Arif Paşa: "Bütün torpaqlarımız istisnasız olaraq Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyən, Müdafiə Nazirliyində yüksək mövqe tutan ruspərəst zabitlərin fəaliyyəti nəticəsində işğal edildi”
Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 25 il ötür. Bu günlə bağlı mayın 17-də laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ümumrayon anım mərasimi də keçirilib.
Öncə məlumat üçün qeyd edək ki, 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu - bir şəhər, bir qəsəbə və 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 ev talan və məhv edilib, 250-dən çox tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iribuynuzlu və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.
1992-ci ilin 30 aprelinədək Laçın alayının komandiri olmuş Arif Paşa hesab edir ki, həmin dövrdə ərazilərimizin işğalında birbaşa Rusiyanın rolu olub: "Bütün torpaqlarımız istisnasız olaraq, Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyən, Müdafiə Nazirliyində yüksək mövqe tutan ruspərəst zabitlərin fəaliyyəti nəticəsində işğal edildi. Bunu hamı görürdü və bilirdi. Ancaq işğal edilmiş hər bir ərazinin məhz döyüşən, vətənpərvər, müstəqillik yolunda savaşmış, üçrəngli bayrağımızı qaldırmış övladlarını zindanlara atdılar. Məni, indi də Rusiyada yaşayan və Rusiya xüsusi xidmət orqanlarına çalışan birisinin tərtib etdiyi xəyanətkar əmrə tabe olmamaqda ittiham edib, illərlə həbsdə saxladılar. Həmin əmr Laçın əhalisinin 30-40 min nəfərinin məhv olmasına hesablanmışdı”.
Laçının işğalı barəsində "Yeni Müsavat”a danışan tarixçi Dilavər Əzimli də bir sıra məqamlara toxunub:
"Laçından öncə Şuşanın işğalı baş verdi. Əslində bunun həm daxili, həm də xarici səbəbləri var. Bu iki səbəb isə bir-birini tamamladı. Hadisənin baş verməsində xarici səbəb, Rusiya faktoru idi. Daxili səbəb isə rusiyabaşlılar idilər. Həmin dövrdə Rusiya Azərbaycanda çox güclü mövqeyə malik idi. İndinin özündə də bu güc hiss olunur və Rusiya hələ də əlini tamamilə buradan çəkməyib. Artıq Rusiyaya bəlli idi ki, Azərbaycanda yeni qüvvələr hakimiyyətə gəlirlər. Əslində bunun təməli də məhz 1992-ci ilin əvvəlindən başlamışdı ki, o dövrdə Azərbaycanda müxalifət Rusiyanın dördüncü ordusunun ölkəyə çağırılması məsələsini ortaya atmışdı. Bütün bu proseslər isə Rusiya tərəfindən diqqətlə izlənilirdi. Nəhayət, Azərbaycanda Xocalı qətliamının törədilməsində Rusiyanın birbaşa iştirakı baş verdi. Bütün bu proseslər Azərbaycanda milli qüvvələrin hakimiyyətə gəlməsini zəruri etdi və başqa yol da yox idi. Artıq mayın 14-də Ayaz Mütəllimovun yenidən hakimiyyətə qayıdışı təmin olunmuşdu və bu qayıdış isə əks reaksiya vermiş, Mütəllimov Rusiyaya qaçmalı olmuşdu. Təbii ki, Şuşadan sonra Laçının da getməsi, o ərazilərdə Azərbaycan üçün ağır zərbə idi. Ona görə də yuxarıda qeyd etdim ki, bu məsələdə daxili və xarici səbəblər bir-birini tamamladı”.
Tarixçi bildirib ki, illər keçsə də əslində Rusiyanın baxışı heç də dəyişməyib:
"Son hadisələr də göstərir ki, biz Rusiya ilə hər hansı bir münasibətlərə can atsaq da, onlar bizə eyni reaksiyanı göstərmirlər. Rusiya yenə də imperiya ambisiyalarını davam etdirir və xüsusilə də Qafqazın ərazisinə aid olmasını arzulayır. Rusiyanın bizə qarşı münasibəti yalnız bu səpkidə davam edir. Azərbaycanın bütün maraqlarını Ermənistana qurban verirlər. Burada xristian amilləri və digər bu kimi məsələlər rol oynasa da, əsas imperiya ambisiyasıdır. Son zamanlar baş verən bütün siyasi hadisələr onu göstərir ki, Rusiya əvvəlki siyasətini yenə də davam etdirir və Azərbaycana qarşı daha da aqressivləşib”.