. Dünyada ən böyük kompakt yəhudi yaşayış məntəqələrindən biri Azərbaycandadır, yəhudilər tarix boyu yerli xalqlarla qaynayıb qarışıb, indi də ölkədə rahat şəkildə yaşayırlar. Bunun təsiri ilə Bakı və Təl-Əviv arasında yaxın dostluq münasibətləri mövcuddur, eləcə də dünyadakı yəhudi diasporu ilə geniş əlaqələr var.


Yəni Azərbaycan həm də İsrail, həm də Fələstin üçün yaxın olan, hər iki tərəflə danışmaq, sözünü çatdıra biləcək humanitar vasitəçidir. Əlbəttə, belə bir münaqişəni Azərbaycanın həll eləməsi mümkün deyil, lakin mütəxəssislərə görə, həm də İsrail, həm də Fələstin tərəfinin normal yanaşdığı, hətta arzuladığı vasitəçi hər iki tərəfə yaxın olan, humanitar, mədəni və kiçik çaplı digər mövzularda vasitəçilər lazımdır.


Hazırda bu statusda Azərbaycan var. Rəsmi Bakı bu vəziyyətdən istifadə edərək həm ərəb-İslam aləmində yerini möhkəmləndirmək, həm də regional məsələlərdə aktiv rol oynamaq üçün bu fürsətdən istifadə edir. Baxmayaraq ki, İsrail ənənəvi olaraq bu mövzularda konfransa qatılmayıb. Ancaq aydın məsələdir ki, Bakı Təl-Əvivin mövqeyini bilir və bu səbəbdən də prosesi rahat şəkildə aparır.




[email protected]