Elxan Şahinoğlu: "Vaşinqton və London Mahmud Əhmədinejadın bir daha prezident kürsüsünə qayıtmasını istəmir”
İranda keçiriləcək prezident seçkilərinə bir aya yaxın müddət qalır. 2005-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş Mahmud Əhmədinejadın namizəd kimi qeydə alınması seçki marafonunu qızışdırıb.
Sabiq prezidentin yenidən iddiaçı olmasına mövqelər heç də birmənalı deyil. Prezidentliyi dönəmində Qərblə münasibətləri kəskin şəkildə pisləşdirən və hətta müharibə təhlükəsinə qədər aparan M.Əhmədinejadın namizədliyinə Avropadan reaksiyalar gəlməyə başlayıb. Artıq Qərb dairələrinin onun namizədliyinin qeydə alınmasından sonra hərəkətə keçdiyini də demək mümkündür. Belə ki, Britaniya kəşfiyyatı - Mİ6 və Birləşmiş Ştatlar İran seçkiləri ilə bağlı fəaliyyətə başladıqları və hətta Mİ6-nin seçkilərin nəticələrinə barmaq uzatması ilə bağlı xəbərlər dünya mediasında dolaşmağa başlayıb. Strateq.az-ın məlumatına görə, mühafizəkar "Raja News” portalının baş redaktoru Əli Nadiri Əhmədinejadın qeydiyyatını twitter-də "Britaniya kəşfiyyatının 2017-ci il seçkilərindəki mürəkkəb siyasi oyunlarının ünsürlərindən biri” adlandırıb.
Bu bəyanatın əsası var. ABŞ İslam respublikasında ictimai asayişi pozmaq niyyətləri haqda artıq birbaşa siqnallar verir. Donald Trampın seçkiqabağı kampaniya zamanı xarici siyasət üzrə müşaviri Valid Fares mənzil qərargahı Londonda qərarlaşmış "Asharq al-Awsat” beynəlxalq ərəb qəzetinə müsahibədə Ağ Evin planlarından xəbər verib. O bildirib: "ABŞ İranın ərəb dünyasındakı ekspansiyasını tezliklə dayandıracaq. Ümid etməyə əsas var ki, müxalifət İranda 2009-cu ildəkindən daha geniş etiraz aksiyaları təşkil edəcək”.
Politoloq Elxan Şahinoğlu Böyük Britaniyanın İrandakı seçkilərdə barmağının olacağını istisna etmir: "Böyük Britaniyanın İranda daima maraqları olub və indi də var. Böyük Britaniyanın və dünyanın ən böyük neft şirkətlərindən biri sayılan BP-nin yaranış tarixi də İrandan başlayır. Ona görə istisna etmirəm ki, Londonun İrandakı prezident seçkisində hər hansı marağı olsun. Qərb, o cümlədən London İrandakı seçkidə mühafizəkarların qələbəsində maraqlı deyil. Bu qələbədənsə Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsində maraqlıdırlar. Çünki məhz Həsən Ruhaninin dövründə nüvə anlaşması imzalandı, beynəlxalq aləm gərgin təlatümdən qurtardı. 6-7 il əvvəl gündəmin əsas narahatedici mövzusu Suriya deyildi, İran və bu ölkənin nüvə proqramı idi. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi müzakirə predmeti idi. Bu mövzuya yalnız Həsən Ruhaninin prezident seçilməsi ilə son qoyuldu. Çünki keçmiş prezident Mahmud Əhmədinejatddan fərqli olaraq Həsən Ruhani Amerika ilə ümumi dil tapa bildi. Ona görə də Qərb dünyası, o cümlədən Vaşinqton və London Mahmud Əhmədinejadın bir daha prezident kürsüsünə qayıtmasını istəmirlər. Onun yenidən prezident seçilməsi İranın yenidən nüvə çalışmalarına başlaması təhlükəsi yaradacaq. Bu isə Qərb dünyası üçün növbəti başağrısı deməkdir. Ona görə də Qərb əlindən gələni edəcək ki, İranda Əhmədinejad və ya onun kimi düşünən birisi prezident seçilməsin”.
Politoloq dedi ki, İranda prezident seçkilərində sürprizlər az olmayıb: "İranda müstəqil rəy sorğuları keçirilmədiyinə görə kimin prezident seçiləcəyini proqnozlaşdırmaq çətindir. Məsələn, 1990-cı illərin sonlarında parlamentin keçmiş sədri Natiq Nuri ilə keçmiş mədəniyyət naziri Məhəmməd Xatəmi arasında mübarizə gedirdi. Çoxları deyirdi ki, Natiq Nuri prezident seçiləcək. Ancaq nəticə fərqli oldu, çoxlarının gözləmədiyi halda Məhəmməd Xatəmi prezident seçildi və ikinci seçkidə də kürsüsünü qorudu. Bu mənada may ayndakı seçkidə də prezidentin kim olacağını proqnozlaşdırmaq çətindir. Belə fikirlər var ki, İran əhalisi islahatların dərinləşməsini istəyir, əhalinin əksər hissəsi də gəncdir və onlar yenilikdə maraqlıdırlar. Yəni bu məntiqdən çıxış edərək Həsən Ruhaninin öz kürsüsünü qoruyacağı proqnozlaşdırılır. Ancaq yenə də keçmiş illərdə olduğu kimi, bu proqnoz da səhv çıxa bilər. İranda qərarı iki əsas mərkəz - ali dini lider və İslam Keşikçilərinin generalları verirlər. Onların istəyi xaricində kimsənin prezident seçilməsi çətindir. Bu iki qüvvə mühafizəkar olsa da, bəzən prezident kürsüsünü şərti adı liberallar olan kəsimin namizədinə peşkəş edirlər. Çünki bilirlər ki, prezident hər istədiyini həyata keçirə bilməz, dini liderin cızdığı ”qırmızı cizgini" aşa bilməz. Mühafizəkar mərkəzlər islahatçı düşüncəli siyasətçinin prezident seçilməsinə ona görə mane olmurlar ki, Qərblə əməkdaşlığı davam etdirə bilsinlər və sanksiyaların yumşalmasına nail olsunlar".
E.Şahinoğlu Azərbaycan üçün hansı tipli şəxsin İran prezidenti seçilməsinin vacibliyindən də söz açdı: "Qərb kimi Azərbaycan da İranda şərti adı islahatçı olan kəsimin nümayəndəsinin prezident seçilməsini istəyir. Məsələn, elə indiki prezident Həsən Ruhaninin vəzifəsinə davam etməsi rəsmi Bakının maraqlarına cavab verir. Təəssüf ki, Tehran Ermənistan siyasətini dəyişdirmir, əvvəlki tək işğalçı dövlətlə əlaqələrinə davam edirlər və bu amil haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur. Ancaq bu siyasəti dəyişmək İran prezidentinin əlində deyil. Bu siyasətin dəyişməsi üçün də ali dini liderin xeyir-duası lazımdır. Bu siyasətin dəyişməsi üçün biz də fəal olmalıyıq. Məsələn, İranda yaşayan azərbaycanlılarla dialoq genişləndirmək, qonşu dövlətlə vizanı ortadan qaldırmaq lazımdır. Elə etmək lazımdır ki, İranla Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri, regional layihələrin sayı daha çox olsun ki, son nəticədə bu, Tehranın Ermənistanla bağlı xarici siyasətinə də təsir etsin. Məsələn, İran-Azərbaycan hökumətlərarası komissiyasının İrandan olan həmsədri Mahmud Vaezinin fəaliyyətini müsbət qiymətləndirirəm. Onun prezident Həsən Ruhaninin yanında nüfuzu böyükdür. Bu imkandan da istifadə etmək lazımdır”.