Azərbaycan XİN-in “qara siyahısı” böyüyür

Qarabağa səfər üçün vizanı hardan almalı?..


Azərbaycan XİN rəsmi Bakının razılığı olmadan işğal altındakı ərazilərimizə səfər edən xarici ölkə vətəndaşlarının adını artıq bir neçə ildir ki, "qara siyahı”ya daxil edir. Bu məsələ ilə bağlı "Turan” agentliyi yazıb ki, "razılıq almaq” dedikdə nəyin nəzərdə tutulduğunu söyləmək çətindir, çünki Azərbaycan XİN Qarabağa səfər etmək üçün xüsusi vizalar vermir.

XİN-dən isə bildirilib ki, Dağlıq Qarabağ və Ermənistanın işğalı altında olan digər rayonlar Azərbaycanın dövlətinin tərkib hissəsidir. Bu ərazilərə səfərə getmək istəyən xarici ölkələrin vətəndaşları Azərbaycana gəlmək üçün viza ala bilərlər. Viza əldə etdikdən sonra Azərbaycan hökumətindən işğal altında olan ərazilərə getmək üçün razılıq almalıdırlar.


Onu da qeyd edək ki, bu mövzu zaman-zaman gündəmə gəlir və xeyli müzakirələrə səbəb olur. Bu yaxınlarda Milli Məclisin iclasında da məsələ barədə deputatların açıqlama və təklifləri olmuşdu. Deputat Zahid Oruc bildirmişdi ki, Azərbaycan Qarabağa getmək istəyən insanların səfərlərini özü təşkil etməli, ora getmək istəyən insanlara özü viza verməlidir.


XİN-in mətbuat katibi Hikmət Hacıyev isə bildirib ki, ötən ilin dekabrında Aleksandr Lapşinin həbs edilməsindən sonra Azərbaycan XİN-ə Dağlıq Qarabağa səfərlər təşkil etmək üçün müraciət edən əcnəbi jurnalistlər var. Xüsusilə Aleksandr Lapşin hadisəsindən sonra bu cür müraciətlərin sayı daha da artıb. Belarusda tutularaq Bakıya gətirilən bloqçu Aleksandr Lapşinin adı "qara siyahı”da 17-ci idi. Sonuncu dəfə 2016-cı il dekabrın 7-də yenilənmiş "qara siyahı”da 623 nəfərin adı var. 2016-cı ilin iyul ayında isə siyahıda 590 nəfərin adı olub. Həmin şəxslərin sırasında müxtəlif ölkələrin parlament üzvləri, jurnalistlər, elm, mədəniyyət, incəsənət sahəsinin təmsilçiləri, şairlər, yazıçılar, rejissorlar, kinematoqraflar yer alır.

Image result for Hikmət Hacıyev


Məsələn, siyahıda 7-ci yerdə Almaniya vətəndaşı, Bundestaqın üzvü Albert Vayler dayanır. O, 4 avqust 2014-cü il və 3 may 2015-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Səfərin məqsədi qondarma respublikanın keçirdiyi "parlament seçkiləri”ndə müşahidəçi kimi iştirak etməsidir. İşğal altındakı torpaqlarımıza qanunsuz səfər edən deputatların çoxu Avropa ölkələrindən olanlardır.


Müxtəlif ölkələrin tanınmış media qurumlarının nümayəndələri də qondarma "Dağlıq Qarabağ Respublikası”na səfər etdiklərinə görə XİN-in "qara siyahı”sına daxil ediliblər. Ən çox jurnalist Rusiyadan səfər edib. Onların arasında "LifeNews” kanalının bir neçə əməkdaşı, gazeta.ru portalının müxbiri Aleksandr Rıbin, "Denqi” qəzetinin əməkdaşı Anastasiya Kərimova, "Kommersant”qəzetinin jurnalisti İlya Barabanov , "Evrosport” telekanalının əməkdaşı İqor Kıtmanov, "Pervıy Kanal” telekanalının müxbiri İvan Prozorov, "Exo Moskvı” radiosounun müxbiri Vladimir Viktoroviç Varfolomeyev, "Pravda” qəzetinin əməkdaşı Vadim Tırkaçov, "NTV+” kanalının əməkdaşı Mixail Mossakovski, "Russia Today” telekanalının müxbiri Murad Qazdiyev "Komsomolskaya pravda” qəzetinin jurnalisti Antoni Halpin və digərləri var.


"Qara siyahı”ya daxil edilmiş hər bir şəxsin hərəkətləri kompleks şəkildə qiymətləndirilir. Onun fəaliyyətində kifayət qədər cinayət tərkibli elementlər olduğu təqdirdə bu və ya digər xarakterli təqib mexanizmləri həyata keçirilir. Azərbaycan bunu dəfələrlə bəyan edib və nəticələri ilə bağlı əcnəbi vətəndaşlar xəbərdar edilib. "Arzuolunmaz şəxslər” siyahısında barəsində cinayət işi olan şəxslər də var. Məsələn, Slovakiya vətəndaşı Frantişek Mikloşko, İsveçrə vətəndaşı Vardan Sirmakeş və digərlərin adları var.


Ona görə də bu məsələdə Azərbaycan tərəfi vəziyyəti kompleks şəkildə qiymətləndirir və bütün detalları nəzərə alaraq, hər hansı şəxs barəsində hüquqi mexanizmlərlə bağlı addımların atılması ilə bağlı respublikanın hüquq-mühafizə orqanları tərəfindən qanuni müstəvidə qərarlar qəbul edilir.


Qeyd edək ki, Frantişek Mikloşko Slovakiya parlamentinin sabiq üzvüdür. O, qondarma "DQR”də 23 may 2010-cu ildə, 14 fevral 2012-ci il və 3 may 2015-ci ildə keçirilimiş "parlament seçkiləri”ndə müşahidəçi olub. İsveçrə vətəndaşı Vardan Sirmakeş isə "Franck Muller” şirkətinin həmtəsisçisi və prezidentidir. O, 28 oktyabr 2014-cü ildə Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl mədəninin açılışında iştirak edib.




[email protected]