2017-nin ikinci yarısı ölkəyə nə vəd edir...

Ekspertlər ilin ilk 5 ayını siyasi və iqtisadi baxımdan dəyərləndirdilər

Cari ilin ilk 5 ayı geridə qalmaq üzrədir. Artıq demək olar ki, ilin yarısını tamamlamağa doğru gedirik. 2017-ci il iqtisadi və siyasi baxımdan ötən ildən bir qədər sakit keçsə də, önəmli hadisələrlə yadda qaldı. Ölkə iqtisadiyyatının durumunda ciddi dəyişikliklər baş verdi. Əsasən monoton olan siyasi səhnədə bəzi hadisələr yaşandı. Dünya siyasətində də önəmli gəlişmələr oldu.


Bəs ilin geridə qalan 5 ayını ekspertlər iqtisadi və siyasi baxımdan necə dəyərləndirirlər?


"Yeni Müsavat”ın sualını cavablandıran politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirdi ki, bu ilin ilk 5 ayında Azərbaycanda ən böyük yenilik birinci vitse-prezident institutunun yaradılması oldu: "Mehriban Əliyeva birinci vitse-prezident olaraq işə başladı. Yəqin ilin sonuna yaxın birinci vitse-prezidentin fəaliyyətindən əldə edəcəyi nəticələr barədə daha konkret danışa biləcəyik. Hələlik birinci vitse-prezident İslam Oyunlarında məsul olan şəxs kimi tədbiri uğurla başa çatdırdı. Növbəti mərhələdə sosial və səhiyyə sahələrində islahatların genişlənməsi gəlməlidir. Azərbaycan cəmiyyəti böyük səbirsizliklə tibbi sığorta sisteminin işə düşəcəyi günü gözləyir. Çünki insanlarımızın ən çox xərclərindən biri məhz müxtəlif tibbi xidmətlərə və dərmanlara gedir”.

Image result for Elxan Şahinoğlu


E.Şahinoğlunun fikrincə, ilin ilk 5 ayında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atılmadı: "Danışıqlar nəticə vermir, həmsədrlərin bölgəyə səfərləri mənasızdır, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada son görüşü də, sadəcə, görüntü xarakteri daşıyırdı. Ermənistan hakimiyyəti aprel ayından çox qorxurdu ki, ötənilki aprel savaşı təkrarlana bilər. Atəşkəsin pozulmasına rəğmən, aprel nisbətən sakit keçdi, ancaq bu, il boyu cəbhə bölgəsində hər hansı ciddi insidentin baş verməyəcəyi mənasına da gəlmir. Bundan başqa, Azərbaycan prezidenti ilin ilk 5 ayında iqtisadi islahatları dərinləşdirməyə çalışdı. Dövlət başçısı ölkənin enerji resurslarının satışından əldə olunan gəlirdən ölkənin asılılığını azaltmağa çalışır. Bu məqsədlə kənd təsərrüfatının inkişafına çalışılır. Fikrimcə, prezidentin iki məqsədi var. Birinci məqsədi odur ki, kənd təsərrüfatından əldə olunan gəlirlər neft satışından azalan gəlirləri kompensasiya etsin. İkinci məqsədi isə odur ki, kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək yolu ilə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmininə nail olmaq və bölgələrdə işsizlik probleminin miqyasını azaltmaqdır. Yəni rayonlarda əkin-biçin və yetişdirilən məhsulun satılması imkanları genişləndikcə, bölgələrdə məşğulluğun bərpası mümkündür. İlin ilk 5 ayında bu məqsədlərə çatmaq üçün müəyyən addımlar atıldı. Digər tərəfdən, ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı artır. Azərbaycana gələn ərəblərin sayı artır. Bu, hotellərin və restoranların dolması deməkdir. Buna baxmayaraq, Beynəlxalq Bankın müflis olması Azərbaycan iqtisadiyyatına və ölkənin maliyyə imicinə ciddi zərbə idi. Milyardlarla dollar yoxa çıxıb və yaranan borclar dövlətin yükünə çevrilib”.

Image result for Natiq Cəfərli


İlin 5 ayının iqtisadi yekunlarını dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, son 5 ayda ən yadda qalan iqtisadi hadisə elə may ayında baş verdi: "Beynəlxalq Bank ətrafında baş verən proseslər həm dünya mətbuatında , həm də yerli mətbuatda mütəxəssislər tərəfindən müzakirə olundu. Beynəlxalq Bankın faktiki defolt olması, xarici borclarını ödəyə bilməməsi, beynəlxalq institutlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsi Azərbaycanın ümumi reytinqinə və maliyyə-bank sektorunun durumuna çox mənfi təsir göstərdi. Dünya mətbuatının çox sanballı dərgilərində Azərbaycanın iqtisadi vəziyyəti haqqında heç də xoş olmayan materiallar dərc olundu. Bu da ölkəmizin investisiya cəlbediciliyi və iqtisadi potensialı haqqında mənfi fikir formalaşdırdı. Bu proseslərin davamı da olacaq. Nyu-York məhkəməsində proses davam edəcək və xarici kreditorlarla Azərbaycan hökumətinin çətin danışıqlar dövrü olacaq. Yaxın həftələrdə bunu gözləyirik. Bu hadisə həm bank sektoruna, həm də Azərbaycanın ümumi makroiqtisadi göstəricilərinə çox ciddi təsir etdi”.
İqtisadçı Azərbaycanda ümumdaxili məhsulun həcminin azalmasına da toxunaraq bunu neqativ hal adlandırdı: "Azərbaycanda ötən 5 ayda rəsmi rəqəmlərə görə ÜDM 1,2 faiz azaldı. Bu neqativ bir siqnaldır. Biz hələ ötənilki 4 faizə yaxın azalmanın təsirindən çıxa bilmirik. Ötən ilə nisbətən bu ilin ilk 5 ayında neftin qiyməti kifayət qədər yüksəlib. Ötən ilin müvafiq dövründə neftin dünya bazarındakı orta qiyməti 38-39 dollar olmuşdusa, bu il orta qiymət təqribən 55 dollar civarında olub. Qiymət artımı yetərincə olsa da, ÜDM-də azalma tendensiyası müşahidə olunur.


Bu il önəmli məsələlərdən biri də o oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bəzi addımlar atdı. Bunun nəticəsində manatın məzənnəsi müəyyən qədər sabitləşsə də, iqtisadi aktivliyə mənfi təsir göstərib. Ölkədə pul dövriyyəsi və investisiya qoyuluşu azalıb. Belə bir sual ortaya çıxıb ki, pul qıtlığı yaratmağa hesablanan manatın məzənnəsinin stabil saxlanması, daha böyük iqtisadi problemlərə gətirib çıxartmayacaq ki? Hökumətdən bu suala cavab verilmir.


Bu il qeyri-neft sektorunda müəyyən dinamika oldu. Kənd təsərrüfatı məhsullarının istehsalında və ixracında müəyyən artımlar oldu. Ancaq bu o qədər kiçik səviyyədədir ki, qeyri-neft sektorunun ixracatı aylıq 80-90 milyon manat civarındadır. Bu isə çox kiçik rəqəmdir. Türkiyənin böyük kənd təsərrüfatı potensialına malik bir vilayətinin aylıq ixracatı səviyyəsindədir.


Ötən il baş verən iqtisadi problemlər hələ də davam edir. Bu isə o deməkdir ki, son 2-3 ildə hökumətin atdığı addımlar ciddi effekt vermir. Müxtəlif proqramlar və yol xəritələri qəbul olunsa da, bunların effektiv işləməsinin şahidi olmuruq".

Bank sektoruna gəlincə, iqtisadçı bildirdi ki, bu sahədə vəziyyət çox ağırdır: "Bank sektorunda sağlamlaşma olmasa, iqtisadiyyatda atılan addımlar heç bir effekt verməyəcək. Problemli kreditlərin həcmi çox sürətlə artır. Rəsmi rəqəmlərdə artıq 11 faiz göstərilir. Beynəlxalq reytinq agentliklərində bunun 25-30 faiz civarında olduğu deyilir. Ancaq müstəqil ekspertlərin hesablamalarına görə, bəzi banklarda bu rəqəm 50 faizi keçib. Banklar kreditləri toplaya bilmədikləri üçün yeni kredit xətləri də aça bilmirlər. Hansı ki, banklarla bağlı bütün yük vətəndaşların çiynindədir. Təsadüfi deyil ki, məhkəmələrdə baxılan işlərin az qala 70 faizi bank işləri və kreditlərlə bağlıdır. Bu, məhkəmələrin işini də çətinləşdirib. Ümumilikdə bank sektorunda çox ağır bir vəziyyət yaranıb. Hökumət ya problemləri görməzdən gələcək, bankların bir neçəsi defolt olub bazardan çıxacaq, ya da dövlət məsuliyyəti öz üzərinə götürəcək, büdcə və ya Neft Fondu hesabına banklardakı problemləri həll edəcək. Hələ ki bu iki üsuldan hansının seçiləcəyi ilə bağlı fikir söyləmək çox çətindir və vəziyyət qeyri-müəyyəndir”.




[email protected]