Elman Məmmədov: "Azərbaycan, Türkiyə, Gürcüstanın birgə hərbi ittifaqını yaratmaq olar”; Mirmahmud Mirəlioğlu: "Türkiyə ilə hərbi blok yaratmaq lazımdır”
Rusiya Dövlət Duması Ermənistanla ötən il noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya etməklə işğalçı ölkəni himayə etməsi istiqamətində növbəti addımını atdı. Sözügedən saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatını, formalaşdırılmasını və istifadəsini müəyyən edir.
Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur. Beşillik hərbi saziş avtomatik olaraq növbəti 5 il müddətə uzadıla bilər. "Sazişin reallaşdırılması Rusiyanın maraqlarına tam cavab verir, iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaradacaq və federal büdcədən əlavə maliyyə vəsaitlərinin ayrılmasını tələb etməyəcək”, - deyə müşayiətedici sənədlərdə bildirilir.
Düzdür, Rusiya Ermənistanı tamamilə nəzarət altına alıb. Bu ölkədə mövcud olan hərbi bazanın ardınca birgə qoşun yaradılması qərarı isə düşmən ölkənin müstəqilliyinin üstündən növbəti qara xətt çəkdi. Ancaq bizi narahat edən bu fakt yox, işğalçı ölkə ilə birgə yaradılan hərbi birləşmədir. Çünki Ermənistan Azərbaycanla sərhəddə təxribat törətməklə bu birləşmədən istifadə məsələsini gündəmə gətirə bilər.
Rusiyanın bu qərarı etirazla qarşılanıb. Söhbət işğalçı ölkənin "təhlükəsizliyini qorumaq” adı altında yaradılan hərbi birləşmədən gedir. Bütün dünya bilir ki, Ermənistan işğalçı ölkə olaraq özü təkcə Azərbaycana deyil, bölgəyə təhlükə yaradıb. Bu mənada həmsədr ölkənin işğalçı ilə hərbi birləşmə yaratması qəbulolunan deyil. Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılmasının ratifikasiyası ilə bağlı Dünya Azərbaycanlıları Assambleyasının bəyanatı yayılıb. "Dünyanın 30-a yaxın ölkəsində azərbaycanlıları təmsil edən beynəlxalq təşkilat olaraq ratifikasiya qərarından dərin təəssüfləndiyimizi bildirir, regiondakı əsas partnyorlarımızdan və dostlarımızdan biri Rusiya dövlətini bu cür həssas məsələlərdə ehtiyatlı davranmağa səsləyir, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə xələl gəlməsinə imkan verilməməsinə çağırırıq” - bəyanatda deyilir.
"Hələ bu barədə söz-söhbət yarananda öz fikrimi bildirmişdim. Yenə də öz fikrimdə qalıram ki, Ermənistan dövlətini yaradan Rusiya olub. İşğalçı dövlət o böyük dövlətin əyaləti, quberniyasıdır, forpostudur. Müqavilənin təsdiqi olsa da, olmasa da, onsuz Ermənistanı tarixən Rusiya qoruyub, axıra qədər də onu müdafiə eəcək”.
Bu fikirlər YAP üzvü, deputat Elman Məmmədova məxsusdur. Rusiya-Ermənistan hərbi birliyinin qarşılığında Azərbaycanın nə etməli olduğuna gəldikdə, deputat bildirdi ki, ölkəmiz qonşudan pay gözləmədən özünün müdafiə qüdrətini inkişaf etdirməlidir:"Azərbaycan bu istiqamətdə inamla irəliləyir. Bundan başqa, Azərbaycan özünü təcavüzkarlardan qorumaq üçün böyük Türkiyə dövləti ilə əlaqələrini genişləndirib daha da inkişaf etdirməlidir. Eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstanın birgə hərbi ittifaqını yaratmaq olar. Türkiyə də NATO dövlətidir, eyni zamanda Gürcüstan da NATO istiqamətində hərəkət edir, biz də belə bir gücə çevrilirik. Rusiya ki, özünün murdar sifətini açıb ortaya qoyur, bizim torpaqlarımızı 250 ildən çoxdur işğal edə-edə erməniləri yerləşdirib, onları qoruyur. Sonuncu işğalı da ötən əsrin 90-cı illərində həyata keçirdi və bu gün də o işğala haqq qazandırır. Bunun qarşısında aciz qalmamaq üçün, məqsədimizə çatmaq üçün - məqsədimiz də torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü təmin etməkdir - təbii ki, biz də müvafiq tədbirlər görməliyik, daha böyük, daha güclü dövlətlərlə ittifaqlar yaratmalıyıq. Yəni belə həyasızların qarşısında təklənib meydanda qalmaq olmaz”.
KXCP sədri Mirmahmud Mirəlioğlu "Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ermənistan birgə ordusunun yaradılması həm Azərbaycanın, həm Türkiyənin, həm də Türk dünyasının əleyhinədir: "Eyni zamanda bu, rus-türk münasibətlərinin ən gözəl göstəricisidir. Yəni tarixi rus düşmənçiliyinin, rus şovinizminin ortaya qoyduğu növbəti addımdır. Bunu nə qədər pisləsək də, təbii qəbul etməliyik. Son baş verənlər, xüsusilə də Qarabağ probleminin həlli ilə bağlı problemlərdə Rusiyanın tutduğu düşmən mövqeyi, Ermənistana dost mövqeyi buna növbəti möhür vurmaqdır”. M.Mirəlioğlu hesab edir ki, Azərbaycan Rusiya-Ermənistan münasibətlərinin fərqində olmalıdır və bunu nəzərə almalıdır: "Birincisi, Azərbaycan diplomatik dillə, yaxud başqa hansısa formada öz torpaqlarının Ermənistan tərəfindən yox, Rusiya tərəfindən işğal olunub Ermənistana verilməsini ifadə etməlidir. İkinci bir məsələ Azərbaycan hakimiyyətindən başqa, biz də bütövlükdə cəmiyyət olaraq tələb etməliyik ki, Rusiya tərəf olduğuna görə ATƏT-in Minsk Qrupundan çıxarılmalıdır. Amma həm də bütün bunların hamısını deməklə yanaşı, fərqində olmalıyıq ki, Qarabağ probleminin və keçmiş SSRİ məkanında olan problemlərin həllinin dünya tərəfindən Rusiyaya həvalə olunması, Rusiyanın burada hakim olması - həm aşkar, həm gizli, həm daxili danışıqlarda, həm də beynəlxalq tribunalardan səsləndiyi, yaxud səslənmədiyi kimi - gerçəklikdir. Bunu deməliyik ki, məsələ aşkarlansın. İctimai qınağı, ictimai tələbi və etirazları mütləq tələb etmək lazımdır. Rusiyanı mövsümi olaraq gah söyən, gah da öyən deputatlar da bunun fərqində olmalıdır. Bir sözlə, Azərbaycan hakimiyyəti son hadisələrdən özü üçün nəticə çıxarmalıdır, Rusiya-Ermənistan hərbi təlimlərindən tutmuş, digər məsələlərə qədər”. İndiki situasiyada çıxış yoluna gəldikdə, M.Mirəlioğlu bunları bildirdi: "Azərbaycan-Türkiyə münasibətləri, strateji müttəfiqlik, hətta ümumi qoşunların yaradılması kimi məsələlər ən yüksək səviyyədə həll olunmalıdır. Birgə hərbi təlimlərdən irəli keçmək, problemləri birgə həll etməkdən ötrü müştərək addım atmaq lazımdır. Nəhayət, hərbi blok yaradılmalı, hərbi müqavilə bağlanmalıdır. Biz desək ki, Rusiya-Ermənistan birgə qoşunlarının yaradılması ilə bağlı ratifikasiyanı pisləmirik, heç lənətləmirik də. Amma deyirik ki, bu, dostun dost, düşmənin düşmən olmasının göstəricisidir”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə "Yeni Müsavat”a dedi ki, Ermənistanla qoşun yaratmaq məsələsi Rusiyanın Ermənistandakı hərbi qüvvələrinin sayının artırılmasına və Ermənistan silahlı qüvvələrinin tamamilə Rusiyanın nəzarətinə keçməsinə xidmət edir:"Bu, forpostluğun hüququ status qazanmasıdır. Məsələyə bir də bu rakursdan baxmaq lazımdır. Təbii ki, burada çəkindirici məqamlar da yer alıb. Rusiya nəyin bahasına olursa-olsun müharibə ehtimalını aradan qaldırmaq istəyir. Azərbaycana qarşı potensial təhlükə torpaqlarımızın işğal altında olmasıdır. Zənnimcə, Azərbaycan üçün Rusiyanın Ermənistanla birgə qoşun yaratmasından daha çox təhlükə yaradan amil Moskvanın dövlətçiliyimizin, mədəniyyətimizin, bir millət kimi dövlət qurmaq və müstəqil yaşamaq potensialımızın gözdən salınması istiqamətində göstərdiyi səylərdir. Kreml texnoloqları öz tör-töküntüləri vasitəsilə bir xalq olaraq özgüvənimizi qırmaq, vahidliyimizi sarsıtmaq, gələcəyə inamımızı əlimizdən almaq istəyirlər. Düşünürəm ki, bu, bizi daha çox narahat etməlidir”.