Xaricdə yaşayanlar və xaricə köçənlər... qalanlarda niyə qıcıq doğurur?

Psixoloqlar sübut edir - qaliblər təkcə həsəd hissi yaratmır


Son günlər Green Card (Amerikada yaşamaq üçün yaşıl kart) udanların kimliyi cəmiyyətə məlum olduqca bununla bağlı müzakirələr artmağa başlayıb. Daha doğrusu, Amerikada yaşamaq fürsəti əldə edənlər burada qalanlar tərəfindən qıcıqla qarşılanır. Məsələn, bir neçə gün boyunca müğənni Elariz Məmmədoğlunun Green Card udması və Amerikaya köçəcəyi ilə bağlı xəbərlər yayıldı. Müğənni özü bu informasiyanı təkzib etsə də, qısa müddət sonra müraciət edənin onun özü yox, həyat yoldaşı olduğu üzə çıxdı.


Amma bununla belə, cəmiyyətdə bu faktla bağlı qıcıqlı reaksiyalar həddən artıq çox idi. İnsanlar müğənninin Azərbaycanda yaxşı yaşaya bildiyi halda, hansı səbəbdən ölkəni tərk etməsi məsələsini müzakirə etdilər, onun bu addımını tənqid atəşinə tutdular.


Fakt isə onu göstərir ki, təkcə Amerikaya yox, Avropanın istənilən ölkəsinə mühacirət edən şəxslərə qarşı da eyni reaksiya keçərlidir. Yəni onların həyatını hansısa formada yaxşılaşdırmaq üçün yeni məkan - təbii ki, Azərbaycandan daha yaxşı məkan - seçmələri yerdə qalanlarda qıcıq doğurur. Bu, daha çox sosial şəbəkədə özünü göstərir. Mühacirətdə olan insanların ölkə barədə dedikləri ən kiçik tənqid belə qıcıqla qarşılanır. Böyük əksəriyyət ona "belə çox bilirdin, ölkədə qalardın” tipli cavablar verir. Hətta hər kəsin düşündüyü mətləbləri söyləsə belə, neqativ reaksiya doğurur.


Psixoloqlar isə müəyyənləşdiriblər ki, insanların içində daim yerdəyişmə arzusu olur. Bu arzu bir çox hallarda səyahət, evin, iş yerinin dəyişdirilməsi formasında gerçəkləşir. Amma daha böyük mənada yerdəyişməni cəsarəti olanlar həyata keçirir. Mühacirət bir çox hallarda cəsarət işidir. Bunu evini, həyatını, gələcəyini dəyişdirmək istəyənlərin ata biləcəyi ən mühüm addım da adlandırmaq olar.


Azərbaycan kimi ölkələrdə yaşayanlar üçünsə sinif adlamaq, daha yüksək səviyyədə yaşaya bilmək üçün mühacirət son illərin ilkin şərtlərindəndir. Təsəvvür edin ki, çox adam bunu düşünür və kimlərsə cəsarətini toplayıb, böyük riskə girir, sonucda isə qazanır. Psixoloqların fikrincə, qaliblər - onların hansı sahədə qalib olmasının xüsusi əhəmiyyəti yoxdur - digərlərində ciddi qıcıq doğurur.


Green Card hekayəsi də bunun kimidir. Amerika bir çoxlarının xəyallarını bəzəyir. Orda hər kəsə iş fürsətinin təqdim edilməsi, hansısa formada sıfırdan başlayıb yüksəlmə şansının olması çoxlarını şirnikləndirir. Təbii ki, bu məqamda reallığı da yaddan çıxarmaq olmaz. Azərbaycanda olduqca yaxşı səviyyədə pul qazanmaq imkanı olan, eləcə də cəmiyyətdə yeri, statusu olan şəxslər üçün mühacirət ciddi travmadır. Onlar köçdükləri ölkədə hər şeyə sıfırdan başlamaq məcburiyyətindədilər. Necə deyərlər, Azərbaycanda biznesmen olan şəxsin Amerikada taksi sürücüsü kimi işləməsi də mümkündür, küçə süpürgəçisi kimi də. O baxımdan da xaricə köçmə, Amerikada yaşama fürsəti qazanmaq təkcə qibtə ediləsi situasiya deyil. Bu, həm də enerjini, iradəni toplayıb, bütün çətinliklərə sinə gərmək, hər şeyə sıfırdan başlamaq, körpə kimi iməkləmək deməkdir.


Bilməyənlər üçün xatırladaq ki, ABŞ dövlətinin ildə 1 dəfə keçirdiyi pulsuz lotereya proqramına müraciət etməklə onu əldə etmək mümkündür. Bu proqrama qoşulmaq Amerikada (və ya xaricdə) qanuni şəkildə yaşamağın və ya işləməyin ən asan yoludur. Belədə isə Green Card insana çox şey qazandırır. Bunlardan biri ailə üzvlərinizlə birlikdə, Azərbaycan vətəndaşlığınızı itirmədən Amerikada daimi yaşamaqdır. Digəri Amerikada qanuni şəkildə istədiyiniz işdə işləmək və ya oxumaq, eləcə də Azərbaycanı Amerikada tanıtmaq imkanı qazanmaqdır.
Müraciət edə biləcək şəxslərin kimliyi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. 17 yaşdan yuxarı hər kəs (və ya orta məktəbi bitirmiş hər kəs) bunun üçün müraciət edə bilər. Üstəgəl, müraciət etmək üçün ingilis dili tələb olunmur.


Konqresin təsdiqlədiyi Müxtəliflik İmmiqrant Viza Proqramı hər il Dövlət Departamenti tərəfindən idarə olunur. Milliyyət və İmmiqrasiya Aktının 203-cü bölməsi (c) Birləşmiş Ştatlara immiqrasiya göstəriciləri tarixən aşağı olan ölkələrin vətəndaşları "müxtəliflik immiqrantları” adlanan viza ilə (DV) təmin edir.


Lotereyada seçilmiş ərizəçilər müxtəliflik vizası almaq üçün sadə, ancaq sərt tələblərə uyğun gəlməlidirlər. Kompüter ərizəçilər arasında təsadüfi seçim aparacaq.


Vizalar altı coğrafi region üzrə aparılır və hər bir regionda heç bir ölkə bir il ərzində mümkün DV lotereyalarının yeddi faizindən çoxunu ala bilməz.


Bu, işləmək üçün xarici ölkələri, xüsusən də Amerikanı "gözaltı” edən vətəndaşlarımız üçün ciddi informasiya sayılır.
Müraciət üçün şərtlərə gəlincə, Green Card almaq istəyən şəxsin ən azı məktəb dərəcəsi və ya 2 illik iş təcrübəsi olmalıdır. Fərdi müraciət üçün yaş məhdudiyyəti 18-ə qədərdir. Yəni 18 yaşdan aşağı olanların valideynləri müraciət edə və ərizədə uşaqlarının da adını göstərə bilər.
Amerikada yaşayan hər bir adama yaşamaq və işləmək icazəsi verilir. Ona təcili tibbi yardım lazım olanda edilir. Amma ABŞ sosial yardımlar ölkəsi deyil. Sosial yardımlar ölkə vətəndaşları üçündür. Çox adam düşünür ki, Green Card alsa, ABŞ hökuməti onu işlə təmin edəcək. Bu, yanlış yanaşmadır. Creen Card udmaq Amerikada leqal şəkildə iş tapa, yaşaya bilmək icazəsi deməkdir. Bunun özü elə böyük bir təminatdır.
Lotereya qaliblərini xüsusi kompüter proqramı təsadüfi yolla seçir. Kompüter proqramının seçdiyi ərizəçiləri sonradan ABŞ-ın regional konsulluqları müsahibəyə, yəni canlı ünsiyyətə dəvət edir. Burda seçim aparılmır, sadəcə, ərizəçinin Green Card lotereyasında qeydiyyatdan keçmək üçün verdiyi məlumatlar əyani şəkildə yoxlanır.


Green Cardda qeydiyyatdan keçmək üçün ödəniş tələb olunmur. Amma ingilis dilini bilməyən və ya hansısa səbəbdən anket-ərizəni doldurmaqda çətinlik çəkənlər yardım üçün firmalara müraciət edir ki, bu zaman da xidmət haqqı ödənilir.


Amma bu məsələdə saxtakarlıqla məşğul olanlar da var. Saxta şirkətlər ərizəçilərə yazırlar ki, ABŞ hökuməti qeydiyyat üçün hansısa məbləğdə pul istəyir. Və ya reklam edirlər ki, 1000 dollar ödəyin, sizə Green Card qazanmağa təminat verək. Dövlət Departamenti də bəyan edir ki, heç kim, hətta departament rəsmisi də sizə bu təminatı verə bilməz. Bayaq dediyim kimi, seçim xüsusi kompüter proqramı ilə təsadüfi aparılır.


Anketi ABŞ Dövlət Departamentinin saytına daxil olmaqla əldə etmək olar. Anketi o saytdan doldurmaq lazımdır. Hansısa şirkət sizə Green Card almaq üçün yardımını təklif edirsə, bu, o deməkdir ki, onlar anketin doldurulması üçün texniki yardım edirlər. Sonradan kod göndərilir. Bəzi şirkətlər bunu edir. Bu xidmətin qiyməti 50 dollardır.




[email protected]