Putinin müharibə təlaşı, Qarabağ seçimi – köhnə plan qayıdır...

Münaqişə tərəflərini qorxudan Rusiya indi özü də qorxur!; Kreml başçısı Əliyevlə Sərkisyanı təzədən görüşdürmək istəyir - əsas motiv; sülh ümidləri müharibə ümidlərini üstələyəcəkmi?; Sərkisyandan acı etiraf: "Ermənistanın nə vaxtsa Azərbaycandan varlı olacağını söyləmək şarlatanlıqdır, yalandır...”

Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibə ehtimalı hələ də böyük olaraq qalır. Əsas səbəb təbii ki, sülh danışıqlarında davam edən durğunluq və irəliləyişin olmamasıdır. Artıq bir ildən çoxdur ki, vasitəçi dövlətlər nizamlama prosesini dalandan çıxarmaq üçün müəyyən cəhdlər göstərsələr də, yalnız XİN başçıları səviyyəsində cəmi ikicə dəfə təmasa nail olublar ki, o da nəticəsiz bitib.

Müharibə riski isə durmadan artır. Hərbi əməliyyatlar üçün ən əlverişli olan yay mövsümü bu riski özünəməxsus şəkildə gücləndirməkdədir. Yaranmış durumda ən böyük məsuliyyət sözsüz ki, Rusiyanın üzərinə düşür. Rusiya da ki əlində bənzərsiz rıçaqlar və imkanlara rəğmən, hələlik problemin həllinə real töhfə verməyə həvəsli görünmür.


***


Rusiya hələ ki Qarabağ münaqişəsindən istifadə edib öz kasad büdcəsini doldurmaqla məşğuldur. Xüsusən də Azərbaycanla silah ticarəti hesabına şimal qonşumuz əhəmiyyətli paralara qazanıb və qazanmaqdadır. Lakin dəfələrlə qeyd elədiyimiz kimi, Azərbaycan bu silahları vitrinə qoymaq üçün almır - Qarabağ probleminin həllini yaxınlaşdırmaq üçün əldə edir.

Image result for Putin


Bunu Kremldə də yaxşı bilirlər. Görünür, bildikləri üçün Ermənistanı da yaddan çıxarmırlar. İşğalçı ölkəyə "İsgəndər” taktiki raket komplekslərinin və bəzi digər müasir döyüş sistemlərinin verilməsi, ortaq hərbi qruplaşmanın yaradılması, Ermənistanın hava məkanının, Türkiyə və İranla sərhədlərinin tam nəzarətə götürülməsi məhz onun Azərbaycanla "balans” yaratmasına hesablanmış kursun tərkib hissəsidir.


Fəqət, belə bir balansı yaramaq mümkünmü? Əlbəttə ki, yox. Azərbaycanla Ermənistanın iqtisadi potensialı eyni deyil, olmayacaq. Yeri gəlmişkən, bu acı gerçəyi ötən həftəsonu Serj Sərkisyan açıq etiraf edib. Musavat.com-un məlumatına görə, düşmən ölkənin başçısı deyib: "Məgər bu, bir sirdirmi ki, Azərbaycan bizdən varlıdır və silahlanmaya daha çox vəsait xərcləyir? Sirr deyil. Və əgər kimsə deyirsə ki, 2-5 il Ermənistanı Azərbaycandan daha varlı edəcək, o adamı siyasətdən uzağa qovmaq lazımdır. Çünki bu, şarlatanlıqdır, yalandır”.


Deməli, İrəvanın yeganə ümidi Rusiyadan güzəştli qiymətə və ya kreditə aldığı və alacağı silahlara ola bilər. Moskva da buna getmək zorundadır, ona görə ki, əks halda onun marioneti - işğalçı ölkə Azərbaycan qarşısında heç bir həftə duruş gətirə bilməz.

Image result for kreml


Lakin Moskva belə "balans” siyasətini sonsuzadək yürüdə bilməz. Üstəlik, "balansı” saxlamaq da getdikcə çətinləşir. Elə olmasaydı, Ermənistan təzədən yeni hərbi kredit almaq üçün Moskvaya müraciət eləməzdi. Bu barədə Ermənistanın maliyyə naziri Vardan Aramyan söyləyib. O, danışıqların bu ilin əvvəlindən başladığını bildirib.


Bu yerdə xatırladaq ki, Rusiya bundan öncə Ermənistana hərbi təyinat üçün 200 milyon dollarlıq kredit ayırıb. Həmin kredit çərçivəsində Ermənistana "İsgəndər” raketləri də verilib (Aramyanın sözlərinə görə, 200 milyonun 30 milyonu hələ çatdırılmayıb).


***


Sözü ona gətiririk ki, əslində Rusiyanın özü də indi Qarabağla bağlı dilemma qarşısındadır. Çünki ənənəvi "balans” siyasəti günün birində tam fiasko ola, Moskva müharibə faktı ilə üz-üzə qala bilər. Rusiya isə böyük müharibədə maraqlı deyil. Böyük müharibə - böyük risklər, regionla bağlı geosiyasi, iqtisadi maraqların böyük təhlükə altına düşməsi, müharibəyə qoşulmaq riski, Azərbaycanla Türkiyəni itirmək perspektivi, Türkiyə ilə üz-üzə gəlib toqquşmaq ehtimalı deməkdir.

Image result for Putin Əliyev Sarkisyan


Aydındır ki, Moskvaya hadisələrin bu cür dağıdıcı inkişafı lazım deyil. Konflikti hərbi "balans” siyasəti hesabına donulu vəziyyətdə saxlamaq isə get-gedə müşkülə çevrilir. Günün birində Qarabağda müharibə alovlana bilər ki, onu dayandırmaq ötən ilin aprelindəki kimi Moskva üçün mümkün olmaya bilər. Müharibə riskini indidən azaltmaq lazımdır və onun da ən etibarlı yolu Qarabağ məsələsində doğrudan da ciddi dönüşə nail olmaqdan keçir. Rusiya buna nail olmaq iqtidarındadır və ona heç kim, o sırada Qərb, ABŞ, Avropa mane ola bilməz. Əksinə. Qalır siyasi iradə məsələsi.


***


Maraqlıdır ki, bu arada Azərbaycan və Ermənistan prezidentləri arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas təşkilatçısının Rusiya olacağı haqda məlumat yayılıb. Virtualaz.org-un xəbərinə görə, bu barədə Rusiya XİN-dəki mənbə "İzvestiya” qəzetinə bildirib.


"Moskva bu məsələdə əsas vasitəçi olub, çünki ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib” - mənbə bildirib. Rusiya XİN-dəki qaynaq qeyd edib ki, konkret olaraq Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib.


"Bununla belə, dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət kəsb edir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir”, - deyə mənbə əlavə edib.


Qeyd edək ki, bugünlərdə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə payızda görüşə biləcəyini mümkün hesab etdiyini bildirib. Sərkisyanın sözlərinə görə, Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfinə yüksək səviyyədə görüşün təşkili barədə müraciət edib. "Biz bu görüşdən çox şey gözləməsək də ona qarşı deyilik” - Sərkisyan bildirib.


***


Yada salaq ki, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında son dəfə 2016-cı il iyunun 19-da Sankt-Peterburqda görüş olub. Həmin görüşdə Putinin tərəflərə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun azad edilməsini və bunun əvəzində kommunikasiyaların açılmasını da nəzərdə tutan mərhələli plan təklif etdiyi haqda məlumatlar yayılmışdı.


Ancaq üstündən bir ildən çox keçsə də, "Qarabağ yükü” hələ də köhnə yerindədir. Rəsmi Bakı isə açıq bəyan edib ki, daha danışıq xətrinə danışıqlara, dialoqa getməyəcək. Yəni prezidentlərin daha bir formal görüşünə nə ehtiyac, əgər bu görüş də "qaloçka” qoymaq üçün istifadə olunacaqsa.
Bu mənada situasiyanın indiki həssaslığı və dramatikliyi Moskvada ciddiyə alınmaya bilməz. Alınırsa, demək, növbəti görüşdə Putinin konkret təklifi olmalıdır. Rusiyanın münaqişə tərəflərini qorxutması dönəmi də daha bitib. İndi artıq real təşəbbüskarlıq zamanıdır. Çünki Rusiyanın özü də indi qorxur. Bu imperativ Moskvanı Qarabağ məsələsi ilə daha ciddi məşğul olmağa sövq etməlidir. Rusiya bir az da tələsməlidir. Çünki siyasətçilər sussa, toplar danışacaq...




[email protected]