"AŞPA-da Türkiyəyə qarşı qəbul edilən qərar göstərir ki, Türkiyənin sürətli inkişafı, konkret hədəflərlə çıxış etməsi və ən başlıcası, belə sürətlə inkişaf edən ölkənin müsəlman ölkəsi olması AŞPA-dakı müəyyən qüvvələrin yuxusuna haram qatıb".
İctimaifikir.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Elman Nəsirov AŞPA-nın Türkiyəyə qarşı monitorinqi bərpa etməsi qərarına münasibətində bildirib.
Millət vəkilinin sözlərinə görə, hazırda AŞPA-nın tarixində analoqu olmayan hadisə baş verir: "Onlar Türkiyəni 1996-2004-cü illərdə monitorinq altında saxlayırdılar, müşahidəçilər göndərirdilər, siyasi nəzarət həyata keçirirdilər. Həmin qüvvələr düşünəndə ki, hansı təsir və təzyiq qüvvələrini işə salsınlar, ilk ağıllarına gələn o olub ki, bunu bərpa etsinlər. 2004-cü ildən sonra Türkiyə postmonitoriq dövrünə daxil olub. Bu, o deməkdir ki, AŞPA-nın irəli sürdüyü prinsiplərə riayət edib, apardığı islahatlar, atdığı addımlar bu mərhələdən başqa mərhələyə keçməyi şərtləndirib. Buna baxmayaraq, AŞPA indi Türkiyəyə qarşı yenidən belə qərar qəbul edib. Hələ heç zaman belə hala rast gəlinməyib ki, hansısa Avropa ölkəsi postmonitorinq mərhələsindən yenidən əvvəlki mərhələyə qaytarılsın".
Onun fikrincə, Türkiyə bu təşkilatla münasibətlərinə yenidən baxa bilər: "Artıq bu məsələ ilə bağlı Türkiyə rəhbərliyi qətiyyətli mövqeyini ifadə edib və bildirib ki, bu AŞPA-nın tarixi səhvidir. Belə olan vəziyyətdə Türkiyə AŞPA ilə münasibətlərinə yenidən baxa bilər. Bu isə o deməkdir ki, Türkiyə bu təşkilatda təmsilçiliyində moratorium qoya, yəni tədbirlərinə, sessiyalarına getməyə bilər. AŞPA bundan nəticə çıxarmasa, Türkiyə ümumiyyətlə qurucusu olduğu bu təşkilata daha kəskin baxımdan yanaşa bilər".
E.Nəsirov hesab edir ki, Avropada artıq yeni bir dövr başlayır: "Hazırda Avropa qurumlarında çox ciddi böhran yaşanır. Böyük Britaniya Avropa İttifaqından çıxır, Fransa, Portuqaliya, İspaniya və digər dövlətlərdə müəyyən siyasi qüvvələr hakimiyyətə gələcəyi təqdirdə onlar da Böyük Britaniya yolu gedəcəklər, yəni birliyin gələcəyi çox qaranlıqdır. İndi isə eyni aqbəti AŞPA yaşaya bilər. Faktiki olaraq Rusiya AŞPA-da iştirak etmir, Türkiyənin də eyni aqibətlə üzləşəcəyi təqdirdə AŞPA-da da ciddi böhran yaranacaq. Hadisələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, deyəsən, biz 2017-ci ildə başqa bir bahardan söhbət edəcəyik. 2011-ci ildə biz "ərəb baharı"ndan danışırdıq, indi isə deyəsən, "Avropa baharı" başlayır".