Duqinin Qarabağ açıqlaması - Kremlin şərti...

Azərbaycanlı və erməni ekspertlərdən fərqli rəylər

 "Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması ən vacib arqumentdir”.

Bunu Azərbaycanda səfərdə olan rusiyalı məşhur filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məsələdə ən vacibi odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Duqin konfliktin həlli ilə bağlı da danışıb. Politoloqun sözlərinə görə, əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qaytarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq: "Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər”.


Qeyd edək ki, Aleksandr Duqin Kreml "mətbəxinə” yaxın şəxslərdən sayılır. Bu baxımdan, onun Qarabağla bağlı açıqlamasını Kremlin mövqeyi də saymaq olarmı?


Politoloq Elxan Şahinoğluna görə, Duqinin Bakıya səfərini və verdiyi açıqlamaları şişirtməyə dəyməz: "Çünki o, Kremlin sözçüsü və ya təmsilçisi deyil. Ola bilər ki, nə vaxtsa onun açıqlamaları rusiyalı rəsmilərin diqqətini çəkib. İndi də belə olduğunu düşünmürəm. Rusiya mediası son zamanlar Duqinin fikirlərinə çox az yer verir. Halbuki əgər o, Rusiyada müəyyən mərkəzlərin fikirlərinin ifadəçisi olsaydı, gərək Rusiyanın televiziya kanallarından düşməzdi. Həmin kanallarda isə başqa ekspertlərdir. Bunu da açıq demək lazımdır ki, Rusiyada lobbi maraqlarımızı gücləndirmək üçün siyasi ekspertlər arasında iş aparılmalıdır. Bunun üçün də maliyyə xərclənməlidir. Ancaq elə ekspertlərlə təmas qurulmalıdır ki, onların Rusiya cəmiyyətinə və informasiya vasitələrinə təsir imkanları olsun, yazıb-yaradan insanlar olsunlar.

Image result for Elxan Şahinoğlu


Rusiyalı siyasətçilərin, liberalların, radikalların, kommunistlərin, ermənipərəst jurnalistlərin, ayrı-ayrı siyasi ekspertlərin Bakıya səfərlərinin əleyhinə deyiləm, qoy gəlsinlər, fikir mübadiləsi olsun, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini eşitsinlər. Ancaq bütün bunlar o demək deyil ki, Rusiyadan kim gəlirsə, birbaşa Kremlin hansısa mesajını bizə çatdırır və ya Moskvaya qayıtdıqdan sonra bizim mesajları Kremlə çatdırır. Bəzən bizə belə yanlış təlqin etdirməyə çalışırlar ki, Bakıya gələn rusiyalı ekspertlər, o cümlədən Sergey Markov və ya Aleksandr Duqin az qala, Putinin baş məsləhətçiləridir və ya Kreml sahibi tez-tez onları dinləyir. Əlbəttə, Markov və Duqin Qarabağ məsələsində bizim mövqeyə anlayışla yanaşırlar, bu müsbətdir, ancaq bu o demək deyil ki, onların siyasi baxışları Rusiya kütləvi informasiya vasitələrinə və ya Kremlə yol tapır".


E.Şahinoğlu dedi ki, Rusiyada efir ermənipərəstlərlə, anti-türk elementlərlə doludur:"Buna baxmayaraq, necə ki, Rusiyada erməni lobbisi fəaldır və geniş təsir imkanları var, eləcə də biz qonşu ölkənin fərqli ekspertləri ilə dialoq içində olmalıyıq. Niyə də Rusiyada azərbaycanpərəst ekspertlər olmasın? Bir şərtlə ki, özlərinin statuslarını və imkanlarını olduğundan çox da yüksək qiymətləndirməsinlər”.


Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, Aleksandr Duqin əslində yeni ideya ilə gəlməyib:"Onun təklif etdikləri uzun illərdir ki, müzakirə olunur və ciddi effekt verməyən nəticəyə malikdir. Onun səfəri məhz Azərbaycanı Avrasiya İttifaqına qoşulmaq üçün Rusiyanın başladığı kampaniya ərəfəsində baş verir. Bu təklif də məhz bizi şirnikləndirmək üçün Rusiyanın məşhur Avrasiya siyasəti üzrə ruporu tərəfindən edilməklə məhz bu yanaşmaya eyham vurulur.

Image result for Konfliktoloq Əvəz Həsənov


Duqinin Dağlıq Qarabağın özü və 2 rayonla bağlı dediklərinin də mənası odur ki, əgər Azərbaycan Rusiya ilə münasibətlərini dərinləşdirsə, xüsusən siyasi əməkdaşlıq mümkün olacaqsa, onda 5 rayonun qaytarılmasında təminat alına və Ermənistanı razı salmaq olar. Duqin Rusiya rəsmisi olmadığından siyasi proseslərdən kənar olsa da belə, Rusiya cəmiyyətində Azərbaycana inamın formalaşması və yeni maraqlarının lobbiçiliyində öz rolunu gördüyündən Bakıya səfər etməyə də tənbəllik etməyib".


Onu da qeyd edək ki, Aleksandr Duqinin Azərbaycan səfərinə erməni politoloqlar da diqqət ayırıb şərhlər verməkdədir. Erməni siyasi ekspert Qalust Qriqoryan son vaxtlar Rusiyadan Azərbaycana çoxsaylı nümayəndələrin getdiyini yazıb:

"Vladimir Jirinoviski, Vladimir Solovyev, ardınca da Duqin. Duqinin səfəri Rusiyanın anti-Ermənistan davranışının son damlası oldu. Duqinin Bakı səfəri Rusiya və Azərbaycanın Qarabağ məsələsində anlaşdığını göstərir”. Onun sözlərinə görə, Duqinin səfəri sübut edir ki, Bakı və Moskva pərdə arxasında Qarabağla bağlı razılığa gəlib.




[email protected]