Müstəqil Dövlətlər Birliyində bu il elan olunan "Ailə ili” ilə əlaqədar Tacikistanın paytaxtı Düşənbədə "Ailə ocağı” adlı Forum keçirilib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatından APA-ya verilən məlumata görə, Forumda Azərbaycanı Milli Məclisin deputatı, partiya şəhər təşkilatının sədri Naqif Həmzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Forumda "Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusu ilə çıxış edən N. Həmzəyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti, görülən işlər barədə danışıb.
Tədbirdə Ermənistan nümayəndə heyəti tərəfindən təxribata cəhd göstərilib. Belə ki, Ermənistan nümayəndə heyəti işğal olunmuş Dağlıq Qarabağdan olan gənclər təşkilatlarını "Dağlıq Qarabağ Respublikası” adından təqdim edib. Azərbaycan nümayəndə heyəti buna etirazını bildirib. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması xatırladılıb və bu təmsilçiliyin forumdan dərhal yığışdırılması tələb edilib. Separatçı rejimin təqdimatı Forumdan yığışdırılıb və ermənilərə xəbərdarlıq edilib.
Forum çərçivəsində Azərbaycanın mədəniyyət gecəsi də keçirilib. Sonda Azərbaycan nümayəndə heyətinə Forumda fəal iştirakına görə təşəkkür elan edilib.
Səfər çərçivəsində N. Həmzəyev Azərbaycan səfirliyində olub. O, səfir Abbasəli Həsənovla görüşüb.
[email protected]