Politoloq: "Moskva ikibaşlı oyun oynayır”
Rusiya-Türkiyə münasibətlərində son dövrlər gərginlik müşahidə olunmasa da, əlaqələrin inkişafının da ləng getdiyi müşahidə olunur. Hələ də "təyyarə olayı” ərəfəsində tərəflərin bir-birilərinə qarşı tətbiq etdikləri sanksiyaların bəziləri aradan qaldırılmayıb. Türkiyənin Avropa ilə də münasibətləri gərginləşən xəttə üzrə inkişaf edir. Ekspertlər qeyd edirlər ki, belə bir məqamda Rusiya-Türkiyə münasibətlərinin düzəlməməsinin səbəbkarı rəsmi Moskvadır.
Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirib ki, Putin hökuməti Türkiyə ilə münasibətlərində sanki gözləmə mövqeyindədir: "Bu məsələdə günahkar Rusiyadır. Çünki Türkiyə Rusiya üçün mümkün olan bütün güzəştləri edir. Təyyarənin vurulmasından sonra Türkiyə tərəfi üzr də istədi, Moskvanın bütün şərtləri ilə də razılaşdı. Sadəcə olaraq, Moskva ikibaşlı oyun oynayır. Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər etdi və Moskvada Putinlə birlikdə mətbuat konfransına çıxdı. Orada Ərdoğan jurnalistlərə xitabən belə bir fikir işlətdi ki, artıq ”nomallaşdırma" sözünü işlətməyin, çünki münasibətlər normallaşıb və inkişaf edir. Lakin geri qayıtdıqdan sonra bəlli oldu ki, münasibətlərdə heç də hər şey normal deyil. Doğrudur, turizm sahəsində Rusiya qadağaları aradan qaldırdı və yay aylarında yenə də Türkiyəyə böyük turist axını gözlənilir. Bu, Türkiyə üçün çox vacibdir. Çünki təyyarə qəzasından sonra Rusiya hakimiyyəti öz vətəndaşlarına Türkiyəyə getməyi faktiki qadağan etmişdi. Bu isə Türkiyənin turizm şəhərlərinin bir çoxunun boşalmasına səbəb olmuş, gəlirlər xeyli azalmışdı. İndi isə məsələ həll olunub. Lakin digər məsələlər hələ də həllini tapmayıb. Məsələn, Türkiyə Suriyadakı silahı kürdlərə dəstək məsələsində çox həssasdır. Rusiyanın bu məsələyə diqqətlə yanaşılması istənilsə də, çox təəssüf ki, belə olmur. Əksinə, yaxın günlərdə Rusiya hərbiçilərini silahlı kürdlərlə birlikdə fotoları yayıldı. Yaxud da Rusiya hələ də Türkiyədən gələn kənd təsərrüfatı məhsullarına qarşı öz sərhədlərini tam açmayıb. Türkiyənin əsas məhsulu olan pomidor yenə də sərhəddə ilişib qalır. Buna cavab olaraq isə Türkiyə Rusiyadan taxıl almır. Yaxud da başqa bir məsələyə diqqət edək ki, Türkiyə jest edərək, Ərdoğanın Moskva səfəri ərəfəsində Rusiya turistlərinə vizasız gəlişi 60 gündən 90 günə qədər uzatdı. Lakin Rusiya bu addımı atmağa tələsmir, sanki nəyisə gözləyir".
Politoloq bildirib ki, Ərdoğanla Putinin görüşündən də müəyyən nəticələr gözləmək olar:"Əslində kürdlərə verilən dəstək Türkiyəni narahat etsə də, hər halda, Rusiya ilə müəyyən əməkdaşlıq istiqamətləri də var. Rusiyanın Suriyadakı varlığını Türkiyə artıq qəbul edib. Eyni zamanda Rusiya da Türkiyənin hərbi varlığı ilə razılaşıb. Bu istiqamətdə müəyyən irəliləyiş ola bilər. Məncə, görüşdə kənd təsərrüfatı ilə bağlı məsələlərə də mütləq mənada aydınlıq gətiriləcək. Əgər Rusiya addım atsa, düşünürəm ki, Türkiyə də taxılla bağlı qoyduğu embarqonu aradan qaldıracaq. Hesab edirəm ki, Rusiya prezidenti Putin Ərdoğanı Soçiyə dəvət edibsə, deməli, söyləmək istədiyi sözü, təklifi var. Putin istəsə münasibətləri daha çox inkişaf etdirə bilər. Keçiriləcək görüşün nəticələrindən çox şey asılıdır. Rusiya ilə Türkiyə arasında tarixi proseslərin təkrarlanması gözlənilmir. Bəli, ”soyuq müharibə" dövründə Türkiyə Amerikanın yanında idi. Ancaq artıq bu müharibə başa çatıb və Amerika ilə Türkiyənin də bəzi hallarda zidd maraqları üzə çıxır. Misal üçün, vaxtilə Obama ilk səfərini Türkiyəyə etmişdi və Ərdoğan düşünürdü ki, onunla yaxınlaşa bilər. Lakin Obama kürdlərə dəstək verdi, silahlı çevriliş etmək istəyən Fətullah Güləni ekstradisiya etmədi. Tramp da sanki eyni siyasətə sadiq qalır. Çünki Amerikanın hərbiçiləri də Suriyada silahlı kürdlərlə birlikdə növbə çəkirlər. Üstəlik, Tramp administrasiyası da eyni qayda üzrə Güləni Türkiyəyə verməyə tələsmir. Yəni eyni situasiya, ziddiyyətli maraqlar yerində qalır. Ona görə də Türkiyə məcburdur ki, manevr etsin. Rusiya ilə çox böyük ticarət, enerji layihələri var. Təyyarə olayı vəziyyəti gərginləşdirsə də, görünən budur ki, Türkiyə daha çox Rusiya ilə əməkdaşlığa can atır. Rusiya da çox istəyir ki, Türkiyəni NATO blokundan öz tərəfinə çəksin. Türkiyə yeganə NATO ölkəsi oldu ki, Suriyada Rusiya ilə birgə əməkdaşlığa başladı. Hətta təyyarələrə də birgə keşik çəkdilər. Bu, NATO tarixində ilk dəfə yaşanan bir hadisə idi".
E.Şahinoğlu iki ölkənin münasibətləri fonunda Qarabağ məsələsinin də yer aldığını bildirdi: "Türkiyə çox istəyir ki, Rusiya Ermənistan hakimiyyətinə təsir edib Qarabağ münaqişəsinin həllini sürətləndirsin. Bu halda Türkiyənin Ermənistanla da münasibətləri normallaşacaq, sərhədlər açılacaq. Hətta Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi də mümkündür. Yetər ki, Rusiya addım atsın. Ancaq Rusiya bu addımı da atmır. Ona görə də Rusiya və Türkiyə yaxınlaşmasının hələ ki bölgəyə ciddi bir təsiri yoxdur. Türkiyənin Avropa ilə münasibətlərinə gəlincə, burada da maraqlı bir situasiya yaranıb. Referendum öncəsi gərginlik yaşansa da hazırda hər iki tərəf ritorikanı yumşaldır. Ərdoğan da mesaj göndərib ki, əleyhimə təbliğat aparsanız da bunu unutmağa hazıram. Avropadan da müəyyən isti mesajlar var. Ancaq düşünmürəm ki, bu isti mesajlar Avropa ilə Türkiyənin yaxınlaşmasını sürətləndirsin. Çünki Avropanın ikili siyasəti də var. AŞ PA-dakı məlum qərar da Türkiyə ilə yaxınlaşmaya xidmət etmir. Üstəgəl, Avropa İttifaqı da yəqin ki, üzvlüklə bağlı ciddi addım atmayacaq. Bunun qarşılığında isə Türkiyə ölüm cəzasını qanuniləşdirərsə, münasibətlər gərginləşəcək. Bu məqamda da ilk addımı Avropa atmalıdır. Türkiyə-Avropa münasibətlərinin istiləşməsini gözləmirəm. Türkiyə daha çox Şərqə doğru yön alıb. Fikir verin ki, Ərdoğan bugünlərdə Hindistana səfər etdi, Moskvaya gedir, daha sonra isə Çinə səfər planlaşdırır. Avropa durumu elə bir həddə gətirdi ki, Türkiyəni yanına almaq əvəzinə, incik saldılar. Türkiyə isə alternativ yollara baş vurub, Şərqə doğru istiqamət götürdü. Bu məsələdə uduzan Avropa və Amerika olacaq”.