Putinlə Merkel dostlaşır

Almaniya kanslerinin Moskva səfərinin ortaya çıxardığı suallar və reallıqlar

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında mayın 2-də Moskvada baş tutan görüşdə G20 sammitinə hazırlıq, Suriya və Ukraynadakı vəziyyət müzakirə edilib. Bu barədə V.Putin danışıqların ardından keçirilən mətbuat konfransında məlumat verib.

Rusiya dövlət başçısı ölkəsinin G20 sədri Almaniyaya bütün zəruri yardımı göstərməyə hazır olduğunu vurğulayıb.
A.Merkel isə çıxışında V.Putinlə danışıqların intensiv hal aldığını deyib. Rusiyanı konstruktiv tərəfdaş adlandırıb.

 Kansler ikitərəfli, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələlərinin müzakirəsindən əlavə, tərəflərin Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etdiklərini vurğulayıb:"Vəziyyətin nizamlanması üçün Normand formatını dəstəkləməyə davam edəcəyik. Çətin prosesdir, çox zəif sürətlə irəli addımlayırıq. Bu mərhələdə əsas atəşkəs və barışığı bərpa etmək, sonrakı siyasi addımları müəyyənləşdirməkdir”.


Onun sözlərinə görə, Almaniya həmçinin terrorizmə qarşı birgə mübarizə çərçivəsində Rusiya ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.


Maraqlıdır ki, Putinlə görüşdən az sonra Merkel Türkiyəyə yönəlik yumşaq fikirlər səsləndirib: "Türkiyədə baş verən neqativ halları açıq şəkildə dilə gətirə bilərəm. Türkiyənin ”prezident respublikası" sisteminə keçid alması məsələsinə münasibətimizi, tənqidimizi açıq şəkildə bildirməliyik. Lakin çox da dərinə getmək olmaz, çünki Türkiyə ilə müttəfiq olmaq bizim mənafeyimizə uyğundur.


Amma rəsmi Ankaranın edam qərarını təsdiq etməsi Türkiyə ilə Avropa Birliyi arasındakı danışıqlar prosesinin əsas sütununu sarsıdacaq".


Ekspertlərin fikrincə, son zamanlar Türkiyə ilə münasibətləri istiləşən Rusiyanın dövlət başçısının Almaniya kansleri ilə görüşdə onun Türkiyə məsələsində mövqeyinə təsir etdiyi istisna deyil.


Bəs maraqlıdır ABŞ-la Rusiyanın münasibətlərinin getdikcə gərginləşməsi getdiyi bir vaxtda Almaniyanın Rusiya ilə yaxınlaşması Avropa Birliyi-ABŞ münasibətlərinə soyuqluq gətirəcəkmi? Merkellə Putinin son zamanlar münasibətlərində yaxınlaşmadan daha çox qazanan kimdir?

Image result for Elşən Mustafayev


Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirdi ki, son 10 ildə Almaniya Merkelin rəhbərliyi ilə bacardığı səviyyədə öz çıxarlarına hesablanmış siyasət yürütməyə çalışır. Almaniya Britaniya xaric bütün Avropa üçün məsuliyyət daşıdığı mesajını həmişə verib. Putinlə də müxtəlif zamanlarda və yerlərdə mütəmadi görüşləri olub. Amma bu son iki ildə onun Moskvaya ilk səfəridir: "Putinlə bu görüşün münasibətlərdə yaxşılığa doğru nələrinsə dəyişəcəyinə inanmıram. İlk baxışdan isti görünə biləcək, qarşılıqlı fikir mübadilələri, olacaq bəyanatları diplomatik etiket kimi qəbul etmək lazımdır. Əslində bağlı qapılar arxasında, mətbuata açıq olmayan danışıqlarda əminəm ki, Krım, Suriya məsələləri də ciddi danışıqlar predmeti olub . Ümumilikdə bu səfərin baş tutması hər iki lider üçün xeyirli ola bilər. Onların hər ikisinə məlumdur ki, Rusiyaya qarşı beynəlxalq təzyiqlərin, sanksiyaların belə səfərlərlə aradan qalxması mümkün deyil. Amma tərəflər bundan maksimum divident götürməyə çalışacaqlar”.


Ekspertin fikrincə, Rusiya Avropa İttifaqının qeyri-rəsmi liderinin görüşə gəlməsini bütün gücü ilə təbliğ edib mövqelərinin güclənməsi görüntüsünü yaradacaq. Merkel isə bundan daha çox xeyr götürməyə çalışacaq: "O, Ukrayna, Yaxın Şərq probleminin həlli ilə bağlı çalışdığı mesajını bir daha verəcək, Avropa İttifaqına qaz nəqli ilə bağlı bazarlığını edəcək. Eyni zamanda bir neçə ay sonra Almaniya Bundestaqına seçkilər keçiriləcək. İlkin proqnozlar Merkelin Xristian Demokrat İttifaqının bu seçkiləri qazanacağını göstərsə də, son illər Avropa ölkələrində seçkilərdə olan gözlənilməz sürprizlər onu daha ehtiyatlı və hazırlıqlı olmağa məcbur edir. Ona görə də bu səfər həm də Rusiya ilə münasibətlərin kəsilməsini və kəskinləşməsini istəməyən , qaçqınlar problemində onu ittiham edən seçiciləri öz tərəfinə çəkməyə və ya neytrallaşdırmaqda ona yardım edə bilər və Merkelin aqressiv siyasət yeritdiyini deyən opponentlərinin ona qarşı əsas təbliğat silahını zəiflədər”.


E.Mustafayev dedi ki, Almaniya adətən ABŞ-la da münasibətlərinin pisləşməsinə şərait yaratmır: "Bir neçə il öncə ABŞ xüsusi xidmət orqanlarının Avropa liderlərini, xüsusilə də Merkeli dinləmələri skandalı çıxandan sonra Merkel heç nə olmamış kimi məsələnin üstündən keçərək iki dövlət arasında soyuqluğun yaranmasına imkan vermədi. Hesab edirəm ki, Merkelin son Moskva səfəri ilə bağlı ABŞ rəhbərliyi ilə razılaşmalar olub. Hətta orada səslənəcək bəzi fikirlər də razılaşdırılıb. Siyasətdə bu, normal gedişdir. ABŞ Rusiya məsələsində daha barışmaz , kəskin mövqedə olsa da, Aİ ona nisbətdə daha yumşaq görünür. Yəni danışıqlar aparmaq üçün daha əlverişli tərəf kimi hər zaman meydandadır. Bütövlükdə isə ABŞ və Aİ fərqli ritorikalarda olsalar da eyni mövqedədirlər. Rusiya bunu bilir. Amma onu danışıqlarda nüfuzunu aşağılamayacaq sakit ritorikada olan tərəf qane edir”.




[email protected]