ABŞ-ın İrana qarşı planlarının pərdəarxası - iqtisadi maraq, yoxsa...

Şahin Cəfərli: "İran məsələsi birdəfəlik həll olunana qədər İsrail və ABŞ rahat nəfəs ala bilməz”; Hikmət Hacızadə: "ABŞ İrani regionu qeyri-stabil vəziyyətə gətirməkdə günahlandırır”


"ABŞ-ın İran siyasətinin təməlində iqtisadi maraqlardan çox, siyasi və təhlükəsizlik məsələləri dayanır. İran bu gün dünyada ABŞ-ın önəmli geosiyasi rəqiblərindən biridir”.


Politoloq Şahin Cəfərli bu fikirləri "Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, bir neçə gün əvvəl dünyanın təsdiq olunmuş ən böyük təbii qaz ehtiyatına sahib olan ölkənin 33,5 trln. kub metrlə İran olduğu açıqlanıb. "Bloomberg” agentliyi xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "BP” şirkətinin "BP 2017-ci il dünya enerji statistikası icmalı” adlı hesabatında bildirilib.


Hesabatda qeyd olunub ki, dünyada hazırda təqdiq olunmuş 186,6 trln. kub metr təbii qaz ehtiyatı var ki, bu da 50 ildən çox müddətə dünyanı təmin etməyə kifayət edər. Ən çox təbii qaz ehtiyatı 79,4 trln. kub metr və ya məcmu ehtiyatların 42,5%-i ilə Orta Şərqdə yerləşib.


Bu məlumatdan sonra bir sıra müşahidəçilər ABŞ-ın son vaxtlar yenidən masa üzərinə çıxarılan İran planının arxasında iqtisadi amillərin əsas rol oynadığını iddia edirlər. Hesab olunur ki, dünyanın karbohidrogen ehtiyatlarını ələ keçirmək niyyətində olan supergüc indi də İran ərazisindəki böyük ehtiyatlara sahiblənməyi hədəfləyib.


Ş.Cəfərli isə hesab edir ki, ABŞ-ın maraqları üçün İrandan qaynaqlanan problemləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür: "1. ABŞ-ın regional maraqlarına əngəl olması; 2. İsrail dövlətinin təhlükəsizliyi üçün yaratdığı təhlükə; 3. Regionda radikal qruplara verdiyi aktiv dəstək; 4. Nüvə silahı yaratmaq niyyəti. Əvvəla onu qeyd edək ki, İran və ABŞ arasında antaqonizm hansısa konkret hadisələrdən, problemlərdən qaynaqlanmır və daha dərin səbəbləri var. Tutaq ki, hazırda mövcud olan problemlər aradan qaldırılarsa, bu, heç də o demək deyil ki, bu iki dövlət arasında ciddi yaxınlaşma baş verəcək”. Politoloqun sözlərinə görə, təsadüfi deyil ki, 2015-ci ildə tarixi əhəmiyyətli nüvə anlaşmasının imzalanması, Obama hökumətinin İranla bağlı çox yumşaq siyasət aparması İranın ABŞ-a münasibətində köklü dəyişikliyə səbəb olmadı: "İran ABŞ-ı İslam İnqilabının düşməni sayır və İranda rejim dəyişikliyi baş vermədən bu yanaşmanın nə vaxtsa dəyişəcəyini gözləmək doğru olmaz. İran bölgədə İsrail dövlətinin mövcudluğunu qəbul etmir və onu xəritədən silməyi özünün prioritet vəzifələrindən biri elan edib. İsrailin təhlükəsizliyini təmin etmək isə ABŞ-ın regional maraqları arasında mühüm yer tutur. Bu səbəblə, İran-İsrail gərginliyi və düşmənçiliyi avtomatik olaraq İran-ABŞ münasibətlərinə də proyeksiya olunur. Hazırda İranın əlində İsrailə zərbə endirməyə imkan verən ballistik raketlər var. İranın siyasi və hərbi rəhbərliyi İsrailə qarşı aqressiv niyyətini gizlətməyə ehtiyac duymur. İranın bu il iyunun 18-də Suriyada İŞİD mövqelərinə raket zərbələri endirməsini əslində İsrailə qarşı hücumun məşqi kimi qiymətləndirmək olar. Bu durum - yəni İranın İsrail üçün ekzistensial təhlükə olması ABŞ üçün bu təhlükənin neytrallaşdırılması zərurətini doğurur”.

Image result for Şahin Cəfərli musavat.com


Ş.Cəfərli bir məqamı da vurğuladı: "İran hazırda Suriyada Əsəd rejimini, Yəməndə silahlı husiləri, Fələstində HAMAS, ”İslami Cihad" kimi qrupları dəstəkləyir, Fars körfəzində ABŞ gəmilərinə qarşı zaman-zaman aqressivlik nümayiş etdirir. İranın bölgədə ABŞ-ın və İsrailin maraqlarına qarşı istifadə etdiyi ən böyük silahlı qruplaşma isə "Hizbullah”dır. ABŞ-ın terror təşkilatı elan etdiyi bu qruplaşma İran tərəfindən maliyyələşdirilir və bu ölkənin regional siyasətində mühüm rol oynayır. Təşkilat Livanın siyasi həyatında ciddi ağırlığa malikdir. Suriyada Əsəd rejiminin indiyədək ayaqda qalmasında "Hizbullah”ın böyük xidmətləri var. Bir sözlə, İranın bölgədə apardığı vəkalət savaşlarında və regional maraqlarının təmin olunmasında "Hizbullah” başda olmaqla, radikal silahlı qruplar əvəzsiz rola sahibdir. 2015-ci ildə imzalanan nüvə anlaşmasına baxmayaraq, heç kim üçün sirr deyil ki, İran nüvə silahı yaratmaq niyyətindən vaz keçməyib. Obama administrasiyası tərəfindən böyük uğur kimi qiymətləndirilən bu anlaşma əslində problemi kökündən həll etmir. Anlaşma pozularsa, İranın yenidən nüvə proqramını bərpa etmək imkanları qalır. Bu səbəblə, həm İsrail, həm də Tramp administrasiyası məsələni bitmiş saymır".

Politoloq hesab edir ki, İran məsələsi birdəfəlik həll olunana qədər İsrail və ABŞ rahat nəfəs ala bilməz: "Ümumiyyətlə, ABŞ üçün maksimum vəzifə İranda rejim dəyişikliyinə nail olaraq, şah dövründəki kimi, Qərblə əməkdaşlığa gedən siyasi rejimin qurulmasıdır. Ola bilsin, hazırda bu vəzifə aktual deyil, lakin yekun məqsədin bu olduğuna şübhə yoxdur. Belə bir dəyişiklik bölgədə geosiyasi vəziyyətin Qərbin xeyrinə kardinal şəkildə dəyişməsinə, Rusiyanın və Çinin mövqelərinin zəifləməsinə gətirib çıxarardı”.

Image result for Politoloq Hikmət Hacızadə


Politoloq Hikmət Hacızadə isə İrana qarşı koalisiyanın təməlində iqtisadi amillərin rolunun olduğuna şübhə etmir: "Əlbəttə, ümumən iqtisadi maraqlar, neft və s. Amerika üçün vacibdir. Amma son zamanlar neftin də başqa resursların da dəyəri xeyli düşüb. Neft və başqa resurslar kəskin surətdə ucuzlaşır. Ona görə burada başqa aspekt - təhlükəsizlik aspekti qabağa düşür. Amerika İrani regionu qeyri-stabil vəziyyətə gətirməkdə günahlandırır. Burada terrorizmə dəstək, şiə rejimlərinə destruktiv müdaxilə - yardım və s. əsas kimi tutulmalıdır. Əsas məsələ budur”.


Qarşıdurmanın perspektivində nə gözlənilir? İran da İraq kimi viranəyə çevrilə bilərmi, yoxsa böyük savaş gözlənilmir? H.Hacızadə: "Hər şey ola bilər. Əgər İran öz indiki siyasətini davam eləsə, onda ABŞ İrana cidd müdaxilə etməyə çalışacaq”.




[email protected]