Zəhərli sürünənlərin ölkə ərazisində artmasına səbəb nədir?
Goranboyda bir gündə iki nəfəri ilan sancıb. Veyisli kənd sakini 29 yaşlı Zalid Hüseynov sol əlin ilan sancması xəsarəti ilə rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Hər iki şəxs Goranboy rayon xəstəxanasına çatdırılıb. Onlara ilan zəhəri əleyhinə tibbi yardım göstərilib.
Tibb ocağından verilən məlumata görə, son günlər rayonda ilanvurma halları artıb: "Əhalinin kənd təsərrüfatı ilə məşğul olma sezonu olduğu üçün onların sahələrdə ilanlarla kontaktda olma halları artıb. Son bir neçə gündə 6 nəfər ilanvurma əlaməti ilə xəstəxanaya müraciət edib. Onlar müxtəlif ağırlıqda olublar. Hər bir xəsarət alana ilan zəhəri əleyhinə zərdablar vurulub”. Həkimlər vətəndaşları diqqətli olmağa çağırıb. Bildirilir ki, əgər ilan sancma halı olarsa, dərhal xəstəxanaya müraciət olunmalıdır.
Bu isə hələ qovurucu istilər düşməsə də, ilanların niyə bu qədər aktivləşməsi ilə bağlı sualları gündəmə gətirir. Zooloqlar deyir ki, əslində son zamanlar yağışların artması ilanların daha çox aktivləşməsinə səbəbdir. Yaz yağışları intensivləşdiyi üçün ilanlar da öz yuvalarından daha çox çıxmağa başlayıb.
Daha bir versiya isə ondan ibarətdir ki, əslində ilan və həşəratların artması ilə bağlı deyilənlər real deyil. Bakıda, eləcə də Bakıətrafı rayonlarda boş yer saxlanmayıb. İnsanlar həmin yerlərdə binalar tikərək, hər yeri zəbt ediblər. Bu səbəbdən də ilanlar məcburən kəndlərə hücum edirlər. Belə ki, meqapolis böyüdükcə torpaqlar zəbt olunur, binalar tikilir. Nəticədə təbiətin qanununa uyğun olaraq, yerdəyişmə baş verir, ilanlar da öz yerlərindən ayrı düşdükləri üçün kənd yerlərində insanların canına qəsd etməyə başlayır.
Məsləhətlərdən biri odur ki, ilan sancmalarına qarşı profilaktik tədbir kimi ilan saxlama məntəqələri yenidən bərpa olunsun. Xatırlayırsınızsa, sovet dönəmində Abşeron yarmadasında ilan saxlama məntəqəsi vardı. Həmin illərdə Azərbaycan dünyaya gürzə zəhəri satırdı. Bəs indi dünyanın ən gəlir gətirən sahəsi hesab olunan ilan zəhəri biznesi Azərbaycanda niyə inkişaf etdirilmir?
Dünyanı ilan zəhəri ilə Cənubi Koreya, Çin, Vyetnam təmin edir
Statistikalar isə göstərir ki, hər il 100 min insan ilan sancmasından dünyasını dəyişir. Zəhərli insanlar bir çox dərmanların və elmi araşdırmaların ən vacib qaynağı sayılır. Fransanın cənub-şərqindəki bir firmada zəhər istehsalında istifadə edilmək üçün 70 ayrı növdə saysız-hesabsız ilan bəslənir. İlan və əqrəblər otaq temperaturu və nəmi həssaslıqla yoxlanan otaqlarda saxlanır. Bu canlılar hər ay sağılır və südlərindən bir neçə qaşıq dolusu zəhər əldə edilə bilir. Zəhərin sinir sistemindən əzələlərə, qan dövranından böyrəklərə qədər bir çox orqana təsiri böyükdür. İlan və əqrəb zəhərinə dərman sənayesində ciddi tələbat olsa da, zəhərin əldə edilməsi bir o qədər məsrəflidir. Zəhərin qramı 500-4000 avro arasında dəyişir.
Dünyanın ilan zəhərinə olan illik tələbatı 10 kiloqramdır. Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır.
Hesablamalar göstərir ki, ilan zəhəri çox gəlirli sahədir. Zəhərin emalı birinci ildə onun dəyərinin 40, sonrakı illərdə isə 60 faizi qədər gəlir gətirir. Dünyada qurudulmuş ilan zəhərinin bir qramı 600-800 dollar arası dəyişir. Zəhər təmizlənib sertifikatlaşdırıldıqdan sonra bu qiymət təxminən 2 dəfə artır.
Heç kimə sirr deyil ki, Azərbaycan keçmiş SSRİ dövründə ilan zəhərinə olan ehtiyacın 65-70 faizini ödəyirdi. Bu zəhərdən SSRİ-nin tibb bazarında dərman pereparatları hazırlamaq üçün istifadə olunurdu. SSRİ dağıldıqdan sonra ilan zəhərinin sifarişçisi olan Estoniyaya zəhər göndərilməsi də dayandırıldı. Bununla da Azərbaycan üçün bazar itirildi.
Azərbaycanda ilançılıq sahəsində perspektiv var, amma...
Mütəxəssislərin bu günə qədər verdiyi açıqlamalardan və statistikadan bəlli olur ki, Estoniya ilə əlaqələr kəsildikdən sonra Azərbaycanda ilan zəhəri satılmayıb. Hətta 1995-ci ilə qədər yığılan 19 kiloqram zəhər indi da anbarda qalmaqdadır. Başlıca problem zəhərin istehsalçısı olan mərkəzin fəaliyyət göstərməməsidir. Bunun nəticəsi olaraq, hazırda Azərbaycanda zəhərlə bağlı problemlərlə məşğul olanlar da yoxdur.
Azərbaycanın Zirə kəndində ilan zəhəri istehsal etmək üçün fəaliyyət göstərən Herpetoloji Kombinat 70-ci illərdə SSRİ-nin müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirdi. Bu zəhərdən müxtəlif farmokoloji kombinatlarda dərman preparatlarının hazırlanmasında istifadə olunurdu. Sovet dövründə ilanı tutub təhvil verənləri isə mükafat gözləyirdi. Ancaq SSRİ-nin süqutundan, Zirə Herpetoloji Kombinatının dağıdılmasından sonra ilanlar ətraf ərazilərə səpələndilər.
Zəhərli ilanlar və həşəratlara ölkəmizdə ən çox Kür-Aran ovalığında, Araz çayı hövzəsində rast gəlinir. Ən qiymətli zəhərə malik olan gürzə ilanının növlərinə də məhz Azərbaycanın aran rayonlarında və dağatəyi zonalarında rast gəlinir.
Mütəxəssislər hesab edir ki, Azərbaycanda ilançılıq sahəsində perspektivlər çox genişdir. Üstəlik, bu sahənin inkişafı böyük sərmayə tələb etmir və ölkənin aidiyyəti institutları da ilançılığın inkişafına dəstək göstərə bilər. Bir sözlə, həm təbii resurslar, həm də insan-intellektual potensialı bu sahənin inkişafına zəmin yaradır.
İlan toplayıb, milyoner olmaq olar?
İlan toplanması ilə professional şəkildə məşğul olan işbazlar da var. Arıçılıq, toxuculuq.... kimi ilançılıq da bir peşədir. İlan qaçaqçılarının Türkiyə coğrafiyasından toplayıb, topdançılara verdikləri ilanların qiyməti 500-lə 5 min dollar arasında dəyişir. Çox görülən və yaxalanması da asan olan ilanlar 500 dollara alıcı tapdığı halda, Toros, Qüds ilanı kimi tanınan qiymətli və nadir tapılan ilanlar 2 min dollara çox rahat satılır. Buynuzlu ilan isə 5 min dollara da alıcı tapır. Bu qiymətlər ilanı ölkə xaricinə çıxaran vasitəçilərin xarici alıcılardan aldıqları məbləğdir. Halbuki onlar malı bu qiymətin yarısına yerli qaçaqçılardan və ya kəndlilərdən alırlar. Satışlarda ilanın boyu və rəngi də önəmlidir. 1 metrdən qısa olan ilanlar alıcılar tərəfindən maraq görmür. Amma əgər bu kiçik ilan nadir tapılan növdəndirsə, o zaman vəziyyət dəyişir, qiymət avtomatik artır.
Azərbaycan ilan zəhəri istehsal etmək üçün 1.5 milyonluq laboratoriya qurmalıdır
Amma burda bir vacib məqam da var. Bazara ilan zəhəri çıxarmaq üçün ona dünya standartlarına uyğun sənədlər hazırlanmalıdır. Bu sənədlərin hazırlanması üçün aparılacaq laboratoriya analizləri də böyük xərc tələb edir. Fakt onu göstərir ki, Azərbaycandakı sənəd sovet dövründən qalmadır. Hər məhsul təqdim ediləndə sənədi olmalıdır. İlan zəhərinin də xüsusilə keyfiyyət sertifikatına fikir verilir. Alıcı aldığı məhsulu sertifikatdakı göstəricilərlə tutuşdurur. Əgər uyğun gəlirsə, o məhsulu alır.
Azərbaycanda o keyfiyyət sertifikatını hazırlamaq mürəkkəb prosesdir. Sənədləri hazırlamaq üçün tələb olunan laborator analizləri aparmaq üçün tələb olunan laboratoriya Azərbaycanda yoxdur. Bu səbəbdən də Azərbaycanın bu biznesə qoşulması ciddi məsrəf tələb edir. İlkin çıxış yolu kimi Azərbaycanın kənardan laboratoriya tapması göstərilir. Əgər Azərbaycan müstəqil şəkildə belə laboratoriya hazırlatmaq istəyirsə, o zaman bunun üçün 1-1,5 milyon manat vəsaitdən keçməlidir.
Ekspertlər isə müşahidə edirlər ki, 20-25 il bundan öncə ilə indini müqayisə etdikdə hazırda ilan zəhəri istehsalı çoxalsa da, buna nəzarət də artıb. Çünki texnika bu sahədə dələduzluq imkanlarını da artırıb. Rənglənmiş, xarici görünüşünə görə ilan zəhərinə oxşayan cürbəcür üzvi və qeyri-üzvi maddələr, hətta şüşə qırıqları adı ilə dünya bazarına zəhər aparırlar. İlan zəhərinə güclü tələbat olan ölkələr də artıq məhsulu alarkən daha güclü göstəricilərlə yoxlayıb götürürlər.
Hər ilan növünün zəhəri bir xəstəliyə dərmandır
Hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Hər bir ilan zəhəri tibbi xammal olaraq dərman istehsalı üçün istifadə olunurdu. İlan zəhərinin tərkibi albumin, qlobilin, ferment, su, duz və s. maddələrdən ibarətdir. Lakin ilan zəhərinin hamısı eyni tərkibdə olmur. Məsələn, gürzə zəhərinin tərkibində qansızmaya səbəb olan toksin, gözlüklü ilan zəhərinin tərkibində sinir sistemini zəhərləyən neyrotoksin var. İlan sancmasının əlamətləri də müxtəlifdir. Gürzə sancması ödemə, gözlüklü ilan sancması ürəkdöyünməyə, başgicəllənmə, ürəkbulanma və qusmaya səbəb olur, bəzən ölümlə nəticələnir.
Qızıldan qiymətli olan ilan zəhəri müxtəlif xəstəliklərin müalicəsində işlədilir. Zınqırovlu və gözlüklü ilanların zəhəri epilepsiya, bronxial astma, əzələ, xroniki oynaq ağrıları və nevrologiyada istifadə edilir. Vərəm, qaraciyərin qan dövranının pozulması və böyrək xəstəliklərinin ağır formalarında ondan istifadə etmək olmaz.
SSRİ də təbiətində çoxlu zəhərli ilan növləri yayılan respublikalara ilan zəhərinin istehsalı ilə bağlı tapşırıqlar vermişdi. 1969-cu ildən başlayaraq Azərbaycandan da tələb olundu ki, gürzə ilanları təbiətdən ovlanıb, müvəqqəti olaraq süni surətdə saxlanıb, zəhəri alınıb Estoniyanın Kimya Əczaçılıq Zavoduna göndərilsin. İlan zəhərindən ən yaxşı dərman hazırlayan bir əczaçılıq zavodu idi. Azərbaycanda bu işə başlanıldı və 90-cı ilin əvvəllərinə qədər bu istehsal davam etdi.