Bəxtiyar Sadıqov: "Avropa Parlamenti bu cür qərarlar verməkdə davam edəcək”; Əhəd Məmmədli: "Qətnamə istənilən halda Azərbaycanın imicinə ziyandır”
Avropa Parlamentində jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qəbul edilən sərt qətnamə ətrafındakı müzakirələr səngimək bilmir. Hər keçən gün məsələ ətrafında yaranan müzakirələr böyüyür. Hakimiyyət dairələrindən qətnaməyə sərt etirazların şahidi oluruq.
Bu qətnamənin Azərbaycanla Avropa Birliyi arasında gedən və son aylarda intensivləşən danışıqlara ciddi zərbə vuracağı, danışıqları bir növ qeyri-müəyyən vaxta qədər ləngidəcəyi bildirilir. Xüsusilə, Donald Trampın gəlişindən sonra Amerika başda olmaqla Qərb ölkələrinin Azərbaycan tipli dövlətlərə qarşı münasibətlərinin yaxşıya dəyişdiyi barədə deyilənlərin əhəmiyyətini qətnamənin yox etdiyi vurğulanır. Trampın "heç bir dövlətin daxili işlərinə qarışmayacağıq” sözləri ilə bu qətnamənin üst-üstə düşmədiyi qeyd olunur. Belə bir qərarın Bakı ilə münasibətlərə zərbə vuracağı istisna olunmur.
"Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov Avropa Parlamentinin məsələləri araşdırmadan ölkəmizə yönəlik qəbul etdiyi bu cür qərəzli qərarların ilk olmadığını bildirdi: "Azərbaycanın müstəqil siyasət yürütməsi, daim öz maraqlarını öndə tutması müxtəlif qurumları narahat edir. Avropanın və Avropa Parlamentinin Azərbaycanla bağlı öz maraqları və gözləntiləri var. Amma Azərbaycan o danışıqlarda əvvəlcə öz maraqlarını təmin edir, sonradan saziş bağlanır, hər iki tərəfin maraqlarını təmin edən münasibətlər qurulur. Avropa Parlamentinin bu qərarı Azərbaycan gerçəkliyinə uyğun deyil. Əgər bu beynəlxalq qurum insan haqlarını bu qədər yüksəkdə tutursa, o zaman niyə erməni girovluğunda olan Dilqəm və Şahbaz barədə belə bir qərar qəbul etmir? Əfqan Muxtarlı qanunsuz sərhədi keçib, amma onlar öz ata-baba yurdlarına gediblər. Heç bir dövlət sərhədi pozmadan bunu ediblər. Əgər sən jurnalistlərin hüquqlarını belə həvəslə qoruyursansa, yüzdən çox jurnalist Dağlıq Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkib. Hər işğal olunan rayonda redaksiyalar, radio verilişləri var idi. Onlar öz sevimli peşələrindən ayrı düşdülər, çadır şəhərciyində yaşamalı oldular. Orada da qəzet çıxarmaq mümkün deyil. Nəinki bunların mülkiyyət, yaşayış yeri seçmək hüququ pozuldu, üstəlik, onların jurnalist peşələri ilə məşğul olmaq hüquqları pozuldu. Niyə bəs bundan narahat olmursunuz? Düşünürəm ki, Avropa Parlamenti bu cür qərarlar qəbul etməkdə davam edəcək. Çünki orada da Azərbaycana qarşı münasibətdə ikitirəlik var. Səsvermə vaxtı orada Azərbaycanı istəyənlərin olduğu müşahidə olunub. Ölkəmizin bu məsələdə haqlı mövqeyini müdafiə edənlər var. Bizi istəməyənlər də var ki, bir bəhanə gəzirlər ölkəmizə təzyiq etmək üçün. Diqqət yetirsək, görə bilərik ki, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərinə qədər öz umacaqlarını almaq üçün çalışırlar ki, bu tipli qərarlar qəbul etsinlər. Amma bundan zərrə qədər narahat deyilik. Biz bərabərhüquqlu, qarışıqlı maraqlara əsaslanan münasibətin tərəfdarıyıq. Daim də buna doğru getmişik. ABŞ-Azərbaycan münasibətlərinə bu qərarın zərrəcə təsir edəcəyini düşünmürəm. ABŞ-ın Avropa və Avropa Parlamentinə təsiri daha çoxdur, nəinki əksi. Tramp özünəməxsus bir siyasətçidir. O heç vaxt nəzərə almayacaq ki, hansısa bir qurum şübhəli olan bir qərar Azərbaycana qarşı qəbul edib. Ona görə Azərbaycanla münasibətlərə yenidən baxacağını, belə qərarların danışıqlara təsir edəcəyini güman etmirəm. Hesab edirəm ki, Avropa Parlamenti dəfələrlə belə qərarlar qəbul edib, sonra yenidən danışıqlar olub. Prezidentimizin qətiyyətli mövqeyi onları öz qərarlarına yenidən baxmağa sövq edib. Bu dəfə də belə olacaq. Azərbaycan heç bir beynəlxalq qurum və təşkilatdan asılı deyil. Ölkəmizin əsas tutduğu prinsip öz maraqları əsasında bütün beynəlxalq qurum və dövlətlərlə münasibətləri nizama salmaq, bunun da əsasında münasibətləri davam etdirməkdir”.
Politoloq Əhəd Məmmədli Azərbaycan-Qərb münasibətlərindəki əməkdaşlığın davam edəcəyini düşünür: "İllərdir sərtliyində bir az çox, bir az da az olan belə qətnamələr çox görmüşük. Sirr deyil ki, Azərbaycan hakimiyyəti ən sıx əməkdaşlığı Qərblə edir. Ən böyük neft layihələri, hərbi koalisiyalarda iştirak Qərb ölkələri ilə edilib, bu yöndə əməkdaşlıq yenə də davam edəcək. Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə gəldikdə isə, bunun Tramp personası ilə heç bir aidiyyəti yoxdur. Tramp hələ namizəd olan vaxtdan deyib ki, əsas işi ölkəsinin mənafeyi olacaq. Bu da o deməkdir ki, ABŞ Azərbaycanla münasibətlərini nəinki saxlayacaq, əksinə daha isti edəcək. Avropa ölkələri isə Trampın Ağ Evə gəlişindən sonra, Amerikaya əvvəlki kimi güvənmirlər. Avropa artıq həm məcbur qalıb, həm də sərf edəndə bilərəkdən ABŞ-dan daha müstəqil siyasət aparmağa başlayacaq. Bir də ki Avropa ölkələrinin nə siyasi, nə də iqtisadi baxımından Azərbaycana böyük təsiri yoxdur. Azərbaycana ən böyük təsiri olan Qərb ölkələri ABŞ və Böyük Britaniyadır. Bu dövlətlərin də Avropa Parlamentinin son qətnaməsinə heç bir aidiyyəti yoxdur. Ona görə Azərbaycan üçün vacibi ABŞ və İngiltərə ilə əməkdaşlığı, tərəfdaşlığı davam etdirməkdir. Bu cür qətnamə istənilən halda Azərbaycanın imicinə ziyandır. Bir tərəfdən YAP iqtidarı milyonlarla müxtəlif layihələrə Avropa ölkələrində pul xərcləyir, o biri tərəfdən də Avropadan bu cür sərt qətnamələr gəlir. Rəsmi Bakı müxalifətin zəifliyindən istifadə edib müxalifəti boğmamalıdır. Əgər hakimiyyət Avropadan gələn maliyyədən ehtiyat edirsə, buyursun bütün sivil ölkələrdə olduğu kimi, dövlətdən müxalif partiyalar üçün büdcə ayırsın, müxalif partiyalara normal yerlərdə normal qərargahlar versin. Azdan-çoxdan normal yer sayılan ”Məhsul stadionu"nda müxalifətə mitinq yeri ayırdı, dünya dağılmadı ki. Yəni dediklərim odur ki, XXI əsrdə bütün sivil ölkələrdə olduğu kimi, müxalifət üçün normal şərait Azərbaycanda da yaradılsa, Avropa Parlamenti də Azərbaycanın imicinə ciddi ziyan vuran bu cür xoşagəlməz qətnamələri qəbul etməkdən vaz keçər".