Kim evdən çıxanda cibinə pul qoymur?

Elektron ödəmələr Azərbaycanda da artıq kifayət qədər populyardır və istifadəçilərinin sayı böyük sürətlə artır

Dünyanın bir çox ölkələrində olduğu kimi, artıq ölkəmizdə də nağd pul dövriyyədən yavaş-yavaş çıxmağa, yerini kartla ödəmə sisteminə verməyə başlayıb. Hələ ötən il dekabrın 23-də nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəz edilməsi üçün "Nağdsız hesablaşmalar haqqında” Qanun qəbul edildi. Buna əsasən, qanunun nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı müddəası ƏDV ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.
Ümumiyyətlə, bəzi xarici ekspertlər indidən proqnoz verərək bildirirlər ki, azı 10 ildən sonra nağd pul insanların gündəlik həyatından tamamilə silinəcək, yeni gələn nəsil kağız pul görməyəcək, bu pulun necə olduğunu bilməyəcək. Çünki məlum olduğu kimi, elektron ödəmələr artıq kifayət qədər populyardır və istifadəçilərinin sayı böyük surətlə artır, nağd pul isə sıradan çıxmağa, ikinci plana keçməyə başlayıb. 
Bir çox Avropa ölkələrində, o cümlədən İsveçdə nağd pulla hansısa xidmət əldə etmək qeyri-mümkündür. Bu ölkədə nağd pul ümumi maliyyə dövriyyəsinin cəmi 3 faizini təşkil edir.

Yəni nadir hallarda kimsə evdən çıxanda cibinə nağd pul qoyur. Bir məqamı qeyd edək ki, həm İsveçdə, həm də bir sıra inkişaf etmiş ölkələrdə belə bir praktika da var ki, əgər vətəndaş nağd ödənişlərdə 15 faiz ƏDV ödəyirsə, nağdsız ödənişlərdə isə 10 faiz ödəyir. Bu da təbii ki, insanlarda elektron kartlara olan marağı daha da artırır. İsveçdə yaşayan bəzi soydaşlarımızın dediklərinə görə, isveçlilər ölkəmizdə hələ də maaşların nağd pulla verilməsini təəccüblə qarşılayırlar. Çünki Azərbaycanda hələ də bir çox sahələrdə maaşlar nağd pulla ödənilir. Doğrudur, ekspertlər ölkəmizdə elektron pul istifadəçilərinin sayının artdığını desələr də, göstərilən say göstəricisi yüksək deyil. Xüsusən də yaşlı nəsil daha çox nağd pula ödəniş edilməsinin tərəfdarıdır. Çünki əksəriyyəti kartdan istifadə edən zaman çıxılan faizdən narazıdır. Lakin bəziləri də elektron kartların əlverişli və sadə, alış-veriş üçün daha rahat olduğunu qeyd edirlər.


Bir qədər elektron kartlar haqqında. Qeyd edək ki, elektron pul elektron daşıyıcılarda saxlanılan məbləğdir. Elektron pulun əsas üstünlüyü ondadır ki, artıq cibdə külli miqdarda nağd pul saxlamağa ehtiyac qalmır. Beləliklə, ciblərdən edilən oğurluqların da sayı azalır. Kart isə itərkən, yaxud oğurlanarkən, sadəcə, banka məlumat vermək lazım gəlir. Bu zaman qısa bir zamanda bloklaşdırma aparılır və oğurlanan kartdan heç kim istifadə edə bilmir. Həmçinin elektron kartı evdə unudulanda online ödəmələrdə onun nömrəsi və kodundan istifadə etmək bəs edir. Bununla bərabər, elektron karta sahib olanlar xaricdə səyahətdə olarkən gözlənilməyən xərclər yarananda rahat şəkildə nağd pul çıxarmaq imkanına malik olur.


Nağd pulu həm gigiyenik baxımdan çox təhlükəli hesab edənlər də var, çünki gün ərzində bir pul onlarla adamın əlindən gəlib keçir. İqtisadçılar da qeyd edirlər ki, ölkədə elektron pullardan istifadənin çoxalması üçün müəyyən addımlar atılmalıdır. Məsələn, xarici ölkələrdəki praktikada olduğu kimi, nağdsız ödənişlərdə vergi faizi nağd ödənişlərdə olduğundan daha aşağı olmalıdır. Bu zaman insanların da elektron kartlara marağı artar. Və yaxud nağdsız ödənişlər üçün müəyyən bonuslar nəzərdə tutulmalıdır və sairə.


Maraqlıdır, bəs Azərbaycanda kimlər evdən çıxanda cibinə pul qoymur?


Mövzu ilə bağlı bir sıra tanınmışlar arasında sorğu keçirdik. Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, gündəlik xərclərdə daha çox elektron karta üstünlük verir: "Bu mənim üçün daha rahatdır. Məsələn, kommunal xərcləri internet üzərindən kartla ödəyirəm, harasa getmək və vaxt itirmək lazım deyil. Digər tərəfdən, xidmətin müxtəlif sahələrində postterminalların sayı artıb ki, bu da nağdsız ödəmələrə imkan verir”.
Hüquqşünas Ruslan Əhmədoğlu isə qeyd etdi ki, ümumilikdə nağd hesablaşmaya üstünlük verir: "Elektron kartla bağlı xüsusi proqram var ki, onu mobil telefonuma yükləmişəm. Orada telefon və evin kommunal ödənişləri, həmçinin müəyyən xərclər də var ki, ordan ödəyirəm. Amma ümumilikdə nağd hesablaşmaya üstünlük verirəm”.


Jurnalist Rəfiqə Məmmədova da gündəlik olaraq nağd ödənişlərdən istifadə etdiyini bildirdi: "Ümumiyyətlə, nağd pul bədxərcliyə yol açır. Ən əsası isə cibdə çox pul gəzdirmək olmur. Bütün bunlara görə qərara gəlmişəm ki, tezliklə plastik kart sisteminə keçim”.


Gənc ifaçı Gülşən İbadova da hələlik nağd ödənişlərdən istifadə etdiyini bildirdi:


"Elektron kartlar bir çox məsələlərdə sərfəli və rahatdır. Xüsusən də xarici ölkələrdə olarkən elektron kartlar insanlara yardımçı olur. Hələlik nağd ödənişlərdən istifadə edirəm. Amma tezliklə elektron kartlardan istifadə etməyi düşünürəm”.




[email protected]