Bu yaxınlarda "The Lancet” adında məşhur tibb jurnalında yayınlanmış bir məqaləyə görə dünyada ürəyi ən sağlam olan xalq Boliviya dövləti ərazisindəki Amazon meşələrində yaşayan Tsimane qəbiləsidir. Bu nəticəyə qəbilə üzvlərini 15 il araşdıran amerikalı kardioloqlar gəliblər.
Tsimane qəbiləsi müasir mədəniyyətdən uzaq, primitiv həyat tərzi sürür. Elektrik və müasir sənaye, texnologiya avadanlıqları olmayan, qamışdan düzəldilmiş daxmalarda yaşayırlar. Kişilər gündə 7 saat vəhşi heyvan və balıq ovlamaqla məşğul olur, kanoelərə minərək ərzaq satmaq/almaq üçün şəhərlərə üz tuturlar. Qadınlar fıstıq, banan, maniok yığır, qarğıdalı, düyü yetişdirir, tarlada işləyirlər.
Tədqiqatçılar 85 Tsimane kəndini gəzərək yaşları 40-94 arasında dəyişən 705 Tsimane yerlisini nisbətən yaxınlıqdakı Trinidad şəhərindəki bir hospitala apararaq onlardan qan analizləri götürüblər, həm də ürəyin tac damarlarını (ürək infarktına səbəb olan damarlar) yoxlamaq məqsədiylə komputerli tomoqrafiya müayinəsindən keçiriblər. Tac damarlarındakı aterosklerozis deyilən, yəni damar içini daraldan, qan axımını əngəlləyən bir xəstəliyi araşdırmışlar. Komputerli tomoqrafiya müayinəsinə əsasən Tsimane yerlilərinin 85%-inin tac damarlarında xəstəliyə rast gəlməmişlər. Yalnız 13%-də yüngül dərəcəli, 3%-də isə orta-ağır dərəcəli aterosklerozis aşkar etmişlər. Müqayisə üçün müəlliflər deyir ki, bu rəqəmləri Avropa və ABŞ əhalisi ilə müqayisə edəndə 5 qat daha az risk deməkdir. İndiyə qədər yapon qadınların ürək damarları ən sağlam olaraq bilinirdi, amma Tsimane qəbiləsi onların bu rekordunu qırdı. Yaşa görə baxılanda 75 yaşdan yuxarı olanların demək olar ki, 2/3-də tac damarları sağlam çıxıb. Tsimane qəbiləsindən 80 yaşındakı bir kişinin damarının yaşı 50 yaşlarındakı bir amerikan kişinin damar yaşı ilə eynidir. Qan analizlərinə gəlincə Tsimane qəbiləsində xolesterol və qan şəkəri, eləcə də ürək vurğularının sayı və qan təzyiqi aşağı səviyyələrdə olmuşdur. Bildiyimiz kimi, bu faktorların yüksəlməsi ürək-damar xəstəliklərinə yol açır.
Tədqiqatçılar Tsimane qəbiləsinin ürək sağlamlığını onların həyat tərzi, qidalanma stili ilə əlaqələndirmişlər. Sənayeləşmiş toplumlarda insanlar günün yarıdan çoxunu (54%) fiziki cəhətdən qeyri-fəal keçirərkən, Tsimane yerlilərində bu göstərici 10%-dir. 60 yaşın üstündəkilər daxil hər gün 17 000 adım yol gedirlər. Modern toplumlarda 10 000 addım çətin bir hədəf kimi görülür halbuki. Yediklərinin 72%-ini işlənməmiş karbonhidratlar təşkil edir. Məsələn, bizdə isə yediyimiz ağ çörək işlənmiş karbonhidratdır. Onlar isə tam taxıllı, kəpəkli çörək yeyirlər. Meyvə- tərəvəzdən çox, yağ və şəkərdən az istifadə edirlər. Yedikləri meyvə-tərəvəz məhsulları təzədir və özləri əkib becərirlər. Zülalın qaynağı əsasən ov heyvanları və balıqlardır. Həm amerikalılarda, həm də Tsimane yerlilərində zülal qidanın 14%-ni təşkil edir. Amma amerikalılar kimi işlənmiş ət məhsulları yox, təbii və yağsız ətlə qidalanırlar. Siqaret çəkmirlər.
Modern dünyada Tsimane qəbiləsi kimi yaşamağı istəməsək də ürək-damar xəstəlikləri hamımızın həyatına təsir göstərdiyi üçün onların həyat tərzinin bəzi xüsusiyyətlərini mənimsəyə bilərik.
Vüsal Vəliyev, kardioloq