Arif Rəhimzadə aranı yenə qatdı

Sabir Rüstəmxanlı: "Türk dilində danışanların, bu dili anlayanların sayı əslində rus dilini bilən, başa düşənlərdən az deyil”; Elçin Mirzəbəyli: "Nəyə görə biz dünyaya 5-ci sırada dayanan dil vasitəsi ilə çıxmalıyıq?

Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadənin son müsahibəsində səsləndirdiyi bəzi fikirlər müzakirələrə səbəb olub. Deputat Azərbaycan xalqının dünyaya çıxışı üçün rus dilini ingilis dilindən daha vacib hesab edir.

İndiyə qədər rus dili ilə Avropa və dünyaya çıxdığımızı deyən A.Rəhimzadə bu dili kənara atıb, ingilis və digər xarici dillərə üstünlük verilməsinin əleyhinə olduğunu bildirib. YAP funksioneri fikirlərini bununla əsaslandırıb ki, Azərbaycan xalqı rus dilini ingilis və digər xarici dillərə nisbətən daha yaxşı bilir. Bundan sonra ingilis dilini öyrənmək üçün uzun zaman tələb olunduğunu vurğulayan Rəhimzadə bu müddət ərzində rus dili ilə çıxışın vacibliyini dolayısı ilə qeyd edib. Deputatın ciddi qalmaqala səbəb olan digər fikirləri də var. O, Azərbaycan xalqının və dövlətinin formalaşmasında Rusiyanın böyük rolunun olduğunu dilə gətirərək, Şərqdə ilk demokratik və müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında şimal qonşumuzun böyük təsirinin olduğunu iddia edib. Hətta A.Rəhimzadə üç ay öncə türk olmadığımızla bağlı dediklərindən sonra məhşər ayağına çəkildiyi bu mövzuya yenidən qayıdaraq, bir daha bəyan edib ki, bir zamanlar özümüzü müsəlman, sonra isə türk adlandırırdıq, ancaq biz Azərbaycan xalqıyıq.


Onun söylədikləri birmənalı qarşılanmayıb. Əksəriyyət onun fikirlərinin əleyhinə çıxış edir.

Related image


VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, hər bir xalq dünyaya öz dili ilə çıxmağa çalışmalıdır: "Arif Rəhimzadənin fikirlərinə münasibət bildirmək istəmirəm. Çünki ona bir insan olaraq hörmətim var. Öz şəxsi mövqeyi var. Sona qədər də mövqeyində dayanan şəxsdir, yəni mövqeyindən geri çəkilmir. O da bu cür düşünür. Açığı, düşünmürəm ki, Arif Rəhimzadə kiminsə sifarişi ilə bu sözləri deyir. Hər kəsin öz fikirlərini ifadə etmək hüququ var. Amma düşüncəmə görə, dünyaya çıxmaq üçün rus və ingilis dillərindən kömək ummaqdansa, dünyaya öz dilimizlə çıxmağın yollarını düşünməliyik. Dilimizin imkanları genişlənməlidir. Türk dilində danışanların, bu dili anlayanların sayı əslində rus dilini bilən, başa düşənlərdən az deyil. Təbii ki, dünyada hazırda formalaşan əsas ünsiyyət dili ingilisdir. Amma rus dilinin əhatə dairəsi getdikcə daralır. Xalqların oyanma prosesi ariyalı daha da məhdudlaşdıracaq. Amma Rusiyada vətəndaşlarımız yaşayırlar. Kim istəyirsə rus və ingilis dillərini öyrənə bilər. Ancaq bununla yanaşı dilləri qarşı-qarşıya qoymaq, Rusiyanın taleyimizdə daha ciddi rol oynadığını düşünmək, Kremlə daha çox belə bağlanmaq doğru deyil. Bir faktı unudurlar ki, 1918-20-ci illərdə ruslar bolşevik düşüncəsi ilə ölkəmizə gəlmişdilər. XI Qızıl Ordunun gəlişi faciə olmamalı idi, amma oldu. Əgər indi Azərbaycan Rusiyaya meyllənsə, Kreml ölkəmizə yenə də bolşevik düşüncəsi, 1990-cı ilin yanvarındakı düşüncə ilə gələcək. Rus şovinizmi hazırda Rusiyada cövlan edir. Ona görə rus həvəskarlığı, rus sevdası ilə milləti ikinci sıraya atmaq kimi düşüncədən azad olmaq lazımdır. Dünyaya çıxışın hazırda çoxsaylı müxtəlif yolları var. Təkcə internet məsələsini önə çəkmək kifayət edir. Biz Azərbaycan türkləri 50 milyon olaraq, türk dünyasının böyük xalqlarındanıq. İngilis və fransız xalqları da təxminən bu qədərdir. Bu xalqın mədəniyyətini, dilini düşünmək lazımdır. Kənar xalqların qoltuğuna sığınmaq kimi köhnə düşüncələrdən əl çəkmək lazımdır”.

Image result for Politoloq Elçin Mirzəbəyli


Politoloq Elçin Mirzəbəyli deputatın bu cür fikirlərinin maraq doğurduğunu qeyd etdi:"Komitənin toplantılarında konkret istiqamətlər üzrə danışan Arif Rəhimzadənin birdən-birə türkçülük, azərbaycançılıq, rus dili, Azərbaycan Xalq Cümhuriyyəti və digər bu kimi məsələlərlə bağlı gündəm yaratmağa cəhd etməsi maraq doğurur. Bunun nədən və haradan qaynaqlandığını deyə bilmərəm. Ola bilsin ki, öz dünyagörüşündən, daşıdığı ideologiyanın prinsiplərindən çıxış edir. Rus dilinin dünyaya çıxmaq üçün ingilis dilindən daha sərfəli olduğu isə əsaslandırılmamış yanaşmadır. 2016-cı ilin statistikasına görə, dünya kitabxanalarında 20 milyarddan çox kitab saxlanılır və bu kitabların təxminən 70 faizindən çoxu ingilis dilindədir. Rus dilində olan kitabların sayı hətta ərəb dilində olan kitabların sayından da azdır. Rus dilində olan internet resurslar ingilis dilində olan resurslarla müqayisəyəgəlməz dərəcədə azdır. İngilis dili dünyada 410 milyon insanın ana dili hesab olunur. İngilis dilində danışanların sayı isə 1,3 - 1,4 milyard təşkil edir. Rusların statistikasına görə, rus dili 130 milyon insanın ana dilidir. Rusların statistikasına görə, dünyada 270 milyon insan rus dilində danışmağı bacarır. Yenə də rusların öz statistikasına əsasən, onların dili populyarlığına görə dünyada beşinci yerdə dayanır. Sıralama isə belədir: İngilis, alman, fransız, ispan və nəhayət rus dili... Bu baxımdan, Arif Rəhimzadənin rus dilinin dünyaya çıxmaq üçün daha sərfəli olduğu barədə arqumentinin nəyə əsaslandığını müəyyənləşdirməyə çətinlik çəkirəm. Nəyə görə biz dünyaya 1-ci, 2-ci, 3-cü və 4-cü dillər vasitəsilə deyil, 5-ci sırada dayanan dil vasitəsi ilə çıxmalıyıq? Müasir Rusiya və müasir ruslar Pyotrun Avropadan mənimsədiyi islahatların bəhrəsidir. Ruslar hazırda sahib olduqları hər şeyi Avropadan götürərək özününküləşdiriblər, amma yenə də avropalı ola bilməyiblər. Müasir rus mədəniyyəti müəyyən folklor elementləri və Şərq mədəniyyətinin təsiri istisna olunmaqla Avropa mədəniyyətinin təhrif olunmuş formasıdır. İndi biz nədən Avropa mədəniyyəti və arealı ilə birbaşa deyil, onun təhrif olunmuş forması vasitəsilə ünsiyyətdə olmalıyıq? Arif Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının da Rusiyada təhsil aldığını, Cümhuriyyətin Rusiyanın sayəsində meydana çıxdığını iddia edir... Cümhuriyyətimizin 100 illiyinə hazırlaşdığımız dövrdə belə fikirləri təhlükəli hesab edirəm. AXC qurucularının bir hissəsinin Rusiyada təhsil alması təbii qəbul olunmalıdır. Çünki Azərbaycan müstəqilliyini əldə edənədək çar Rusiyasının bir parçası idi. Amma diqqət yetirdikdə, heç də o qurucuların böyük əksəriyyətinin Rusiyada təhsil almadığının şahidi olarıq. O ki, qaldı Rusiyanın AXC-nin qurulmasında oynadığı rola, bu barədə düşünmək belə təəccüb doğurur. Hansı imperiya vaxtilə ilhaq etdiyi ərazisinin bir parçasında müstəqil dövlətin qurulmasını istəyər ki? 1920-ci ildə baş verən rus-bolşevik işğalı sübuta yetirdi ki, istəmirmiş”.


E.Mirzəbəyli A.Rəhimzadənin dediklərinin mənsub olduğu partiyaya zidd olduğunu düşünür: "Arif Rəhimzadənin kiminsə mesajını çatdırdığı barədə heç nə dəyə bilmərəm. Amma onun səsləndirdiyi fikirlərin bütövlükdə mənsub olduğu partiyanın ideoloji prinsiplərinə, istiqlalçılığa, milli məfkurəmizə zidd olduğunu deyə bilərəm. Qısa bir zaman kəsiyindən sonra gənclərimizin bu ölkədə SSRİ-dən qalma bütün maneləri yenəcəklərinə şübhə etmirəm. Rusiya Azərbaycandan çıxıb gedib, amma nədənsə bəzi adamlar Rusiyadan çıxmaq istəmirlər. Belə anlaşılmasın ki, mən Rusiyaya qarşı aqressiv köklənmişəm, ruslara neqativ münasibət bəsləyirəm. Əsla yox. Amma heç bir xalqın, millətin bizdən üstün olduğunu da düşünmürəm. Bütün rus ədəbiyyatını üst-üstə yığsan Nizaminin kölgəsində itib batar. Bir az da özümüzü sevsək, daha yaxşı olar. Heç bir xalq bizdən üstün deyil”.





[email protected]