Qardaş ölkəyə Azərbaycan iqtidarı və müxalifətindən dəstək gəldi; "Türkiyə tutduğu yola davam etməlidir...”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyənin monitorinq altına alınması barədə qərar qəbul etməsinə, Avropa Birliyinin isə həftə sonu Türkiyə ilə üzvlük müzakirələrinin dayandırılması məsələsini müzakirəyə çıxarmaq barədə qərarına Türkiyə hakimiyyəti və müxalifəti ilə yanaşı, Azərbaycandakı siyasi qüvvələr də sərt etiraz etməkdədirlər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters”ə müsahibəsində bəyan edib ki, AŞ PA-nın qərarı tamamilə siyasi mahiyyət daşıyır və Türkiyə belə bir qərarı tanımır. Ərdoğan vurğulayıb ki, Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi olmayıb: "Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar? Bombalardan qaçırdılar. Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib”.
Türkiyə liderinin sözlərinə görə, hazırda Avropa İttifaqında dağılma prosesi gedir: "Avropa İttifaqı bizə qarşı səmimi olmadığı üçün başqa çıxış yolları tapmağa məcburuq. Biz Avropa İttifaqının qapısında niyə bu qədər vaxt itirməliyik? Avropa İttifaqı özünə gəlməlidir. Çünki orada hazırda dağılma prosesi baş verir. Bir-iki ölkə Avropa İttifaqını saxlaya bilməz. Onlar bunu bilməlidir. Türkiyə kimi səmimi, fərqli dini inancı təmsil edən ölkənin orada olması onların gücünü daha da artıra bilərdi. Lakin onlar hələ də bunun fərqində deyillər. Çünki Avropa İttifaqının üzvləri arasında müsəlman ölkəsi yoxdur. Bu ölkə Türkiyə ola bilərdi, lakin onlar bunu 54 il ərzində qəbul edə bilmədilər. Bütün bunlar yavaş-yavaş ortaya çıxır. Ona görə də biz hazırda gözləməkdəyik. Hər an hər şey ola bilər”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə AŞPA-nın Türkiyənin yenidən siyasi nəzarətə götürülməsi barədə qərarının siyasi xarakterli və əhəmiyyətsiz olduğunu bəyan edib. M. Çavuşoğlu deyib ki, bu yolla Türkiyəyə cəza verməyə çalışırlarsa, bu, əks effekt verər. Nazir Türkiyənin bu günədək Avropa Şurası ilə yaxından əməkdaşlıq etdiyini, islahatlar dövründə Avropa Şurasının tövsiyələrini nəzərə aldıqlarını qeyd edib: "Avropa Şurası ilə Türkiyə arasında İşçi Qrupu var, baş katiblə əməkdaşlıq edirik. Avropa Şurası Parlament Assambleyasının bu qərarını qəbul etmirik, bundan sonrakı əməkdaşlığımızı zəiflədən qərardır. Avropa Şurası ilə bəzi məsələlərdə münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər, arzuladığımız bir şey deyil. Təəssüf ki, Avropa ölkələrindəki irqçilik, islamafobiya Avropa qurumlarına da sirayət etdi”.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın Türkiyəni yenidən monitorinqə cəlb etmək barədə qərarını qeyri-səmimi adlandırıb: "Çünki bir tərəfdən Türkiyə dialoqun aparılmasına hazır olduğunu bildirir, o biri tərəfdən isə AŞ PA bu dialoqun, konstruktiv əməkdaşlığın əvəzinə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu da o deməkdir ki, assambleyada sanksiyalar tətbiq etmək daha üstün kateqoriya kimi götürülür, nəinki əməkdaşlıq və dialoqun aparılması”.
***
YAP-çı deputat Bəxtiyar Sadıqov bildirdi ki, AŞ PA-nın və Avropa Birliyinin addımları Türkiyə dövlətini zəiflətməyə yönəlib: "Bu addımları Ərdoğanla bağlamaq məsələyə peşəkar yanaşma deyil. Ərdoğan qətiyyətli, uzaqgörən liderdir. O, dövlətin milli maraqlarını hər şeydən öndə tutur, istilaçılara boyun əymir. Ərdoğan öz dövlətinin, xalqının maraqlarını kənara qoyub, Avropanın maraqlarını təmin etməli deyildi, etmir də. Avropadan Türkiyəyə qarşı atılan ədalətsiz addımlar dünyada ən böyük müasir müsəlman dövlətinin inkişafının qarşısını almaq, onu zəiflədib asılı duruma salmaq üçündür. AŞ PA bir daha ikili standartlarla işlədiyini ortaya qoydu. Fransada bir terror aktı törədilən kimi Avropa ölkələrinin rəhbərləri gedib qol-qola verib etiraz yürüşü keçirirlər. Türkiyədə nə qədər qanlı terror aktları törədildi, çoxlu sayda günahsız insanlar həlak oldu, lakin həmin Avropa liderlərinin terrora etirazını görmədik. Bu, ikili standartlar deyil, bəs nədir? Türkiyəyə qarşı son addımlar Avropa Şurasının, Avropa Birliyinin xristian evinə çevrildiyinin sübutlarından biridir. Türkiyə PKK-ya qarşı, İŞİD-ə qarşı mübarizə aparır. Terrorçu qruplara qarşı mübarizə nə vaxtdan insan haqlarının pozulması olub?! Belə çıxır ki, AŞ PA terror təşkilatına qarşı mübarizəni insan haqlarının pozulması hesab edir. Bu isə o anlama gəlir ki, terror təşkilatlarını müdafiə edir. Türkiyə Suriyadan terrordan canını qurtarıb qaçan yüz minlərlə qaçqına qucaq açmaqla onların Avropaya getməsinin qarşısını almış olub. Türkiyəyə minnətdarlıq etmək əvəzinə, AŞ PA onu monitorinq altına alır. Açıq-aşkar qərəzdir”.
B.Sadıqov qeyd etdi ki, Türkiyə qüdrətli dövlətdir, AŞPA-nın hansısa qərarları bu dövləti öz maraqlarını müdafiə etməkdən çəkindirə bilməyəcək: "Əgər AŞ PA, Avropa Birliyi Türkiyə kimi böyük dövlətlə münasibətləri korlayırsa, Türkiyə də onlarla münasibətlərinə yenidən baxar və bu halda uduzan Türkiyə olmayacaq, Avropa olacaq. Onsuz da artıq Avropa Birliyinin taleyi şübhə altına düşüb, Böyük Britaniya ondan üz çevirdi, digər dövlətlərdən də bu addım gözlənilir. Gərək Türkiyə belə bir təşkilata üzvlüyü qarşısına məqsəd kimi qoymayaydı. Türkiyə iqtidarı Avropa Birliyindən imtina edib dövlətin daha da gücləndirilməsinə bütün gücünü yönəltməlidir. Türkiyəyə qarşı Avropanın ortaya qoyduğu qərəzli münasibət Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilmir. Biz qardaş Türkiyənin yanındayıq. Azərbaycan özü Avropa Şurasına daxil olanda bu quruma böyük ümidlər bəsləyirdi. Xüsusən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa Şurasına ümidlər bəsləyirdik. 16 illik üzvlük dövründə bu ümidlər doğrulmadı. Avropa Şurası demokratiyanın müdafiəçisi olsaydı, ortaya demokratik davranış nümunəsi qoyardı. Ermənistanda bu yaxınlarda antidemokratik seçkilər keçirildi, AŞ PA bunu görməməzlikdən gəldi. Diktaturanın hökm sürdüyü Ermənistanı monitorinq altına almırlar. Bu qədər ayrı-seçkilik təəssüf doğurur və Avropa Şurasına Türkiyədə və Azərbaycanda olan-qalan etimadı da heçə endirir. Azərbaycan prezidenti çox uzaqgörənlik edərək bu ili İslam həmrəyliyi ili elan edib. Bütün müsəlman dövlətləri AŞ PA-nın Türkiyəyə qarşı olan qərəzli qərarından düzgün nəticə çıxarmalı və birləşməlidirlər. Avropanın təklif etdiyi demokratiya müsəlman dövlətlərinə ancaq faciələr gətirdi və gətirir. Bütün İslam dünyası bir yerdə olmalıdır və öz problemlərimizi özümüz həll eləməyə çalışmalıyıq. Nə Türkiyə, nə Azərbaycan öz dövlət maraqlarını qoyub, Avropa dövlətlərinin maraqlarını önə çəkəsi deyil”.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, AŞ PA-nın qərarı göydəndüşmə deyil: "Bu qərar Türkiyənin sarsıdılmasına yönələn planın tərkib hissəsidir. Türkiyədə FETÖ-nün dövlət çevrilişinə cəhdinin qarşısını Türkiyə hakimiyyəti və xalqı çox müvəffəqiyyətlə alıb. Bundan sonra ölkədə bu cür çevriliş cəhdlərinin və ölkənin parçalanmasına aparan amillərin qarşısını almaq üçün ciddi addımlar atılıb, referendum keçirilib. Bu referendumdan dərhal sonra Avropa Şurası və Avropa Birliyinin Türkiyə ilə münasibətləri pozan addımlar atması Türkiyənin möhkəmlənməsindən narahatlıqlarının təzahürüdür. Bu fakt özü sübut edir ki, Avropa təşkilatları Türkiyənin dövlət olaraq güclənməsinə cavab reaksiyasıdır. Avropanın bir sıra dövlətləri Türkiyənin parçalanmasının qarşısının alınmasından narahatdırlar. Onların planına görə, Türkiyə indi parçalanmış vəziyyətdə olmalı idi. Lakin planları pozulub və buna görə Türkiyəyə yeni metodlarla təzyiq etməyə başlayıblar”.
S.Cəlaloğlu dedi ki, artıq Avropa yalnız sözdə demokratiyanı müdafiə edir: "Avropa Birliyi ayrıca bir qapalı rejimə çevrilir, qütbləşmə dərinləşir. Bu, o deməkdir ki, xristian aləmi ilə İslam aləmi daha ciddi şəkildə cəbhələşir. Müsəlman dövlətləri içərisində ən böyük dövlət Türkiyə dövlətidir ki, Avropa Birliyi ilə inteqrasiya edib xristian dövlətləri ilə əməkdaşlıq eləmək istəyir. Amma Avropa dövlətləri ”xristian klubu" olduqlarını bir daha nümayiş etdirərək Türkiyəni geri itələyirlər. Bununla Avropa dünyada xristian-İslam cəbhələşməsinin dərinləşməsinə rəvac verir. AŞ PA-nın qərarı, Avropa Birliyinin Türkiyə ilə bağlı mövqeyi dünya üçün çox təhlükəli, dünya müharibəsinə doğru aparan ciddi proses hesab edirəm. Müsəlman dövlətləri ilə Avropa dövlətləri arasında çox kəskin konfrontasiya olacaq və çox ciddi proseslər meydana çıxacaq. Bu da ilk növbədə Avropanın özünün zərərinə olacaq prosesə təkan verəcək. İki dəfə Avropa dünya müharibəsinə rəvac verib, ikisində də özü darmadağın olub. Bu gün də Avropa Şurası və Avropa Birliyi iki dünya müharibəsini yaradan məfkurə ilə hərəkət etməyə başlayıb. ABŞ bu prosesə ciddi müdaxilə eləməli və prosesin dayanması üçün Avropaya təzyiq eləməlidir".
VİP sədri Əli Əliyev də Avropadan Türkiyəyə qarşı addımları pislədi: "Bu prosesə münasibətim mənfidir. Qərb hər vəchlə Türkiyənin inkişafına əngəl törədir. Hakimiyyət şaqulinin təkmilləşdirilməsinə xidmət edən konstitusiya islahatlarından sonra belə qərarların məqsədi bir daha aydın olur. Separatizm, çevriliş cəhdi, maliyyə asılılığı, qaçqın axını, müharibə variantları tükəndikdən sonra bu işə əl atırlar. AKP iqtidarı bu dəfə də millətçi kəsimlə əl-ələ dəyanət göstərməlidir. Fikrimcə, basqı həm də ABŞ-Türkiyə yaxınlaşmasına mane olmaq üçündür. Avropa buna maneçilik törədir. Türkiyə qətiyyətlə çıxdığı yola davam etməlidir. Bunun alternativi yoxdur. İnanıram ki, Anadolu qardaşlarımız bunu bacaracaq”.
AĞ Partiyanın sədri Tural Abbaslı da hesab edir ki, Avropanın Türkiyəyə qarşı sərgilədiyi münasibət birmənalı şəkildə, qərəzli və məqsədlidir: "Çünki Türkiyənin bugünkü siyasəti siyasi və iqtisadi baxımdan dünya güclərindən asılılığını bitirmək və özünün dünya dövləti olmasıdır. Bunu istər Türkiyə iqtidarının ayrı-ayrı nümayəndələri, istərsə də prezident Ərdoğan açıq şəkildə bəyan edib. Bu da anlaşılandır ki, artıq on illərdir ki, Türkiyəni özlərinin ”arxa bağçası" kimi görməyə alışmış dövlətlər və beynəlxalq təşkilatlar bu azadlığa qarşı müqavimət göstərəcəklər. Hələ yaxın illərə qədər Türkiyəni siyasi, iqtisadi və hərbi baxımdan özündən asılı şəkildə saxlayan, zamanında SSRİ-yə qarşı ərazisindən istifadə etdiyi, illərdir AB-nin qapısı ağzında gözlədilən, istədikdə 1 gündə iqtisadiyyatını çökdürdükləri və bunun sayəsində milyonlar qazandıqları zəif və ambisiyasız Türkiyəni yeni güc kimi qəbul etmək istəmirlər. Ancaq Avropa anlamalıdır ki, artıq həm AB, həm də Avropa Şurası siyasi və mənəvi deqradasiyaya uğrayıb. Artıq onların bəyanatları və qərarları nəyisə həll etmir. Ən azından AB-nin bugünkü acınacaqlı vəziyyətinə baxmaq dediklərimi sübut etməyə kifayət edir. Artıq bütün Avropada millətçilər hakimiyyətə gəlir və hər birinin də ilk vədi bu birliyi tərk etməklə bağlı olur. Odur ki, Avropa Şurası da Türkiyəni monitorinq etməkdənsə, öz daxilində artan faşizm meyllərini monitorinq etsə yaxşı olar. Türkiyəmiz isə özünün hədəflərinə doğru irəliləməli, türk-İslam birliyinin yaranması istiqamətində qətiyyətli addımlar atmalıdır. Bu məsələlər bizim üçün də önəmlidir. Çünki "Güclü Türkiyə, güclü Azərbaycandır” düsturu hamı tərəfindən qəbul olunan faktdır".