Qabil Hüseynli: "Azərbaycan heç zaman İranın Vaşinqtonun hədəfində olmasını istəməz”
ABŞ prezidenti Donald Tramp Mayamidə öz tərəfdarları qarşısında çıxışında sələfi Barak Obamanın Kuba və İranla bağlı son illərdə yürütdüyü siyasəti kəskin tənqid edib və onun imzaladığı sazişlərin əksəriyyətindən imtina edib.
Yada salaq ki, Barak Obama dönəmində istər İran, istərsə də Kuba ilə siyasi dialoq, sanksiyalar məsələsində ABŞ Konqresindəki respublikaçılar sərt mövqedə olublar. Hətta respublikaçı çoxluq "Altılığ”ın İranla iki il öncəki məlum anlaşmasını sabotaj eləməyə, sıfırlamağa çalışmışdı. İndi artıq ABŞ-ın respublikaçı prezidenti kimi D.Tramp da eyni mövqe sərgiləyir. Çıxışından açıq görünür ki, yeni prezident ABŞ-ı Kuba və İranla "soyuq müharibə” dönəminə qaytarmağa çalışır.
Venesuela, Kuba və İran rejimlərini təhdid edən Tramp bəyan edib ki, bu ölkələrə qarşı əvvəlki sanksiyalar, blokada qüvvədə qalacaq: "Mən əvvəlki administrasiyanın qərarını ləğv edirəm. Qərarım dərhal qüvvəyə minir”, - deyə o vurğulayıb. Tramp İrana qarşı yeni sanksiyaların qəbul ediləcəyini, hədəfində İranın olacağını da bəyan edib. Bir gün öncə isə ABŞ Senatı Rusiya ilə yanaşı, İrana qarşı da sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib.
Ekspertlərə görə, cənub qonşumuz İranın hədəf alınması və ona qarşı yeni sanksiyaların tətbiqi qonşu ölkə kimi Azərbaycanı regionda daha çevik və həssas siyasət aparmaq, İranın maraqlarına daha diqqətli yanaşmaq, hətta seçim qarşısında qoya bilər. Beləliklə, getdikcə məlum olur ki, Barak Obama hakimiyyətinin son illərində İranla münasibətlərin yumşaldılması strategiyasının üstündən prezident Donald Tramp xətt çəkməkdə israrlıdır. ABŞ Barak Obama hakimiyyətinin son illərindən öncəki on illər ərzində tutulan siyasi xəttə-İranla konfrantasiya xəttinə qayıdır. Bu siyasətə qayıdışın isə təkcə İrana deyil, ətraf ölkələri də müxtəlif formalarda təsir edəcəyini ekspertlər vurğulayırlar. Azərbaycanın İranla sərhəd qonşusu, sıx əlaqələri olduğunu nəzərə alsaq, ABŞ-ın İranı yenidən sərt şəkildə hədəfə almaq siyasətinə qayıdışının xeyirimizə, yoxsa zərərimizə olacağı sualı aktuallaşır.
Politoloq Qabil Hüseynli bu mövzuda "Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan heç zaman İranın Vaşinqtonun hədəfində olmasını istəməz: "Bunun birinci səbəbi ondan ibarətdir ki, İran qonşu dövlətdir və bizi həmin ölkə ilə tarixi, mədəni, dini bağlar bağlayır. İkincisi ondan ibarətdir ki, orada 35 milyona yaxın soydaşlarımız yaşayır. Yəni hədəfdə sanki həm də bizim soydaşlarımız olacaq. Üçüncüsü, Trampın bu siyasəti heç də dəqiqliklə dünya reallıqlarını özündə əks etdirmir. İrana qarşı sanksiyaların bir qismi götürülmüşdü və İran sanki dünyaya açılmağa başlamışdı. İndi təzədən İranla münasibətlərin əvvəlki gərginliyə qaytarılması yaxın Şərqi həddindən artıq təlatümlərə gətirib çıxaracaq. Heç bir dövlət istəməz ki, qonşuluğunda müharibə alovlansın. Çünki o alovun sıçrama ehtimalı böyükdür. Vaşinqtonun İrana qarşı düşündüklərinin içində rejim dəyişikliyi məsələsi, hətta hərbi müdaxilə variantı da var. Bu, xeyli qaçqınlar ordusu yarada bilər. Bundan əziyyət çəkən əsas ölkələrdən biri məhz Azərbaycan olar. İrana qarşı güc tətbiqi Azərbaycan da daxil, əksər bölgə dövlətləri üçün ciddi təhlükələr yarada bilər. Tramp Obama dövrünü təftiş etməklə yanlışlıqlara yol verir. Xüsusilə İran siyasətində yanlışlıqların olduğu qənaətindəyəm. İrana qarşı ənənəvi sərt siyasətə qayıdış, sərt addımlar onun qonşuluğunda olan Azərbaycanın ABŞ üçün əhəmiyyətini artıra bilər. Ancaq əhəmiyyətin artması heç də həmişə müsbət effekt vermir, ölkəyə xeyir gətirmir”.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, Donald Trampın İranı konkret olaraq hədəfə çıxarmaqda məqsədinin nə olduğunu şərh etdikdə öncə onun komandasına diqqət etmək, yəhudi lobbisinin, İsrailin onun hakimiyyətə gəlməsində roluna baxmaq lazımdır: "Tramp əgər hakimiyyətdə konstitusiyanın ona verdiyi müddətdə qala biləcəksə, İran siyasətinə öncəlik verəcəyi ortadadır. Rusiya məsələsinin sərt şəkildə gündəmə gəlib-gəlməyəcəyi isə Rusiyanın İran məsələsində davranışına bağlı olacaq. Mənə belə gəlir ki, Rusiyaya doğru reveransların Tramp tərəfindən edilməsinin bir səbəbi də ondan ibarətdir ki, Tramp Rusiyanı sadəlövhcəsinə neytrallaşdırmaq niyyətindədir. Hansı ki, praktiki olaraq bunun mümkün olma ehtimalı sıfıra yaxındır. Rusiyanın 300 illik cənub strategiyasından imtina etməsini düşünmək sadəlövhlük olardı. Digər tərəfdən ABŞ-da daxili vəziyyəti nəzərə alsaq, Konqresin, Senatın, Maliyyə Palatasının xarici siyasətdə rolunu nəzərə alsaq, düşünürəm ki, Trampın bu strategiyanı həyata keçirməsi qeyri-mümkün olacaq. Amerika daxili balanslaşdırıcı güclər buna imkan verməyəcək və Tramp yenidən qlobal strategiyaya dönməli olacaq. Amma İran məsələsi gündəmdə olacaq. Çünki bunda maraqlı olan başqa böyük güclər də var. İran məsələsinin gündəmə gəlməsi, İranın hədəf seçilməsi ehtimalı çox yüksəkdir”.
S.Əkbərin fikrincə, İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir: "Çünki Azərbaycanın tarixi coğrafiyasının böyük hissəsi İranda yerləşir, Azərbaycan türklərinin böyük hissəsi İranda yaşayır. Azərbaycan Respublikasının da İranla həmsərhəd olduğunu nəzərə alsaq əminliklə deyə bilərik ki, İran məsələsi həm də Azərbaycan məsələsidir. İran məsələsi gündəmə gələcəksə, bu o deməkdir ki, istər Cənubi Azərbaycan, istər Şimali Azərbaycan məsələsi gündəmə gələcək. Onu da nəzərə alaq ki, ABŞ İranda yumşaq dəyişiklik strategiyasını həyata keçirmək istəyir. Bu isə o deməkdir ki, Vaşinqton yumşaq gücdən, İrandaxili faktorlardan, ilk növbədə Cənubi Azərbaycan məsələsindən daha çox istifadə etməyə çalışacaq. Belə vəziyyətdə isə Azərbaycan Respublikasının da kənarda qalması demək olar praktiki imkansız olacaq. Biz istəsək də, istəməsək də bu məsələyə-prosesə cəlb olunacağıq. Azərbaycanı bu məsələdə tərəf seçməyə həm Rusiya, həm də ABŞ məcbur etməyə çalışacaq. Bütövlükdə region qızışacaq, Azərbaycan Respublikasının ABŞ, Avropa Birliyi və İsrail üçün önəmi artacaq”.