Partiyalar niyə əməkdaşlıq sazişləri bağlamır?

Əhməd Oruc: "Siyasi liderlər, əsasən də AXCP-Müsavat Partiyası arasındakı intriqa və dartışmalar müxalifəti indiki duruma gətirib”

Əli Əliyev: "Burada həm daxili, həm də xarici faktor rol oynayır”

Uzun müddətdir ki, ölkə müxalifətinin fəaliyyəti sosial şəbəkə üzərinə köçüb. Müxalifət partiyaları meydanlardan çəkilməklə yanaşı, artıq bir-biriləri ilə kağız üzərində olsa belə əməkdaşlıq etmirlər. Növbəti il prezident seçkilərinin olacağı gözlənilsə də hələ də müxalifət partiyalarının hər hansı bir hərəkətinin, birliyinin və ya aralarındakı sazişin şahidi deyilik.

Ötənlərdə müxalifətin seçki ərəfəsində yaranan bir sıra blok və birlikləri olub. Lakin onların heç birinin fəaliyyəti uzun çəkməyib. Eyni zamanda bəlli olduğu kimi bu birliklər istəklərinə nail olmadan parçalanıblar.

Son zamanlar da görünən budur ki, müxalifət iqtidara qarşı mübarizədən çox, öz aralarındakı intriqalara vaxt sərf edir.

Azadlıq Partiyasının sədri Əhməd Oruc "Yeni Müsavat”a bildirib ki, indiki real situasiyanı diktə edən kompleks səbəblər mövcuddur: "Burada əsas səbəblərdən birincisi, təbii ki, hakimiyyətin siyasi fəaliyyət üçün heç bir ayaq yeri qoymaması ilə bağlıdır. İkincisi, uzun müddətdir ki, siyasi liderlər, əsasən də AXCP-Müsavat Partiyası arasındakı intriqa və dartışmalar müxalifəti indiki duruma gətirib. Artıq bu proses demək olar ki, 24 ildir eyni şəxslər tərəfindən davam etdirilir. Bundan başqa bir səbəb də var ki, digər partiyaların da böyük bir qismi hakimiyyətdən ya paket alır, ya da onun hansısa formada nəzarətindədir. Ona görə də seçkilər öncəsi müəyyən aktivləşmələr olsa da, sonrakı dövrlərdə siyasi partiyalar aktivləşməyə, bloklaşmağa qətiyyən maraqlı olmurlar. Qarşıdan seçki ili gəlsə də fikir verirsinizsə AXCP və Müsavat Partiyasının yüksək ranqlı nümayəndəsinin həbsi belə, müxalifəti bir araya gətirə bilmədi. Gürcüstanda müxalifət bu məsələ ilə bağlı bir neçə aksiya keçirsə də, Azərbaycanda məsələyə yönəlik heç bir addım müşahidə olunmur. Siyasi liderlər arasındakı münasibətlər, onların yalnız hakimiyyət deyil, bir-birilərini sıradan çıxarmaq uğrunda daha kəskin mübarizələri yaxın zamanlarda hansısa ciddi bir siyasi birliyin yaranmasına imkan verməyəcək. Çalışırıq ki, hansısa şəkildə 2018-ci ilə milli demokratik platformada olan siyasi təşkilatları bir araya gətirək, müzakirələr edək. Təəssüf ki, hələ bu məsələ də reallaşmır”.

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, yaşananlar ölkədəki durğunluqla bağlıdır. Onu da qeyd edək ki, ADP-nin də bir zamanlar Ümid Partiyası ilə əməkdaşlığı əsasında təmsil olunduğu Qarabağ bloku vardı. Lakin hazırda bu birlik də dağılıb. S. Cəlaloğlu mövzu ilə bağlı aşağıdakıları bildirdi: "Müxalifət də cəmiyyətin bir hissəsidir, cəmiyyət isə ölü vəziyyətdədir. Gələcəkdə müxalifət partiyaları arasında hansısa sazişlərin olub-olmaması hadisələrin gedişindən asılı olacaq. Ümid Partiyası ilə ayrılmağımızın səbəbi bu oldu ki, parlament seçkiləri ərəfəsində onlar "125-lər” siyasi blokunu yaratdılar və onlarla işlərini qurdular. Bu səbəbdən də əməkdaşlığı davam etdirə bilmədik”.

VİP sədri Əli Əliyev isə mövzu ilə bağlı "Yeni Müsavat”a fərqli fikirlər söyləyib: "Mənə elə gəlir ki, burada həm daxili, həm də xarici faktor rol oynayır. Adətən Azərbaycanda geniş koalisiyalar beynəlxalq dəstəyin, fəallığın kölgəsində yaranırdı. Azərbaycanın ən böyük koalisiyaları 2003-2005-ci illərdə olub. 2003-cü ildə prezident seçkiləri zamanı Bizim Azərbaycan blokunun yaratdığı koalisiya inandırıcı idi. Çünki ölkədə yeni prezidentin seçilməsi ehtimalında beynəlxalq cameyə fəal idi. 2005-ci ildə isə Azadlıq blokuna da beynəlxalq dəstək vardı. O zaman məlum inqilablar dalğası ərəfəsində Azərbaycanda beynəlxalq təşkilatlar fonunda parlament seçkiləri üçün ciddi koalisiyanın formalaşması baş verirdi. Ancaq seçkilərdən sonra beynəlxalq cameyə Azərbaycan müxalifətinə bir qədər fərqli münasibət ifadə edir. Bu baxımdan belə demək mümkündürsə, kənar stimul mövcud deyil. Ölkənin daxilində də hələ ki, hakimiyyətdaxili vəziyyət müxalifəti təşkilatlanmağa tələsdirmir. Belə ki, hələlik hakimiyyət çətin də olsa ağır maliyyə şərtləri ilə idarəçiliyi həyata keçirə bilir. Hesab edirəm ki, idarəçiliyin pozulması və beynəlxalq fəallaşmanın fonunda Azərbaycanda çox sürətlə gedə biləcək təşkilatlanma prosesləri ola bilər. Ancaq hələlik müxalifət təşkilatlarının ortada olmama səbəbindən daha çox partiyadaxili və fərdi maraqlardan istifadə edirlər”.

Ə. Əliyev də partiyalar arasında intriqalardan danışıb: "Qarşıda gələn dövrdə baş verə biləcək ssenarilərdə partiyaların, onların birliklərinin tutacağı mövqe həyati əhəmiyyətlidir. Bu baxımdan partiyalar bir qədər məsafə saxlamalı və həlledici mərhələ olmadığı üçün daha çox birgə maraqlarını önə çəkirlər. Ona görə də hələ ki, ölkənin daxilində ciddi təşkilatlanma işlərinə şahid olmuruq. Ancaq prezident seçkilərini yaxın nələrinsə dəyişəcəyi mümkündür. Mənə görə, bu il prezident seçkiləri olmalıdır. Belə olacağı halda isə müxalifətin təşkilatlanması çox çətin olacaq və buna zaman yetməyəcək. Seçkilər 2018-ci ilə qalmış olarsa müxalifətin birləşmə şansı yüksəkdir. Çünki cümhuriyyətin yaranmasının 100-cü il dönümü cəmiyyətdə və eləcə də beynəlxalq aləmdə vəziyyət fərqli olacaq. Bu baxımdan müxalifətin təşkilatlanması üçün stimul, cəmiyyətin proseslərə cəlbi üçün fəaliyyət daha çox ortada olacaq”.




[email protected]