İnsan hisslərini necə tərbiyə etməlidir?

Bismilləhir-Rahmənir-Rahim!

Əziz İslam dinimizin xüsusi önəm verdiyi məsələlərdən biri - hikmətdir. Əgər mübarək mətnlərə nəzər salsaq, görərik ki, istər Allah Kitabında, istər Peyğəmbər (s) və Əhli-Beytin (ə) çatdırışlarında ən diqqətçəkən və mahiyyətinə varılması tövsiyə olunan mövzulardan biri - məhz hikmətli söz, hikmətli nəsihətdir.

İnsan hisslərini necə tərbiyə etməlidir?

Hikmətin təzahürü
Əmirəlmöminin Həzrət Əli (ə) hikmət mövzusu ilə bağlı buyurur: "Hikmət - qəlbdə bitən və dildə bar verən bir ağacdır".
Həzrət Əli (ə) məntiqində hikmətin bitmə, ərsəyə gəlmə mənbəyi - qəlbdir. Hikmətin meyvəsi - insanın tələffüz etdiyi sözlərdir. Burada sözlər qəlb hikmətinin nümayəndələri, təzahür vasitəsi qismində çıxış edir.
Dinimizdə hikmətlə bağlı ən çox adı hallanan şəxsiyyət Həzrət Loğmandır. Allah Təala Qurani-Kərimdə Həzrət Loğmana aid 1 səhifə yer ayırmışdır və bu mübarək şəxsiyyəti bəşəriyyətə tanıtdırmışdır. Bu tanıtdırmada əsaslı yeri nə tutur? Görürük ki, Həzrət Loğmanı səciyyələndirən ən mühüm xüsusiyyət qismində onun malik olduğu hikmət təqdim edilir.
İmam Museyi-Kazımdan (ə) nəql edilən hədisdə Həzrət Loğmanın hikməti barədə gözəl açıqlama verilir: "Loğmana dedilər: "Sənin hikmətinin özəyi nədir?". Dedi: "Bildiyim şey barədə soruşmaram və mənə aid olmayan şey üçün özümü zəhmətə salmaram"".
Gördüyümüz kimi, burada Həzrət Loğman 2 mühüm xüsusiyyəti vurğulayır: insana onsuz da məlum olan mövzuların üzərində lüzumsuz yerə dayanmamaq və insanın maraq dairəsini ona aid olan mövzularla məhdudlaşdırmaq. Əslində burada biz rasionallıqla yanaşı, insanın əxlaqi və mənəvi keyfiyyətlərinin tərbiyə edilməsini, onun əqli yönəlmələrinin ən lazımlı surətdə tətbiqini müşahidə edirik.
 
İnsan xislətlərinin yaxşısı
Hikmət daşıyıcısı olaraq Həzrət Loğmanla bağlı dinimiz çoxlu misallara yer ayırmışdır. Həzrət Loğmanın oğluna nəsihətlərindən birində oxuyuruq: "Oğlum! Hikmət öyrən ki, hörmətli olasan. Çünki hikmət dinə yönəldir, qulu azad insanların müqabilində şərafətli edər, yoxsulu dövlətlilərdən daha uca edər, kiçiyi böyükdən qabağa salar".
Digər bir hədisdə görürük ki, bir gün Həzrət Loğmanın oğlu ondan soruşur: "Atacan! İnsan xislətlərindən hansı yaxşıdır?". Cavabında Loğman buyurdu: "Din". Daha sonra oğlu sual etdi: "Atacan! Əgər insan 2 şeyə malik olmaq istəsə, onda nəyə malik olsa yaxşıdır?". Cavabında buyruldu: "Din və mal". Həzrət Loğmanın oğlu davamında soruşur: "Əgər insan istəyə ki, 3 şeyə malik ola, onlar hansıdır?". Cavabında eşidir: "Din, mal və həya". Oğul soruşur: "Bəs 4 şeyə malik olmaq istəsə?". Həzrət Loğman buyurur: "Din, mal, həya və gözəl əxlaq".
Hədisdən görürük ki, insanın dünyada malik ola biləcəyi ən faydalı kateqoriya qismində ilk əvvəl din çıxış edir. Din - insan həyatının bütün sahələrini ən optimal surətdə tənzimləyən gerçək bir sistemdir və buna malik olma insan həyatını vücudiləşdirir. İnsanın dini, imanı, dünyagörüşü olmasa, həyatının mənası itmiş olur və o, əbəs yerə yaşamış olur.
Həzrət Əlidən (ə) nəql edirlər: "Həqiqətən, ən üstün din - Allah yolunda dostluq və düşmənçilik etməkdir".
Əgər insan Allahın bəyəndiyi insanlara, kamal bildiyi şeylərə məhəbbət, Allaha asi olan ünsürlərə, Allahın naqis bildiyi şeylərə nifrət bəsləmirsə - onun imanı dürüstlükdən çox-çox uzaqdır. Əsil müsəlman deyil o kəs ki, Allahın gözəl bildiyi şeyləri sevməsin və çirkin, eybəcər bildiyi işlərdən çəkinməsin. Mömin o kəsdir ki, öz hisslərini Allah bəyənən kimi tərbiyə edir. Bir qəlbdə ki, İmam Hüseynə (ə) və uğrunda şəhid olduğu dəyərlərə məhəbbət və Yezid lənətliyə, onun üçün dəyər olan şeylərə nifrət olmaya - burada imandan söhbət gedə bilməz.
 
Həyanın zirvəsi nədir?
Hədisin davamında görürük ki, insanın mövcudiyyətindən ən gözəl surətdə bəhrələnməsi üçün dinlə yanaşı, müəyyən əmlaka da malik olma tövsiyə edilir. Yəni, imkana sahib olma insanın düzgün yaşam tərzinə xeyli yardım edir. İslam - tərki-dünyalıq dini deyil. İslam bir dindir ki, insana bəyan edir: "Sənin həyatının hər bir məsələsi Allaha bəndəliyə çevrilə bilər. Hər bir mövzu səni Allaha yaxınlaşdıra bilər".
İslam insanın mal-dövlət qazanmağını nəinki pis bilmir, hətta halal qazanc dalınca getməyi ibadətdən hesab edir, insanın həyatının zəruri işlərindən bilir. İslam dini insanın mal-dövlət sahibi olmasını, imkanlı olmasını rəğbətlə qarşılayır, insanı zəhmətə hərtərəfli təşviq edir. Amma dinimiz sərvətin insan üçün hədəfə çevrilməsinə yol vermir. Mal-dövlət - yalnızca insanın normal yaşayıb öz vəzifəsini həyata keçirmək üçün bir vasitədir.
Burada ən mühüm cəhət - əldə edilən sərvətin halal mənşəli olmasıdır. Həzrət Peyğəmbərimizdən (s) nəql edirlər: "Kiminsə mal-dövləti haradan qazanmaq barədə qorxusu olmasa, Allah da onu cəhənnəmə haradan aparmaq barədə çəkinməz".
İnsan fərqinə varmasa ki, mal-dövləti nə yolla əldə edir: rüşvətlə, oğurluqla, kiminsə haqqını basmaqla, zülm etməklə, yoxsa zəhmətlə - onda Allahın ələmli cəzasına hazır olmalıdır. Dinimiz alın təri ilə, halal ticarətlə sərvət qazanmağı necə bəyənirsə, malının mənşəyi barədə fərq qoymamağı da bir o qədər pisləyir.
Həzrət Loğmanın nəsihətləri ilə bağlı nəql edilən hədisdə diqqət yetirilən sonrakı mühüm mövzu kimi həya göstərilmişdir. Həzrət Əlidən (ə) bu mövzuda nəql edilir: "Həya - bütün yaxşılıqların açarıdır".
Dinimizin nəzərində hər nə ki, yaxşılığa aparır - yolu həyadan keçir. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Hər dinin öz təbiəti var, İslamın da təbiəti - həyadır".
Həya - insanı uğura, səadətə aparan mübarək vasitədir. Həya - toplumların xoşbəxtliyinə səbəb olan amildir. Diqqət yetirsək, lənətlik iblis öz mənfur niyyətlərini həyata keçirmək üçün hər zaman ilk növbədə həyanı hədəf seçir. Həya - iyrənc proqramların realizəsinə mane olan bir güclü amildir. Həyası itən toplumların yaxşılıqları itər, bərəkəti əldən gedər.
Həyanın da müxtəlif dərəcələri olur. Həzrət Əli (ə) buyurur: "Həyanın zirvəsi - insanın öz-özündən həya etməsidir".
Bir var insan həya edir ona görə ki, onu görən, eşidən olar. Bir də var heç kəsin onun əməlindən xəbəri olmayan bir şəraitdə insan öz həyasını, iffətini qorusun. Allah Təala cəmi iman əhlini gerçəkdə həya sahiblərindən qərar versin!
 
Gözəl əxlaq günahları əridər
Hədisin davamında görürük ki, 4-cü mühüm kateqoriya kimi, insanda gözəl əxlaqın olması təqdim edilir. Bununla bağlı İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Gözəl əxlaqdan ləzzətli həyat yoxdur".
Dinimizin nəzərində gerçək gözəllik insanda əxlaqın mövcudiyyətindən keçir. Əxlaq olmayan yerdə nəsə zahirən gözəl görünə bilər, amma həqiqətdə eybəcərdir.
Burada gözəllik məfhumun fəlsəfəsi açıqlanır. Həqiqi kamalın, həqiqi gözəlliyin təcəssümü - Uca Allahdır. Və deməli hər nə ki, Allaha doğru aparır - gözəldir, hər nə ki, Allahdan uzaqlaşdırır - eybəcərdir. Və ləzzət konsepsiyası məhz bu bünövrə - Allaha yaxınlaşmaq və Allahdan uzaq düşmək üzərindədir. Allahla əlaqədar olmayan hər bir ləzzət - ötəri və aldadıcıdır. Allahın rizayətindən qaynaqlanan ləzzət isə dayanıqlı və möhkəmdir, əslində həqiqidir. Beləliklə, gözəl əxlaq insanı həqiqi ləzzətə gətirib çıxarır.
İmam Cəfər Sadiqdən (ə) nəql edilən digər hədisdə bildirilir: "Günəş buzu əridən kimi, gözəl əxlaq da günahları əridər".
Bu məsələnin kökündə də Allahın razılığı durur. İnsanın əxlaqı gözəlləşdikcə, onun günahdan çəkinməsi və gözəl əməllərə doğru cazibəsi güclənir. Nəticədə bu keyfiyyətlər onun qəlbində möhkəm yer tutur və mənfilikləri çıxarır - günah insandan bilmərrə uzaqlaşır.
Mübarək hədisin davamında Loğmanın oğlu atasından soruşur: "Atacan! Bəs birdən bir kəs istəyə dünyada 5 sərmayəyə malik olsun. Nə etməli?". Həzrət Loğman buyurur: "(Bunlar) - din, mal, həya, gözəl əxlaq və səxavətdir".
Ümumiyyətlə, hədisin təqdimatında Loğmanın oğlunun elmə qarşı böyük rəğbətini, bilik əldə etmək üçün böyük həvəsini müşahidə edirik. Əslində bu cür təqdimatda elmə qarşı aclıq, doymamaq - bir dəyər kimi bəyan edilir. Bütün kəşflər, ixtiralar, açılışlar məhz bu mübarək "doymamazlığın" məhsuludur. İslam ümumilikdə gözü-könlü toxluğu təqdir edir, dəyər bilir, amma elmə, biliyə qarşı "gözüac olmağı", canatmanı dəstəkləyir.
Hədisin təhlilinə gəldikdə, dinimiz halal mal əldə etməyi təşviq etdiyi kimi, mal-dövlətin yaxşı yerlərə, gözəl istiqamətlərə məsrəf edilməsini də son dərəcədə dəstəkləyir. İslamın nəzərində insan camiəyə, digər insanlara xidmət etməli, fayda verməli, yardım əlini uzatmalıdır.
Rəsuli-Əkrəmdən (s) nəql edirlər: "Ən səxavətli insan - öz canını və malını Allah yolunda bəxş edəndir".
Özünün, ailəsinin, qohum-qonşusunun, bütün ehtiyaclı insanların ehtiyaclarını ödəyən, insanlara diqqət göstərən adam - Allah yolunda ehsan edəndir. Müxtəlif mənbələrdə Allah Təalanın bu ehsanların müqabilində 10 dəfə, 18 dəfə, hətta bəzi yerlərdə 700 dəfə mükafatlandıracağı bəlli edilmişdir. Özü də şərt deyil ki, gözəl əməl və ehsanlar məhz pul şəklində insana qayıtsın. Özünə, valideynlərinə, övladına şəfa, müşküllərinin həlli, bəlaların sovuşması - ən müxtəlif formalarda Uca Rəbb Öz bəndəsinə çox-çox artıqlaması ilə ödəyir gözəl səxavətin, ixlaslı ehsanın müqabilini.
 
İlahi aşiq olmağin yolu
Loğmanın oğlu daha sonra atasına sual edir: "Atacan! Əgər insan istəsə 6 sərmayəsi olsun, daha nə etməlidir?". Həzrət Loğman cavabında bildirir: "Oğulcan! O insan ki, bu beş sərmayəyə malikdir - din, mal, həya, gözəl əxlaq, səxavət - o, bilirsən nə olar?! O adam təqi olar, nəqi olar, vəli olar, şeytandan uzaq yaşayar bu dünyada!".
Hədisdən bəlli olur ki, göstərilmiş keyfiyyətlərə malik olma, yeni keyfiyyətlərə yiyələnməyə səbəb olar. İnsan təqi olar, təqva yiyəsi olar - nəsəbindən, dilindən, əmlak vəziyyətindən, nəsli-nəcabətindən, məqamından asılı olmayaraq, insanı həqiqi dəyərə mindirən bir sifətə malik olar. İnsan nəqi olar - bütün mənfiliklərdən, eybəcərliklərdən təmizlənmiş olar. İnsan vəli olar - Allah aşiqi, gözəlliklər pərəstişkarı olar, ləyaqət və şəxsiyyət sahibi olar, rəzilliklər qarşısında əyilməz. Bu 5 sərmayəyə malik olan insan lənətlik iblisin dağıdıcı proqramlarının kortəbii icraçısına çevrilməz, eybəcərliklərin, rəzillik bütlərinin qulu olmaz.
Həzrət Loğmanın sadaladığı sərmaynəin həqiqi sahiblərini, Kərbəla meydanında hər bir şeyini qurban vermiş, Allah yolunda ən böyük səxavətlilik, təqilik, nəqilik, vəlilik təzahür etmiş insanları yad etmək hidayət baxımından çox mühümdür. Allah Təala cəmi insanları hidayət yolunda qərar versin, Kərbəla şəhidlərinin, İmam Hüseynin (ə) yolunda olanlardan qərar versin, inşəallah!
Allahım! Bizi dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) birgə qərar ver!
Allahım, ümmətin qarşısında duran problemlərin həllini, müsəlmanların həqiqi ixlas sahibi olmasını, xəstələrin şəfa tapmasını, ehtiyaclıların müşküllərinin həllini, işğal altında olan torpaqların azad olunmasını, əsirlərin əsirlikdən qurtulmasını, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et!
 
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof




[email protected]