Qəddar görüntüləri izləyən uşaqların beyin reaksiyaları bir müddət sonra zəifləyir
Elə gün olmur ki, dünya mediasında, eləcə də Azərbaycanda qəddar qətllərə dair xəbərlər, şəkillər, video yayılmasın. İraqda apardığı əməliyyatlarla bütün dünyanı dəhşətə gətirən "İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı etdiyi vəhşiliklərlə məşhurdur. İnternetdə İŞİD-in başkəsmə görüntüləri də yerləşdirilib.
Həmin görüntülərlə paralel 18+, 16+ tipli xəbərdarlıq nişanları qoyulsa da, bütün bunlar olduqca mənfi tendensiyadan xəbər verir. Gənclər, yeniyetmələr sözügedən mənzərələrə baxır, baxdıqca gördükləri onların gözündə adiləşir... Bunu zarafata salaraq imitasiya etmə cəhdləri ilə yanaşı, şüuraltındakı izləri də az deyil. Bundan başqa, mediada qəddar qətllərlə bağlı informasiyaların da sayı get-gedə artır. Az qala hər gün müxtəlif xarakterli, əzazil qətllər mediada geniş yer alır. Gənclər, yeniyetmələr bundan necə ziyan görə bilər? Necə zərbə alar, onun davranışlarına hansı formada təsir göstərər?
Amerikanın səhiyyə qurumları bu mövzu ilə bağlı maraqlı araşdırma aparıb. Araşdırmada yaşları 14-17 arasında dəyişən 22 oğlan uşağına içərisində şiddət görüntüləri olan videolar nümayiş etdirilərək, reaksiyaları araşdırılıb. Araşdırmaçılar müəyyənləşdiriblər ki, sürəkli bu görüntüləri izləyən uşaqların beyin reaksiyaları bir müddət sonra zəifləyib. Araşdırma heyətində yer alan həkim Cordon Grafman bildirib ki, şiddət görüntüləri bir müddət sonra yeniyetmələrdə aqressiyanın, hücumun məqbul olması barədə təəssürat yaradır.
Belə ki, tərkibində aqressiya, şiddət olan 60 klip gənclərə izlədilib. Görüntülərin böyük əksəriyyəti küçə davası və yumruqlaşma səhnələri olub. Şiddət səhnələri bir-birindən nisbətən ağır, yüngül olması ilə fərqlənib. Nəticə etibarilə məlum olub ki, yüngül dərəcəli zorakılıq səhnələri uşaqlarda heç bir reaksiya yaratmayıb. Onlar buna adi oyun kimi yanaşıblar. Reaksiyanın dərəcəsini ölçmək üçün uşaqların bu görüntüləri izləyərkən nə qədər tərləməsi də müşahidə edilib. Çünki tərləmə emosional reaksiyanın elementlərindən biri hesab edilir. Dr. Cordan Qrafman deyib ki, bu araşdırma daim şiddət səhnələrinə məruz qalan uşaqların müəyyən müddət sonra laqeydləşdiyini, şiddəti normal halda qarşıladığını ortaya çıxarıb. Bu da onun aqressiv davranışlar nümayiş etdirməsini asanlaşdırır. Çünki adi halda aqressiyanı tormozlayan emosional reaksiyalar belə şəxslərdə azalmış olur.
Amma İngiltərədə uşaq və gənclərin media ilə münasibətlərini araşdıran professor Deyvid Bukinqam şiddətin bir cəmiyyət bəlası olduğunu və çoxlu sayda cəmiyyət faktorunu özündə birləşdirdiyini deyib. Sırf bədən fəaliyyətlərinə baxaraq şiddətin səbəblərinin ölçülə bilməyəcəyini deyən professorun sözlərinə görə, burada daha ciddi faktorlar var: "Daim şiddət səhnələri izləyən insanlarda bir müddət sonra onun adiləşməsi ilə yanaşı, təkrarlama arzusu da baş qaldırır. O hesab edir ki, əgər bu əməlləri etmək bir dəb halını alıbsa və ya bunu edənlər təəccüb, qorxu, diqqət yarada bilirsə, bu yolla diqqət mərkəzində olmaq mümkündürsə, o zaman təkrarlamaq olar”.
Xüsusən uşaq və yeniyetmələr sosial öyrənmə yolu ilə televiziyada izlədikləri dialoqları, sözləri, jest və davranışları təqlid edir və öyrənirlər. Onlar zaman keçdikdən sonra şiddət və aqressiyanı da bir problem həll etmə üsulu, bir var olma şəkli və özünü ifadə etmə forması olaraq mənimsəyirlər. Şiddətə, ölümə, hücuma, ağrıya və sairə qarşı laqeydləşmə, reaksiyasızlaşma bütün bunlara qarşı immunitet yaradır. Bu anlayışlar, görüntülər və davranışlar getdikcə normallaşmağa və qəbul edilməyə başlayır. İnsanlar qurbanın yaşadıqlarını, onun ağrılarını daha az qavramağa başlayırlar. Əsəbilik, kin, nifrət, hiddət, intiqam kimi hissləri həm daha tez-tez, həm də daha çox hiss edir, yaşayırlar. Dünyayı və həyatı tanımağa, anlamağa və öyrənməyə çalışdıqları bir inkişaf dönəmində "yaxşılar-pislər”, "qəhrəmanlar-antiqəhrəmanlar” bölgüsü olduqca çarpıq şəkildə beyinlərdə yer alır.
Çap və elektron mediada şiddət 4 cəhətinə görə diqqət çəkir:
1.Şiddətin sıxlığı və müddəti;
2.Şiddətin detalları, canlılığı;
3. Şiddətin təqdim edilmə forması, hekayə forması;
4. Şiddətin nəticə və təsirlərinin göstərilib-göstərilməməsi.
Televiziyadakı proqramların 61 faizi şiddət xarakterlidir. Onun 54 faizi özündə ölümü əhatə edir. İnsanların televiziyanı, internet mediasını izləmə faizi artdıqca kabuslarının, qorxu və qayğılarının, gərginliyinin artdığı da təsdiqlənib. Eyni zamanda televiziya izləmə müddəti ilə depressiya, post-travmatik stress pozuqluğu, yuxu və yemək qrafikindəki pozğunluq da paralel artır.