Fransada parlament seçkilərinin 2-ci turu başa çatdı. Prezident Emmanuel Makronun partiyası böyük üstünlüklə qalib gəldi.
İctimaifikir.az Musavat.com-a istinadən xəbər verir ki, Makronun İrəli Respublika Partiyası koalisiyada olduğu Demokratik Hərəkat (Mouvement democratique-Modem) partiyası ilə birlikdə 62,1% səs toplayıb.
Fransanın "Le Monde” qəzetinin bu vaxta qədər verdiyi məlumata əsasən, Makronun liderlik etdiyi koalisiya 577 yerlik Milli Assambleyada 361 yerə sahib olacaq. "Le Figaro” qəzeti isə hakim parityanın 359 deputat mandatına sahib olduğunu xəbər verir.
Prezident artıq öz pariyasının qələbəsini elan edib. Baş nazir Eduard Filip isə jurnalistlərin qarşısına çıxaraq fransız seçicilərinin "İrəli”-yə səs verməklə ümid və nikbinliyi seçdiyini vurğulayıb: İrəli Respublika Partiyasının qələbəsi ölkəyə yeni şans və fransız demokratiyasına yeni nəfəs verəcək”, -baş nazir təntənə ilə bəyan edib.
Makronun seçkilərdəki əsas rəqibi Marin Le penin Milli Cəbhə Parityası 6-8 yer qazana bilər.
Qeyd edək ki, Marin Le Pen özü ilk dəfə parlamentə keçməyə nail olub. O, Enen-Benon şəhər dairəsində seçicilərin 60% səsini toplayaraq deputat seçilib. Onun rəqibi, E.Makronun İrəli Respublika Partiyasından Ann Roke cəmi 30% səs toplayıb. Bu vaxta qədər Marin Le Pen sadəcə Avropa Parlamentinin üzvü seçilib. Avropa Birliyinin qanunlarına görə, o, Brüsseldəki mandatını təhvil verməli olacaq.
Qeyd edək ki, Marin Le Penin ailəsindən, onun atası, Mİlli Cəbhənin keçmiş lideri Jan Mari le Pen və onun nəvəsi Marion Mareşal Le Pen Fransa parlamentində təmsil oluna biliblər.
Seçiciləri qarşsında çıxış edən Le Pen hakimiyyətin miqrasiya siyasətinə və Fransaya miqrant axınına qarşı mübarizə aparacağını bəyan edib. Le Pen seçicilərin gəlmə faizini aşağı olduğuna diqqət çəkərək, seçildiyi parlamentin legitimliyini belə şübhə altına alıb.
Prezident seçkilərində 20%-lik səslə böyük sürprizə imza atan Jan Lük Melanşonun Əyilməz Fransa Partiyası parlamentdə 25 mandatla kifayətlənəcək. Melanşon Makron iqtidarına qarşı qatı və radikal müxalifətdə duracağını indidən bəyan edib.
Seçkinin ən böyük məğlubu isə şübhəsiz ki, dünənə qədər ölkənin iki siyasi gücündən biri hesab olunan Sosialistlərdir. Ötən seçkilərin 289 deputat mandatına sahib partiya indi 40-45 yerə ümid edə bilər.
Fransa əhalisi sağçı Respublikaçıları ölkənin ana müxalifət partiyası olaraq müəyyən edib. İlkin nəticələrə əsasən, partiya 22% səslə 125-135 mandat qazanacaq. Respublikaçıların qazandığı nəticə əslində onlar üçün bəlkə də uğur olaraq qiymətləndirilməlidir. Parityada önə çıxan və parlaq lider yoxdur. Buna rəğmən, onun namizədləri 2-ci turda gözlənilənlərin əksinə bir çox dairədə Makronun parityasının nümayəndələrinə qalib gələ biliblər.
Hər halda siyasi müşahidəçilər fransızların prezidentə ən az 5 illik siyasi kredit verdiyini qeyd edirlər. İndi Emmauel Makron və Eduard Filip cütlüyünün qarşısında seçicilərə vəd edilən bəzi islahatlar durur.