Qüds konfransı- Bakı yenə dünyanın barış nöqtəsi statusunda

Ekspert: "İsrail bu konfransın məhz Azərbaycanda keçirilməsində daha çox maraqlı ola bilər”

İyulun 20-21-də Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək. "Report” diplomatik mənbələrə istinadən xəbər verir ki, konfrans İslam Əməkdaşlıq Təşkilatı (İƏT), BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsi, eləcə də Azərbaycan hökuməti tərəfindən təşkil olunub.

Konfransın işində Fələstin dövlətinin, digər ərəb ölkələrindən dövlət rəsmilərinin iştirak edəcəyi gözlənilir.
Qüds müzakirələrinin Bakıya salınması geniş müzakirələrə səbəb olub. Konfransın yaxın əlaqələri olan Azərbaycan və İsrail arasında problem yarada biləcəyi qeyd olunur. Bəzi ekspertlər iddia edirlər ki, bu konfrans Qüds məsələsinin İranın əlindən alınmasına xidmət edir, yəni İsrailin tam mənafeyinə uyğun tədbirdir. Amma bu konfransın Bakıda keçirilməsini Azərbaycanın hər iki tərəflə balanslı siyasəti ilə əlaqələndirən daha çoxdur.

Image result for Elçin Mirzəbəyli


Politoloq Elçin Mirzəbəyli Azərbaycanın bu konfransa ev sahibliyi etməsinə tam hüququnun çatdığını bildirdi: "Bakıda Qüdslə bağlı keçirilən beynəlxalq konfransın təşkilatçıları konfrans İslam Əməkdaşlıq Təşkilatı (İƏT), BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsi, eləcə də Azərbaycan hökumətidir. Yəni konfrans iki önəmli beynəlxalq qurumun təşkilatçılığı ilə keçirilir. Bu baxımdan konfransın ölkəmiz üçün hər hansı bir təhlükə yarada biləcəyini düşünmürəm. Fələstin dövləti və Qüds məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri var. Bu sənədlər üzə beynəlxalq hüququn prinsip və istiqamətlərini müəyyənləşdirən sənədlərin tərkib hissəsidir və Azərbaycan da məhz beynəlxalq hüququn prinsiplərindən çıxış edərək bu konfransa ev sahibliyi edir. Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır və təşkilatçılarının arasında BMT-nin də olduğu bu konfransın iki ölkənin münasibətlərinə xələl gətirəcəyini gözləmirəm. İsrail Azərbaycanın hansı regionda yerləşdiyini və hansı sivilizasiya ilə əlaqədə olduğunu yaxşı başa düşür. Əksinə, İsrail bu konfransın məhz Azərbaycanda keçirilməsində daha çox maraqlı ola bilər. Çünki Azərbaycanın təbliğ etdiyi sivilizasiyalararası dialoq modeli aqressiyanın azalmasına xidmət edir. Bu isə ərəb ölkələri ilə İsrail arasındakı münasibətlərin dialoq yolu ilə tənzimlənməsində stimullaşdırıcı faktora çevrilə bilər. Bakıda keçirilən müzakirələrin tolerant bir şəraitdə baş tutacağını gözləyirəm. Ev sahibi kimi Azərbaycanın mövqeyi prosesə mütləq təsir göstərəcək. Bu isə tərəflərin hər birinin xeyrinədir”.


E.Mirzəbəyli Azərbaycanın Qüds məsələsində mövqeyinin tam aydın olduğunu da qeyd etdi: "Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Rəsmi Bakı İsraillə ən müxtəlif məsələlərdə yaxından əməkdaşlıq edir və bununla yanaşı Fələstin məsələsində BMT qətnamələrinin icrasını dəstəkləyir. Biz başqa mövqedən çıxış da edə bilmərik. Çünki mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq hüququn prinsipləri və BMT qətnamələri münaqişələrin həllində əsas götürülməlidir. Hesab edirəm ki, bu ən doğru yoldur və bu strategiya çox güman ki, yenə də davam etdiriləcək. Azərbaycanın riskli oyun oynadığını, ümumiyyətlə oyun oynadığını düşünmürəm. Bu siyasi gediş deyil, beynəlxalq konfransdır. Azərbaycanda istənilən mövzuda müzakirələr keçirilə bilər. Bu o demək deyil ki, rəsmi Bakı müzakirə olunan mövzunun hansısa tərəfin əleyhinə yönəldilməsi üçün xüsusi plan qurub. Daha öncə də qeyd etdiyim kimi, Azərbaycan həm BMT-nin, həm də İƏT-in üzvüdür. Ölkəmizin bu təşkilatlar qarşısında öhdəlikləri var və şübhəsiz ki, bu öhdəliklərin icrası zamanı dünyanın bütün ölkələrinin maraqları təmin edilə bilməz. Bakıda problemin sülh və dialoq yolu ilə həll olunmasının vacibliyi önə çəkiləcək. Çox güman ki, radikalizmə. Inkarçılığa qarşı birgə mübarizənin vacibliyi də vurğulanacaq. Bu isə prinsip etibarilə İsrailin də marağında olmalıdır”.





[email protected]