Müalicə olunmaq istəməyən psixoloji xəstəni... nə etməli?

15 yaşlı qızını öldürən atanın timsalında ilginc faktlar

 Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də Xırdalanda 15 yaşlı qızı Aygün Cabbarovanı xüsusi amansızlıqla işgəncə verərək öldürməkdə təqsirləndirilən atanın hekayəsidir. Ağdam rayon sakini, 1962-ci il təvəllüdlü Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses zamanı qatil ata ifadəsində bildirib ki, hadisə zamanı şokda olub: "Mən Bakıya necə gəldiyimi də bilmirəm. Ağdamda yaşayırdım. Ötən il aprel döyüşləri zamanı kənddə idim. Atılan qranatlar düz 200 metr yaxınlığıma düşüb. Ondan sonra başımda problemlər var. Vallah, heç bilmirəm ki, Bakıya necə gəlmişəm. Qızı da götürüb gəlmişdim”.

Məhkəmədə şahid qismində Zəhra Əliyarova dindirilib. O bildirib ki, təqsirləndirilən şəxs qardaşıdır: "Aprel döyüşlərində qardaşımız başından xəsarət alıb. Burda məscidlərə apardıq. Gördük düzəlmir. Daha sonra həkimin yanına apardıq. Dərmanlarını aldıq. Müalicə alırdı. 3-4 ay idi, bizlə qalırdı. Qızlar istəyirdi ki, rayona qayıtsınlar. Nəsib qoymurdu. Deyirdi, uşaqlar gedəcək, ermənilər onları öldürəcək. Hadisədən 2 gün qabaq dərmanları qurtarmışdı. Qızlar da paltarlarını yığmışdı. Səhər tezdən qardaşımla yemək yedik. Qəribə idi. Mən evdən çıxıb mağazaya getdim. Həmin vaxt olub hadisə. Girib qızı öldürüb. Amma qızını namus üstündə öldürməsi yalandır. Qardaşımın başında problemləri olub. Hətta bizə gələndə deyirdi ki, mən bu yolu tanıyıram, indi başqa yoldan gəlir. Onda bildim ki, qardaşımda ciddi problemlər var”.


Həm təqsirləndirilən şəxsin, həm də yaxınlarının ifadəsindən belə məlum olur ki, adamın ciddi psixoloji problemləri olsa da, normal şəkildə müalicə olunmayıb, kurs müalicəsi götürməyib. Əvəzində pirlərə, ziyarətgahlara aparılıb. Nəticə isə göz qabağındadır: 15 yaşlı məsum bir qızcığazın qətli. Amma burada çox daha maraqlı məqamlar var. Qanunla bu şəxs məcburi şəkildə müalicə olunmalıdırmı? Onu kimin şikayəti əsasında məcburi şəkildə müalicəyə apara bilərlər? Bu işin forması, qanunla tənzimlənməsi necədir?


Psixiatr Orxan Fərəcli bildirdi ki, "Psixiatriya yardımı haqqında” Qanuna əsasən şəxs aşağıdakı hallarda məcburi, yəni, məhkəmə qaydasında xəstəxanaya yerləşdirilə bilər:"Özü və ətrafdakılar üçün təhlükəlidirsə, psixi vəziyyəti ilə əlaqədar öz tələbatlarını ödəyə bilmirsə və əlavə olaraq ona psixi yardım göstərilmədiyi halda həyatı üçün təhlükə yaranarsa, şəxsi psixiatriya xəstəxanasına yerləşdirmək olar. Amma bu, məcburi müalicə adlanmır. Məcburi müalicə cinayət edən ruhi xəstələrə tətbiq edilir. Buna qeyri-könüllü hospitallaşdırma deyilir”.


Əməkdaşımızın "cinayət ehtimalı olan xəstələri məcburi hospitallaşdırmaq olmaz” sualına cavabda isə O.Fərəcli dedi ki, bu da mümkündür: "Qanunda qeyd edilib ki, özü və ətrafı üçün təhlükəli olan xəstələr məhkəmə qaydasında xəstəxanaya yerləşdirilə bilər. Sadəcə, kimin təhlükəli olduğunu əvvəlcədən müəyyən etmək çox çətindir”.


İndi isə qanundakı bəzi məqamlara diqqət edək. Belə ki, qanunun 5-ci, yəni "Psixiatriya yardımının könüllülüyü” maddəsində qeyd olunur ki, şəxsin özü müraciət etdikdə, ona psixiatriya yardımı göstərilir. Bundan başqa, 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə psixiatriya yardımı onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı (xahişi) ilə bu qanunla nəzərdə tutulmuş qaydada göstərilir. Sözügedən maddədə o da bildirilir ki, psixiatriya yardımı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Bu razılıq hədə-qorxu və zor tətbiq edilmədən alınır, yazılı formada sənədləşdirilir, pasiyentin özü və ya onun qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.


Qanunun 11-ci maddəsinə diqqət edək. Bu isə qeyri-könüllü psixiatriya yardımı göstərilməsi üçün əsaslar adlanır. Burda da qeyd olunur ki, psixi pozuntunun xarakteri müayinə və müalicənin yalnız psixiatriya stasionarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarında qeyri-könüllü müalicə aşağıdakı əsaslar olduqda təyin edilir:1.Psixi pozuntusu olan şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması; 2. Şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyati tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması; 3. Ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi. 4. Psixiatriya stasionarında qeyri-könüllü hospitallaşdırılmış pasiyentin müalicəsi məlumatlandırılmış razılıq olmadan aparıla bilər.




[email protected]