İnformasiya və telekommunikasiya, maliyyə və sığorta, alkoqolsuz içkilər və tütün məmulatları, eləcə də sənaye və tikinti sahələri Azərbaycanda Türkiyə investorları üçün daha çox maraq doğuran sahələrdir.
İctimaifikir.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Türkiyənin baş nazirinin müavini Nurəddin Canikli deyib.
Baş nazirin müavini deyib: "Dünya bazarlarında neftin qiymətinin azalması fonunda Azərbaycan hökuməti diqqətini əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahəyə daha çox sərmayə yatırılmasına yönəldib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, qısamüddətli və uzunmüddətli perspektivlərdə ölkənin qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır".
N.Canikli bildirib ki, kənd təsərrüfatı, heyvandarlıq, kimya sənayesi, turizm sahələri türkiyəli investorlar üçün maraqlıdır: "Bu səhədə türkiyəli investorların Azərbaycanla təcrübə mübadiləsi aparmaq imkanları da genişdir".
O həmçinin qeyd edib ki, Türkiyə Cənubi Qafqazın inkişafına yönəlmiş layihələri də yüksək qiymətləndirir. Misal olaraq N.Canikli Bakı-Tbilis-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, eləcə də TANAP layihələrinin adlarının çəkib.
Baş nazirin müavininin sözlərinə görə, bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyi gözlənilir.
O həmçinin qeyd edib ki, Türkiyə və Azərbaycan arasında sıx münasibətləri nəzərə almaqla Türkiyə investorlarının Azərbaycanda özəlləşdirmə prosesində iştirakı strateji əhəmiyyət daşıya bilər.
Baş nazirin müavini deyib: "Qardaş və dost ölkələr olan Türkiyə və Azərbaycan şirkətlərin, eləcə də birgə investisiyaların sayını artırmaq imkanına malikdir. Türkiyə sərmayəçiləri Azərbaycanla əməkdaşlığı kifayət qədər geniş aspektdə nəzərdən keçirirlər".
Qeyd edək ki, son 14 ildə Türkiyə sərmayəçilərinin Azərbaycan iqtisadiyyatına investisya yatırımları 6,2 milyard dollar təşkil edib.