Elçin Mirzəbəyli: "Rusiya Əsədi çox rahatlıqla qurban verə bilər”
Dünyanın əsas problemlərindən biri sayılan Suriya ətrafında yeni gəlişmələr var. Rusiya ilə Amerikanı üz-üzə gətirən Bəşər Əsəd rejiminin müdafiəsindən artıq Kremlin geri çəkildiyi barədə iddialar meydana çıxıb.
"Moskva Bəşər Əsədə mövqeyini dəyişib”. APA-nın "RBK”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters”ə müsahibəsində deyib. Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bu qənaətə gəldiyini bildirib: "Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm”.
"Nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada müharibə bitməyəcək və sülh əldə olunmayacaq” - deyə, Türkiyənin dövlət başçısı əlavə edib.
Qeyd edək ki, Kreml bundan əvvəl dəfələrlə Əsədin taleyini Suriya xalqının müəyyənləşdirməli olduğunu bəyan edib.
Türkiyə rəhbərinin bu sözlərinin ardından dünyanın əsas iki güc dövlətinin artıq Suriya məsələsində üz-üzə gəlməyəcəkləri ilə bağlı fikirlər daha çox səslənməyə başladı. Lakin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlaması Rusiya-Amerika münasibətlərinin müsbətə doğru dəyişəcəyi ilə bağlı deyilənlərin üstündən xətt çəkdi.
"ABŞ-ın Suriyadakı Şayrat bazasını vurması bu ölkədəki rus hərbçilər üçün təhdid yaradır”. Axar.az xəbər verir ki, bunu Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Kremlin Suriya siyasətində dəyişikliyin olduğu hiss olunur: "Maraqlıdır ki, Türkiyə prezidenti Rusiya dövlət başçısının Əsədlə bağlı mövqeyində dəyişikliyin baş verdiyini nümayiş etdirən fikirlər səsləndirsə də, xarici işlər naziri Lavrov Əsədin getməyəcəyini deyir. Bu ziddiyyətin Rusiyadaxili ictimai rəyə yönəlik məsələlərdən, yaxud hansısa digər məqamlardan qaynaqlandığını deyə bilmərəm. Amma Rusiyanın Əsədlə bağlı mövqeyində dəyişikliyin baş verməsi xeyli vaxtdır ki, hiss olunur. Xüsusilə də ABŞ Suriyadakı aviabazaya raket zərbələri endirdikdən sonra. Rəcəb Tayyib Ərdoğanın fikirlərindən isə belə anlaşılır ki, Rusiya Əsədi çox rahatlıqla qurban verə bilər. Əslində bu öncədən də bəlli idi. Tarix boyu hansı dövlət rəhbəri Rusiyanın vədlərinə inanıb öz xalqına qarşı gedibsə, aqibəti acı olub. Rusiyanin hüquqi sələfi olan SSRİ-nin Əfqanıstan lideri Məhəmməd Nəcibullaya yardımları necə dayandırdığını və onun necə qurban verildiyini xatırlayın... SSRİ Rusiyanın bətnindən doğduğu kimi, müasir Rusiya da SSRİ-nin bətnindən doğub. Bu baxımdan, hansısa maraqların təmin olunması müqabilində Moskva Əsədi rahatlıqla qurban verə bilər. Amma məsələ burasındadır ki, Əsədin artıq heç bir dəyəri yoxdur. Suriyadakı proseslərdə söz sahibi olan heç bir güc Əsədi bazarlıq predmeti kimi qəbul etmir. Əsəd heç kimə lazım deyil, hətta Rusiyaya da... Rusiya Suriya böhranından ən azı ciddi itki vermədən çıxmaq istəyir. Çünki Rusiyanın Suriyada uzunmüddətli hərbi iştirakı bu ölkəyə uğurlu perspektiv vəd etmir. Rusiya iqtisadiyyatı belə uzunmüddətli böhrana tab gətirə bilməz və gətirmir də... Qeyd etdiyim kimi, Əsədin müqabilində Rusiyaya nələrinsə veriləcəyi inandırıcı deyil. Rusiya hər dəfə Əsədi piştaxtaya çıxarır, amma alan olmur. Türkiyə prezidentinin Əsədlə bağlı mövqeyi isə qardaş ölkənin strateji maraqlarından daha çox şəxsi hisslərdən qaynaqlanır. Əsəd onsuz da siyasi meyitdir. Qənaətimə görə, hazırda Rusiyanın əsas məqsədi böhranın həllindən sonra Hərbi Dəniz Qüvvələrinin Tartusdakı 720 saylı material-texniki təchizat qərargahını, Hərbi Hava Qüvvələrinin Lakatiya yaxınlığındakı bazasını qoruyub saxlamaqdan ibarətdir. Təbii ki, Rusiya Suriyanın yeni hakimiyyətinin formalaşmasında da iştirak etmək istəyir. Eyni zamanda bu ölkənin enerji resursları və nəqliyyat dəhlizləri üzərində müəyyən təsir imkanlarına malik olmaq niyyətindədir. Lakin bütün bunları əldə etmək üçün Əsədin qurban verilməsi yetərli deyil. Rusiyanın siyasətində iz azdırmaq deyilən bir anlayış yoxdur. Əksinə, Rusiyanın izləri hətta ehtiyac duyulmayan yerlərdə də daha qabarıq nəzərə çarpır”.
E.Mirzəbəyli Rusiyanın Amerika ilə bütün körpüləri yandırmaq niyyətinin olmadığını da qeyd etdi: "ABŞ və Rusiya arasında baş verə biləcək hər hansı bir qarşıdurma münasibətləri tamamilə dalana dirəyə bilər. Körpülərin tamamilə yandırılması Rusiya üçün əlverişli deyil. Ərdoğanın Kremli Avropanın caynağından qoparmaq istədiyini də düşünmürəm. Rusiyaya güclü Türkiyə lazım olmadığı kimi, Türkiyəyə də güclü Rusiya lazım deyil. Türkiyə Rusiyanın enerji resursları hesabına tranzit ölkə statusunu möhkəmləndirmək və Avropanın enerji təchizatında söz sahibi olmaq istəyir. Ərdoğan üçün bu, həm də Avropanın təzyiqləri qarşısında dayanmaq üçün əlavə rıçaq əldə etmək deməkdir. Türkiyənin Qərblə Rusiya arasında vasitəçiliyi Ankaranın bundan sonra sərgiləyəcəyi mövqedən, regionda baş verən proseslərdən və təbii ki, Qərbin mövqeyindən, strateji məqsədlərindən asılıdır. Türkiyəyə qarşı davam etməkdə olan təzyiqlər Avropanın belə bir vasitəçilikdə maraqlı olmadığını nümayiş etdirir”.