"Mülki vətəndaşlarımızı atəşə tutan erməni hərbi mövqeləri məhv edilməlidir" - Sarsıdıcı zərbə mesajı

 "Mülki vətəndaşlarımızı atəşə tutan erməni hərbi mövqeləri məhv edilməlidir" - Sarsıdıcı zərbə mesajı

"Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginliyi nəzərə alaraq, beynəlxalq qurumlar dərhal öz sözünü deməli, işğalçıya ciddi və əməli təzyiq göstərməlidir. Əgər Ermənistan mülki vətəndaşlarımızı vurmaq üçün yerləşdirilmiş silahları ərazidən yığışdırmasa, Azərbaycan buna cavab olaraq müvafiq addımlar atmalıdır. Yəni yaxın zamanlarda bölgədə hərbi əməliyyatların yenidən qızışacağı və geniş vüsət alacağı istisna deyil, çünki artıq başqa yol yoxdur". 

Bunu   təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində mülki əhalini qətlə yetirməsindən sonra yaranmış gərginliyi şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ermənilərin bu cür təxribatları və vəhşilikləri düşünülmüş xarakter daşıyır: "Mülki vətəndaşların qətlə yetirilməsi çox acınacaqlı haldır, vəhşilikdir. Maraqlıdır ki, müşahidələr göstərir ki, 1994-cü ildən bəri münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarında irəli doğru hər hansı addım atılan kimi Ermənistan tərəfindən belə hadisələr törədilir. Bu ilk dəfə deyil. Ötən ilin aprel ayında hərbi əməliyyatların başlanmasında səbəb məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərini, mülki obyektləri və əhalini atəşə tutması olmuşdu".

A.Nağıyev hesab edir ki, bölgədə müharibənin alovlanması ehtimalı çox böyükdür: "Bütün müqayisələrlə görünür ki, Azərbaycan üçün Dağlıq Qarabağ bölgəsi ətrafında, eləcə də Ermənistanla həmsərhəd ərazilərdə öz mülki vətəndaşlarını qoruması üçün ən ümdə, vacib məsələ ermənilərin hərbi mövqelərinin, həmin silahların yerləşdikləri məntəqələrin darmadağın edilməsidir. Onlar məhv edilməlidir ki, ermənilərin bizim mülki obyetlərimizi, yaşayış məntəqələrini, vətəndaşlarımızı atəşə tutmaq, dinc insanları qətlə yetirmək imkanları olmasın. Bu baxımdan gərginlik daha da arta bilər. Böyük ehtimalla bu istiqamətdə Azərbaycan tərəfdən müvafiq addımlar atılacaq".

Qeyd edək ki, iyul ayının 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alıxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Bu hadisə ictimaiyyətdə böyük hiddət doğurub və insanlar balaca Zəhranın və nənəsinin qisasının alınmasını tələb edir. Bundan əlavə, ermənilərin bu vəhşiliyi beynəlxalq təşkilatların diqqətinə çatdırılır, müxtəlif ölkələrdə etiraz aksiyaları keçirilir, işğalçı Ermənistanın cəzalandırılması tələb edilir.




[email protected]