Britaniyanın keçmiş xarici işlər naziri William Hague "The Telegraph" qəzetində dərc edilmiş məqaləsində yazır ki, Türkiyə və Britaniyanın Avropa İttifaqı ilə münasibətləri haradasa bənzəyir. Bu mənada hər ikisi NATO üzvü olan bu ölkələr həm də imperiya keçmişinə malikdirlər.
Hague yazır ki, "iki düşərgə üçün heç də eyni şərait yaratmayan bu referendumda türklər kiçik səs çoxluğu ilə Ərdoğana və ola bilsin ölkələrinin avtiokratiyaya çevrilməsinə üstünlük veriblər".
"İstənilən kənar, lakin Türkiyəyə dost müşahidəçi üçün bu heç də yaxşı xəbər deyil" - yazır Hague.
Məqalədə deyilir ki, bir vaxtlar öz ölkəsini firavanlığa aparan eyni adam indi onu dözümsüzlüyün, parçalanmanın və repressiyanın dalanına sürükləyir.
Hague-in fikrincə, bunun nəticəsi zəifləmiş iqtisadiyyat, qanunun aliliyinin tükənməsi olacaq.
Siyasətçi yazır ki, güclü mərkəzləşdirilmiş dövlətdə dünyəvi və dindar türkləri, üstəlik kürdləri barışdıracaq siyasət yürütmək asan olmaya bilər.
Hazırda on minlərlə insanın repressiyaya məruz qaldığı və həbsxanalara salındığı bir vaxtda referendumdakı 51 faiz səs prezidentə ölkəni istədiyi kimi idarə etmək imkanı verəcək.
Hague yazır ki, bütün bunlar Türkiyənin xaricdəki dostlarını bərk narahat etməyə bilməz, lakin digər təfədən buna adi bir hadisə kimi də baxmaq olmaz.
Keçmiş Britaniya naziri bu qənaətdədir ki, Türkiyədə keçirilmiş refrendum və onun nəticəsi bütün dünyada baş verməkdə olan müəyyən təbəddülatları əks etdirir.
Hague yazır ki, "siyasi millətçilik yenə də yüksəlişdədir, çünki qlobalizm, terror və miqrant axını kimi faktorlar adamları güclü, hətta lap proqnozlaşdırılmayan liderlərə üz tutmağa sövq edir və bu mənada Birləşmiş Ştatlara baxmaq kifayətdir".
Bu həm də onu göstərir ki, informasiya əsrinin sübh şəfəqləri liberal demokratiyaya təntənə qazandıra bilməyib. Əksinə avtoritarlıq sosial medianın imkanlarından daha mütəşəkkil və daha tədbirli istifadə edir.
William Hague yazır ki, Türkiyənin insan haqları və demokratiyada Avropa standartlarından getdikcə uzaqlaşması Avropa İttifaqının özünün cazibəsini itirməsindən xəbər verir.
Avropanın cazibəsi öləzidikcə, Çin və onun İpək Yolu layihəsi daha cazibəli görünür.
"İndi artıq heç də bütün yollar Qərbə aparımır" - yazır Hague.
Keçmiş nazirin fikrincə, Avropanın Türkiyə ilə düzgün olmayan kollektiv rəftarsızlığı faciəvi nəticələr verib. Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi illərlə Avropa paytaxtlarında, xüsusən də Paris, Afina və Nikosiyada əngəllənib.
Hague-in fikrincə, məhz buna görə də Türkiyə referendumuna təkcə türklərin öz qərarı kimi yox, həm də bu ölkənin xaricindəki dünyanın iflası kimi baxılmalıdır.
Hague yazır ki, Türkiyədəki referendumdan sonra da bu ölkə Avropa üçün mühüm müttəfiq olaraq qalacaq və elə buna görə də Ankaraya arxa çevirilməməlidir.
"Türklər öz talelərini bir adama həvalə ediblər. Biz britaniyalılar heç vaxt belə bir şeyə yol verməzdik. Amma buna baxmayaraq, bizim yenə də Türkiyə ilə ortaq cəhətlərimiz çoxdur. Biz bu həftə onlar üçün kədərlənməliyik, lakin eyni zamanda ticarətimizi, müttəfiqliyimizi, anlaşma və dostluğumuzu da onlar üçün açıq saxlamalıyıq" - yazır Hague (BBC).