ABŞ ştatlarının saxta “erməni soyqırımı” sevgisi - Türkiyəyə təhdid artır

Ankara-Vaşinqton münasibətlərinə daha bir zərbə; Elxan Şahinoğlu: "Münasibətlərində soyuma davam edir”


ABŞ-ın Texas ştatı da qondarma "erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Bəllidir ki, buna kimi 45 ştat da analoji qərarlar çıxarıblar. Növbəti ştatın Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə biləcək qətnaməni qəbul etməsinə Ankaranın necə reaksiya verəcəyi də maraqlıdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika səfəri və amerikalı həmkarı Donald Trampla görüşünün ardından belə bir qətnamənin qəbul edilməsi geniş müzakirələrə səbəb olub. Qərar ABŞ-ın qardaş ölkəyə arxadan zərbə endirməsi kimi qəbul olunur. Bunun Türkiyə-Amerika münasibətlərinə zərər vuracağı qeyd olunur. Ölkənin 50 ştatından 46-nın qondarma "soyqırım”ı tanıması Türkiyə üçün xoş olmayan durum yaradıb.

Bəs ştatların hamısı analoji qətnamə qəbul edərsə, bunun hüquqi nəticəsi necə ola bilər? Politoloq Elxan Şahinoğlu Texas ştatının bu qərarının təəccüb doğurduğunu qeyd etdi:"ABŞ ştatlarının qanunverici orqanları illərdir ard-arda ”erməni soyqırımı"nı tanıyan qətnamələr qəbul edirlər. Amerikada ştatların və onların qanunverici orqanlarının geniş hüquqları var. Məsələn, elə ştat var ki, orda ölüm cəzası tətbiq olunur, eləsi var ki, tətbiq olunmur. Əlbəttə, Texasın "erməni soyqırımı” haqqında qətnamə qəbul etməsi təəssüf və təəccüb doğurur. Çünki Texas Amerikanın ən böyük ştatlarındandır. Təəccüb doğuran isə odur ki, Kaliforniya ştatından fərqli olaraq, Texasda yaşayan ermənilərin sayı çox deyil ki, onlar bu ştatın qanunverici orqanına ciddi təsir etsinlər. Əlbəttə, Vaşinqtonda anlamalıdırlar ki, ştatların kütləvi olaraq "erməni soyqırımı”nı tanıması ABŞ-Türkiyə münasibətlərinə yaxşı heç nə vəd etmir. Ancaq Amerikada xarici siyasətə cavabdeh olan Dövlət Departamentinin ştatları "Sizin qətnamələr xarici siyasət və təhlükəsizlik məsələlərində Amerikaya problemlər yaradır” kimi xəbərdarlıq göndərəcəklərini zənn etmirəm. Belə olsaydı, Dövlət Departamenti ilk növbədə, Konqresin komissiyalarını xəbərdar etməliydi ki, hər dəfə Türkiyə əleyhinə erməni kartından istifadə etməsinlər. Soyuq müharibə bitdikdən sonra ABŞ-Türkiyə münasibətlərində soyuma davam edir. Görünür, bu dövlətlərin soyuq müharibə illərində olduğu kimi bir-birinə ehtiyacı yoxdur.

Image result for Elxan Şahinoğlu

Hər biri təkbaşına hərəkət edir. Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona son səfəri və amerikalı həmkarı Dondl Trampla görüşü də nəticəsiz qaldı. Tramp administrasiyası Obama administrasiyası kimi Suriyadakı terrorçu PKK-nın qolları olan silahlı kürdlərə dəstəyini davam etdirir, üstəgəl, Fətullah Gülən də Türkiyəyə ekstradisiya etmək fikirləri yoxdur. Bunların fonunda Amerikanın ən böyük ştatlarından Texasın Türkiyə əleyhinə qətnamə qəbul etməsi ikitərəfli münasibətləri bir az daha soyudacaq. Maraqlıdır ki, Texas Amerikanın neft mərkəzi sayılır. Texasda yerləşən böyük neft şirkətlərinin Azərbaycanın enerji resurslarında da marağı var. Və həmin neft şirkətləri bilirlər ki, Azərbaycan Türkiyənin müttəfiqidir və Xəzər neftinin, qazının Avropaya və Amerikanın müttəfiqi İsrailə çatdırılmasında Türkiyənin böyük rolu var. Texasın Hyuston şəhəri Bakı ilə qardaşlaşmış şəhərdir.

Məntiqlə həmin neft şirkətləri də siyasi təsir imkanlarından istifadə edərək öz ştatlarında etmənipərəst, o cümlədən Türkiyə ilə yanaşı, Azərbaycan əleyhinə olan qətnamənin qarşısını ala bilərdilər. Demək, istəməyiblər. Və ya onlarla təmas saxlayan olmayıb. Bunda Türkiyə ilə Azərbaycanın müvafiq dairələrinin də günahı var. Ən azı Türkiyənin və Azərbaycanın Vaşinqtondakı səfirlikləri bilməli idilər ki, Texasda ermənpərəst qətnamə hazırlanır və bunun qarşısını almaq üçün var gücləriylə çalışmaq və erməni lobbisini məğlubiyyətə uğratmaq lazım idi, təəssüf. Halbuki, dünyadakı Türkiyə və Azərbaycan diasporaların birgə hərəkət etmələrinə dair razılaşma var. Ancaq reallıqda bu saziş işləmir, kağız üzərində qalıb".


Politoloq yerdə qalan ştatların da belə bir qərar verə biləcəkləri ehtimallarından söz açdı:"Əgər Azərbaycan və Türkiyəyə yaxın Texas ştatı ”erməni soyqırımını" tanıyıbsa, yerdə qalan ştatların da ermənipərəst qətnamələr verəcəyini zənn edirəm. İplər yavaş-yavaş Konqresə və Ağ Evə gəlir. Bütün ştatlar "erməni soyqırımını” tanıdıqdan sonra ABŞ prezidentinin də "soyqırımı” tanıması məsələsi aktuallaşacaq. Ona istər-istəməz təzyiq artacaq. Təəssüf ki, bu gedişatla Ankara bu prosesin qarşısını ala bilməyəcək. Ancaq sakitcə oturub "nə olursa-olsun” taktikası da doğru deyil. Türkiyəli diplomatlar çalışmalıdırlar ki, bu prosesi əngəlləsinlər. Hələ ki türkiyəli diplomatların çox da fəal olduğunu düşünmürəm. Təsəvvür edin ki, Almaniyada 3 milyondan çox türk yaşayır və bu ölkənin inkişafı naminə onillərdir ən qara işlərdə çalışırlar və bu ölkədə cəmi 20 min erməni yaşaya, ancaq Almaniya parlamenti "erməni soyqırımını” tanıya, hələ üstəlik bu "qətnaməyə” Almaniya parlamentindəki az qala bütün türk mənşəli deputatlar səs verələr. Yaxşı, tutaq ki, türkiyəli diplomatlar eyni prosesin qarşısını Amerikada ala bilmirlər ki, orada ermənilərin sayı çoxdur, erməni lobbisi və onun təsiri altındakı siyasi mərkəzlər güclüdür, bəs 3 milyon türkün yaşadığı Almaniya niyə əldən verildi? Bu sualın Ankarada ciddi müzakirəsinə ehtiyac var idi".




[email protected]